Banner

Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?

Avtoxəbər 29 Oktyabr 2026 13:00
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
WhatsApp kanalımıza abunə olun

Bir neçə gün əvvəl “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” ictimailəşdirilib. Strategiyada bir çox müsbət məqam olsa da, əksəriyyətin diqqəti dizel avtomobillər məsələsinə yönəlib. Doğrudur, burada sosial şəbəkələrdə və bəızi media qurumlarında yayılan “Dizel mühərrikli avtomobillər qadağan edilir” tipdə xəbərlər də az rol oynamadı. Bəs reallıqda hansısa sərt qadağa varmı, yaxud belə bir qadağaya ehtiyac varmı?

Əslində rəsmi olaraq hazıda Dizel mühərrikli avtomobillərin istismarına dair heç bir rəsmi qadağa yoxdur. Nasaz avtomobillərin istismarına tətbiq edilən məhdudiyyətlər tamamilə başqa söhbətin mövzusudur. Ümumilikdə isə hansısa qadağaya ehtiyac da yoxdur. Yaxın illərə nəzər salsaq.

Təxminən 10 il əvvələdək Bakıdakı minik avtomobillərinin böyük hissəsi, taksilərin isə kiçik istisnalarla hamısı ağır yanacaqla işləyirdi. Sonradan onların yerini qazla da işləyə bilən “Khazar” avtomobilləri və hibrid “Toyota Prius”lar tutdu (bir haşiyə çıxaq ki “Prius”un mənfi reputasiyaya malik olması sırf Bakı üçün spesifik olub yaponiyalı istehsalçıya aidiyyəti yoxdur). 

Daha ucuz istismar xərci olan avtomobillərin gəlişi ilə ağır Dizel mühərrikli avtomobillər taksi xidmətindən kənarlaşdı. Bu, sürücülərin və daşıyıcı şirkətlərin təbii seçimi idi və hər hansı kənar müdaxilə ilə baş vermədi. Son 3 ildə isə taksi parkında hibridlər kütləviləşib, elektromobillərin sayı ləng də olsa artır. Bir sözlə, proses öz axarı ilə gedir və hansısa xüsusi tənzimləməyə ehtiyac qalmır. 

Bu məsələdə utilizasiyanın müsbət rolu da danılmazdır. 2 il ərzində 40 mindən çox avtomobil təhvil alınıb ki, bunlarında mütləq əksəriyyətini VAZ və “Mercedes”lər təşkil edir. “Mercedes”lərin böyük əksəriyyətinin dizellə hərəkətə gəldiyini nəzərə alsaq deyə bilərik ki, əhali özü könüllü şəkildə bu mühərrikdən imtina edir. Sevindirici haldır ki, Rusiyadakı birinci utilizasiya proqramı zamanı (2010-cu il) rast gəlinən məhkəmə çəkişmələri və cinayətlərə Azərbaycanda rast gəlinmir. 

Bu kontekstdən çıxış edərək əminliklə deyə bilərik ki, əhali elə 2035-ci ilədək köhnə, ekoloji normalara cavab verməyən texnikadan özü uzaqlaşacaq və hər hansı inzibati müdaxiləyə ehtiyac qalmayacaq. Bir sözlə, seçim imkanları artdığı üçün bazar özü özünü tənzimləyir.

Vüqar

Oxunub : 132
ŞƏRH YAZ
Ad

E-mail

Şərh