Stop-xətt nədir? Yollarda bu nişanlanma xəttinin tətbiqi niyə vacibdir? - AÇIQLAMA

Sürücülərin stop-xətlərin tətbiqi və cərimələrin yazılması ilə bağlı narazılıqları son vaxtlar gündəmdədir. Xüsusilə paytaxtətrafı ərazilərdə və bölgələrdə bəzi küçələrdə stop-xəttin ümumiyyətlə olmaması sürücülər arasında suallar yaradır. Belə yerlərdə ya işıqfor yaxınlığında stop-xəttin boyası silinib, ya da bu xətt ümumiyyətlə çəkilməyib. Digər tərəfdən son dövrlərdə təmiri bitən yeni yollarda da bu cür xətlərin çəkilməməsi müəyyən problemlərə gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, sürücülər bəzi hallarda piyada keçidinə iki neçə metr qalmış dayansalar belə, cərimə ilə üzləşdiklərini bildirirlər. Bəs stop-xətt olmayan küçələrdə sürücülər onu keçib-keçmədiyini necə müəyyən edə bilər və belə hallarda cərimə tətbiqi nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elmeddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, işıqforla tənzimlənən piyada keçidləri və digər müvafiq keçidlər mütləq stop-xətlə təmin olunmalıdır:

"Sürücülər üçün aydın şərait yaradılmalıdır ki, piyada keçidinə qədər hansı məsafədə dayanmalı olduqlarını dəqiq bilsinlər. Təəssüf ki, hazırda Bakının özündə, paytaxtətrafı ərazilərdə, Sumqayıtda və digər bölgələrdə bu istiqamətdə problemlər yaşanır. Bəzi yerlərdə stop-xətt ümumiyyətlə silinib, bəzi ərazilərdə isə piyada keçidi çəkilib, lakin stop-xətt yoxdur. Belə hallarda sürücülər avtomobili hansı məsafədə saxlamalı olduqlarını dəqiq müəyyən edə bilmirlər və nəticədə cərimələnirlər. Xüsusilə kameralar vasitəsilə tətbiq olunan cərimələr sürücülər arasında narazılıq yaradır. Sürücülər üçün belə qeyri-müəyyən şərait yaradılmamalıdır. Çaşdırıcı məqamlar olmamalı, yol hərəkəti iştirakçıları üçün aydın şərait təmin edilməlidir ki, sürücü avtomobili harada və nə vaxt saxlamalı olduğunu dəqiq bilsin. Bununla yanaşı, piyada təhlükəsizliyinin də tam təmin olunması vacibdir".
Hüquqşünas Ərşad Hüseynovun fikrincə isə, əvvəlcə ondan başlamaq lazımdır ki, “stop-xətt” nədir?

"Bu xətt 1.12 nişanlanma xəttidir. Bu xəttin digər bütün yol nişanları və nişanlanma xətləri kimi, tətbiq qaydaları və standartları var. Hazırda qüvvədə olan standartlara və yol hərəkəti qaydalarına əsasən, stop-xətt bir neçə halda tətbiq oluna bilər. Birinci halda, svetoforla nizamlanan yol hərəkəti sahələrində, svetoforun qarşısında tətbiq olunur. Bu zaman stop-xətt sürücünün svetoforun qadağanedici siqnalı yandıqda dayanmalı olduğu yeri göstərir.
İkinci halda, svetofor olmayan bəzi yol hərəkəti sahələrində 2.5 nişanı – “Dayanmadan keçmək qadağandır” nişanı olan yerlərdə tətbiq edilir. Belə yerlərdə stop-xətt elə çəkilməlidir ki, sürücü xəttin qarşısında dayandıqda əsas yoldan gələn nəqliyyat vasitələrini sağda və solda rahat şəkildə görə bilsin. Yəni, sürücü məhdud görünüşlü sahədən çıxaraq dayanmalı və yolun hər iki istiqamətini nəzarətdə saxlaya bilməlidir. Üçüncü tətbiq variantı dəmiryol keçidləridir. Dəmiryol keçidlərində xüsusi svetofor və ya 2.5 nişanı ola bilər. Hər iki halda stop-xəttin tətbiqi nəzərdə tutulur. Qatarın yaxınlaşdığı və dəmiryoluna daxil olmağın qadağan edildiyi hallarda stop-xətt sürücünün dayanmalı olduğu yeri göstərir. Stop-xətt tətbiqi zamanı onun yerləşdirilməsi ilə bağlı da müəyyən standartlar mövcuddur".
Hüquqşünas qeyd edib ki, svetoforun qarşısında stop-xətt svetoforun dayağından müəyyən məsafədə, konkret yol şəraiti nəzərə alınmaqla yerləşdirilir:

