Minik avtomobilinə vurulan yükə görə sürücü hansı halda cərimə edilə bilər – AÇIQLAMA - FOTO

Sürücülər arasında bəzən belə bir fikir formalaşır ki, avtomobilin yük hissəsinə nə qədər istəsələr yük vura bilərlər.
Avtosfer.az xəbər verir ki, reallıqda bu nə texniki baxımdan təhlükəsiz, nə də qanunla sərbəst şəkildə icazə verilən bir haldır.
Avtomobilin arxa hissəsinin yerə doğru yatması, görünüşə mənfi təsir etməklə yanaşı, həm də yol hərəkəti qaydalarının pozulması hesab oluna bilər. Bəs avtomobilə yük yükləyərkən hansı çəki limiti gözlənilməlidir? Yükün görünüşə təsiri cərimə ilə nəticələnə bilərmi?

Məsələ ilə bağlı avtomobil eksperti Eldəniz Cəfərov saytımıza bildirib ki, hər bir avtomobilin istehsalçı tərəfindən müəyyən olunmuş yükdaşıma limiti mövcuddur".
"Bu limit avtomobilin texniki pasportunda (texniki göstəricilər hissəsində) açıq şəkildə göstərilir. Yükdaşıma qabiliyyəti dedikdə, avtomobilin öz çəkisinə əlavə olaraq daşıya biləcəyi maksimum çəki nəzərdə tutulur. Avtomobilin arxa hissəsinin görünüş etibarı ilə aşağıya doğru əyilməsi sürücülər arasında “yatmaq” deyə ifadə olunan hal, bəzi hallarda vizual olaraq problemli görünsə də, bu, avtomobilin ümumi yük limitini keçməyibsə, qanun pozuntusu hesab edilmir. Əsas meyar yükün görünüşə deyil, çəkiyə görə qiymətləndirilməsidir".
Ekspert qeyd edib ki, əgər yük avtomobilin texniki yük limitini keçirsə, bu artıq hüquqi məsuliyyət yaradır və yol hərəkəti haqqında qanunvericiliyə əsasən, sürücü inzibati məsuliyyətə cəlb edilə bilər. Bu cür hallar həm yol təhlükəsizliyi üçün risk yaradır, həm də avtomobilin texniki vəziyyətinə ciddi zərər vura bilər.
Qeyd edək ki, qaydaları bu cür pozan sürücülərin törətdiyi əməl inzibati xəta hesab edilir və qanunvericilik əsasında həmin şəxslərə cərimə nəzərdə tutulur.
Fidan














