Banner

Qonşular arasında SİLAHLI İNSİDENT

Hadisə 3 Yanvar 2025 22:57 Oxunub 352
Qonşular arasında SİLAHLI İNSİDENT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmir rayonunda 1988-ci il təvəllüdlü Xalid Abdullayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1986-cı il təvəllüdlü Rüstəm Məmmədovun yaşadığı evə gələrək ona odlu silahdan atəş açıb.

Avtosfer.az "Demokrat.az"a istinadən məlumat verir ki, hadisə 20 iyun 2024-cü ildə, gecə saat 00:10-da Kürdəmir rayonunun Carlı kəndində baş verib.

Xalid həmin kənddə yaşayan tanışı Rüstəm ilə telefonla danışarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, sonuncunun yaşadığı evin həyətyanı sahəsində özü ilə gətirdiyi ov tüfəngindən iki dəfə atəş açaraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əziyyət çəkib barama saxlayıblar, axırda da Rüstəm çörəklərini kəsib və vuraraq dişlərini töküb: "Rüstəm evdən apardığı taxtaları mənə verməli idi. Belə götürəndə, Rüstəmin etdiyi cinayət mənim etdiyim cinayətin yanında daha ağırdır. Rüstəmin mənim dişlərimi qırması ilə bağlı polis şöbəsinə müraciət etməmişəm".

Təqsirləndirilən şəxs bildirib ki, Rüstəmi vurduğu ov tüfəngi çoxdan onda olub: "Rüstəmi 20 iyun 2024-cü ildə, saat 00:10-da Kürdəmir rayonunun Carlı kəndində öz həyətində vurmuşam. Rüstəmlə qonşuluqda yaşamışıq. Gündüz saat 18 radələrində Rüstəmə zəng edərək taxtalarımı istədim. Rüstəm isə taxtaları verməyəcəyini deyərək məni və ailəmi təhqir etdi. Bundan sonra Rüstəmgilə gedərək onu çağırdım. Lakin Rüstəm evdə olmadı. Sonra isə axşam yenidən Rüstəmgilə getdim. O, həyətə düşdükdən sonra silahdan atəş açaraq onu vurdum. Rüstəmi öldürmək fikrim olmayıb. O, evlərində tək qalıb, ondan başqa evlərində kimsə yaşamayıb. Atəş açmamışdan əvvəl Rüstəm heyva ağacının altına düşdü. Ona silahı tuşlayaraq "vuraram" dedim. Rüstəm isə vurmayana söyəcəyini dedi. Rüstəmə iki atəş açdım. Hər iki atəşi Rüstəmin ayaq nahiyəsinə açmışam. Birinci dəfə Rüstəmi çağırmağa gedəndə də əlimdə silah olub. Həmin vaxt Rüstəm evdə olsaydı vuracaqdım".

İş üzrə zərərçəkmiş Rüstəmin sözlərinə görə, Xalidlə qonşuluqda yaşayır və onunla münasibətləri normal olub: "1 may 2024-cü ildə Xalidlə birlikdə evimdə barama saxlamağa başladıq. Biz hər gün saat 6-dan axşam saat 20 radələrinədək baramaya qulluq etmişik. May ayının ortalarında Xalidə Kür çayının sel ilə gətirdiyi taxtaların yığıldığı bir yer tanıdığımı, ona taxtaları gətirərək baramalar üçün yer hazırlamaqda kömək etməsini və məhsulu satdıqdan sonra isə taxtaları yarı böləcəyimizi dedim. Xalid də mənimlə razılaşdı və arabam ilə gedib taxtaları gətirərək baramalar üçün yer düzəltdik. Həmin ilin iyun ayının 10-da Xalidin yanında kiloqramı 15 manatdan ümumi 35 kiloqram baramanı satdıq. Alıcılar getdikdən sonra Xalidə baramanın kiloqramını aramızda 14 manatdan böləcəyimi, hər kiloqramda 1 manat pulu alıcını tapan şəxsə verəcəyimi bildirdim. Xalid də bu barədə mənimlə razılaşdı. Bundan 3-4 gün sonra həyətdə Xalidlə yeyib içərkən, o, məndən özünü niyə aldatmağımı soruşdu. Mən də onu aldatmadığımı, 35 manat pulu barama alıcısını tapan şəxsə verdiyimi bildirdim. Xalid də yalan danışdığımı deyərək ünvanıma nalayiq söyüşlər söydü".

Rüstəmin ifadəsinə görə, iyunun 19-da, saat 19 radələrində kənd ərazisində olarkən Xalid ona zəng edərək baramanın artıq qurtardığını və qayıq düzəldə bilməsi üçün payına düşən taxtaları verməsini bildirib: "Mən də ona baramanın artıq qurtardığını, lakin evi təmizləmədiyimi və nə vaxt evi təmizləsəm, o zaman taxtaları verəcəyimi bildirdim. Xalid də söyüş söyərək taxtaları məndən alacağını və gəlib tüfənglə məni vuracağını bildirdi. Bundan sonra evə gəldim, işlək olmayan avtomobilimdə oturaraq həm telefonla danışdım, həm də Xalidin gəlməsini gözlədim. Təxminən 1 saat sonra qardaşım Elnurgilin yaşayış olmayan evinə gedərkən Xalid əlində tüfənglə ağacın arxasından qarşıma çıxdı. O, tüfəngi mənə tərəf tuşladıqda, mən sağ əlim ilə silahı kənara itələdim və silahdan atəş açıldı. Təpiklə Xalidin diz nahiyəsinə vurdum. Bu zaman Xalid təkrar atəş edərək ayağımdan vurdu. Bundan sonra mən qaçaraq həyətdən çıxdım. Xalidin təkrar məni vurmasından qorxdum, evin arxasına keçdim. Bir müddət sonra isə özümdən getdim. Lakin xəstəxanada öyrəndim ki, silah səsinə gələn kənd camaatı məni xəstəxanaya gətirib".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xalid 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh