
34-cü metropolitenin birinci vaqonu - 1001-DƏN 001-Ə - FOTO

Bakı Metropoliteni ənənəsinə sadiq qalaraq retro vaqonları İçərişəhər stansiyasında nümayiş etdirir.
Stansiyada olarkən həmişəki kimi bu vaqonların ciddi maraq doğurduğunun şahidi olduq. Ən ciddi maraq təbii olaraq A tipli vaqonadır. Yəni, Bakı Metropoliteninin birinci vaqonuna.
Avtosfer.az xəbər verir ki, A tipli vaqonlar Moskvada Mıtişi Vaqonqayırma Zavodunda 1934-1939-cu illərdə istehsal olunub. 1935-ci ildə istismara verilən Moskva metrosu da sərnişin daşımağa bu vaqonlarla start verib. 1951-ci ilədək Moskva Metropoliteninin əsas inventarı olan A tipli vaqonlar tədricən xətdən çıxarılsa da, Arbat-Pokrovsk xəttində istismar 1975-ci ilədək davam edib.
1951-ci ildən etibarən xətdən çıxarılan vaqonların bir qismi doğranır, az bir hissəsi isə depolarda saxlanılır. Moskva metrosunun 1001 nömrəli yedək vaqonu isə hələ o dövrdə layihələndirilən Bakı metropoliteninə yolölçən maşın qismində (şəkli Gənclik metrosundakı keçiddə var) göndərilir. Bu zaman vaqonun nömrəsi 1001-dən 001-ə dəyişdirilir. 2017-ci ildə vaqon bərpa edilərək orijinal görkəminə qaytarılılr və hər il xüsusi günlərdə nümayişə çıxarılır. Əslində bir Şərq ölkəsi üçün 1001 daha maraqlı rəqəmdir, lakin metro vaqonlarının numerasiya prinsipləri məşhur nağıldakı kimi deyil.
A tipli vaqonlar 4 il ərzində 111 ədəd istehsal olunub. Onlardan 3 ədədi Moskva, 1 ədədi isə Bakı metropolitenində retro vaqon kimi qorunur. Bu vaqonlardan başqa şəhərlərdə istifadə edilməyib.
Stansiyada Bakı Metropolitenində xidmət etmiş digər vaqonlar da nümayiş etdirilir. Bunlar artıq şəhərimizin nəqliyyat tarixidir. Bu vaqonlar həm də SSRİ-də 1950-ci illərin ortalarında bütün sahələrdə başlayan geriləmənin tarixi şahididir. Təsəvvür edin, 30-cu illərin vaqonunda oturacaqlar divandan fərqlənmir. Salonun dizaynı, işqlandırılması yüksək səviyyədədir. 50-ci illərdən sonra isə bu oturacaqlar “antivandal” oturacaqlarla əvəzlənir. Yəni, taxtanın üzərinə dermatin yapışdırılır, vəssalam.
Hazırda İçərişəhərdə sərgilənən qatarlardan biri Stalin, digəri Xruşov, üçüncüsü isə Brejnev dövrünün layihəsi və istehsalıdır. Brejnevdən sonra gələn 3 rəhbərin dövründə yeni qatarlar layihələndirilməyib (daha doğrusu istehsala tətbiq edilməyib).
30-cu illərdə hazırlanmış vaqonun salamat qalmış 1 nüsxəsinin paytaxtımızda olması fərəhləndirici haldır. Arzu edərdik ki, bu vaqon il boyu nümayiş olunsun. Dünyada 34-cü, Şərqdə və Türk dünyasında ilk yeraltı nəqliyyat sistemi olan Bakı Metropoliteninin muzeyi təşkil edilərsə, kifayət qədər ziyarətçi cəlb etmək mümkündür. Bu həm metropolitenə faydalı olar, həm də turizmin inkişafına töhfə verər. Ən əsası yeni iş yerləri yaranar.
Vüqar Yaşaroğlu