"Əsas məqsəd odur ki, sürücü stop-xəttin qarşısında dayandıqda svetoforun siqnallarını rahat şəkildə görə bilsin. Məsələn, svetofor yolun sağ tərəfindəki dirəkdə yerləşirsə, stop-xətt dirəyə nisbətən daha yaxın ola bilər. Svetofor yuxarıdan asılıbsa, stop-xətt bir qədər daha geridə yerləşdirilə bilər ki, dayanmış sürücünün svetoforun siqnalını görməsinə maneə yaranmasın. Piyada keçidi də nəzərə alınmalıdır. Stop-xətt elə yerləşdirilməlidir ki, sürücü qarşısında dayandıqda piyada keçidinin üzərinə çıxmasın və həm piyadaların, həm də yol şəraitinin görünüşünə maneə yaratmasın. 2.5 nişanının olduğu, svetoforsuz sahələrdə isə stop-xətt nişanın qarşısında və ya arxasında yerləşdirilə bilər. Burada əsas məqsəd sürücünün stop xəttində dayandıqdan sonra sağ və sol istiqamətlərdə yolu kifayət qədər yaxşı görə bilməsidir. Bəzən nişanın yerləşdirilməsi üçün yol şəraiti uyğun olmadığından nişan bir qədər geridə qala, stop-xətt isə sürücünün daha yaxşı görünüş əldə etməsi üçün nişandan irəlidə çəkilə bilər. Dəmiryol keçidlərində də stop-xəttin yerləşdirilməsi ilə bağlı xüsusi tələblər var. Stop-xətt ən minimal halda belə, dəmiryol keçidinin birinci relsindən ən azı 10 metr məsafədə olmalıdır. Ərazidə şlaqbaum, svetofor və digər qurğular varsa, onların yerləşməsi də nəzərə alınaraq stop-xəttin yeri müəyyən edilir. Yəni, hər üç halda – svetofor qarşısında, 2.5 nişanının olduğu yol sahələrində və dəmiryol keçidlərində – stop-xəttin əsas məqsədi sürücünün təhlükəsiz və düzgün yerdə dayanmasını təmin etmək, eyni zamanda onun yol şəraitini və müvafiq siqnalları rahat görməsinə imkan yaratmaqdır".
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.
Müəllif: Fatimə Dadaşova
Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır - FOTO
Bu yolda hər an qəza baş verə bilər: Nişanlar görünmür - VİDEO
Bakıda bu küçələrdəki "zebra"lar yenilənəcək - RƏSMİ
Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: AYNA iddialara cavab verdi - VİDEO
Nizamidə ağaclar "Yol ver" nişanının qarşısını kəsən ağaclar bundandı – FOTO - VİDEO
Xırdalanda təhlükəli piyada keçidləri: Aidiyyəti qurumlar nəyi gözləyir? - VİDEO
Yasamala quraşdırılmış bu nişana heç kim əməl etmir: Səbəbi budur - VİDEO
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO
STOP nişanına indi süni intellektlə nəzarət ediləcək - FOTO - VİDEO
Yolu bağladılar, amma nişanı götürmək yaddan çıxdı - VİDEO
Mehdiabadın mərkəzi yolunda sürücülər və piyadalar taleyin ümidinə qalıb - VİDEO










