Banner

Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA

Maraqlı 14 Sentyabr 2026 14:30
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə olun

Avtomatik transmissiyalı avtomobillərdə sürət qutusunun üzərində yerləşən və bir çox sürücünün funksiyasını bilmədiyi O/D düyməsi transmissiyanın ən yüksək ötürmədən istifadə edib-etməyəcəyini müəyyənləşdirir. Bu funksiyadan düzgün istifadə xüsusilə uzun yolda mühərrikin dövrlərinə və yanacaq sərfiyyatına təsir göstərə bilər.

Avtosfer.az xəbər verir ki, O/D “Overdrive” sözünün qısaltmasıdır. Sistem aktiv olduqda avtomobil uyğun sürət və yük şəraitində ən yüksək ötürməyə keçə bilir. Bu zaman sabit və yüksək sürətlə hərəkət edərkən mühərrik daha aşağı dövrlə işləyir. Nəticədə yanacaq sərfiyyatının və mühərrik səsinin azalmasına kömək edə bilər.

O/D düyməsi nə üçün istifadə olunur?

Overdrive əsasən mühərrikin dövrlərini azaltmaq üçün nəzərdə tutulmuş sistemdir. Xüsusilə magistral və avtomobil yollarında sabit sürətlə hərəkət zamanı daha yüksək ötürmədən istifadə etməyə imkan verir. Avtomobil uyğun sürətə və yük şəraitinə çatdıqda transmissiya ən yüksək ötürməyə keçir və eyni sürətdə mühərrik daha aşağı dövrlə işləyir.

O/D funksiyası söndürüldükdə isə transmissiyanın ən yüksək ötürməyə keçməsi məhdudlaşdırılır. Belə olduqda avtomobil daha aşağı ötürmədə qalır və eyni sürətdə mühərrikin dövrləri yüksəlir.

Bu xüsusiyyət uzun və dik enişlərdə mühərrik əyləcindən daha çox istifadə etmək, həmçinin avtomobilin davamlı olaraq yüksək və aşağı ötürmələr arasında keçid etdiyi hallarda faydalı ola bilər. Ağır yük və ya qoşqu ilə hərəkət zamanı da avtomobilin istifadə təlimatına uyğun olaraq O/D funksiyasının söndürülməsi tələb oluna bilər. Bu, transmissiyanın tez-tez ötürmə dəyişməsinin qarşısını almağa kömək edir.

Bir çox avtomobildə cihazlar panelində “O/D OFF” xəbərdarlığının yanması funksiyanın söndürüldüyünü göstərir. Bu halda avtomobil ən yüksək ötürmədən istifadə etmir. Düyməyə yenidən basıldıqda sistem aktivləşdirilə bilər.

Normal yol şəraitində O/D funksiyasının səbəbsiz yerə söndürülməsi isə mühərrikin daha yüksək dövrlə işləməsinə səbəb ola bilər. Xüsusilə uzun məsafələrdə bu, yanacaq sərfiyyatının və mühərrik səsinin artmasına gətirib çıxara bilər. Bununla belə, O/D funksiyasının söndürülməsi öz-özlüyündə mühərrikə və ya transmissiyaya zərər verən əməl deyil. Sistem müəyyən sürüş şəraitində daha aşağı ötürmənin qorunması üçün nəzərdə tutulub.

Qeyd edək ki, müasir avtomobillərdə ayrıca O/D düyməsinə əvvəlki qədər rast gəlinmir. Yeni nəsil avtomatik transmissiyalar sürət, qaz pedalının vəziyyəti, yolun mailliyi və mühərrikin yükü kimi göstəriciləri nəzərə alaraq uyğun ötürməni elektron idarəetmə sistemi vasitəsilə avtomatik seçir. Buna görə də köhnə avtomobillərdə sürücünün düymə vasitəsilə etdiyi əməliyyat müasir modellərdə əsasən avtomatik şəkildə həyata keçirilir.

Transmissiya texnologiyalarının inkişafı bəzi avtomobillərdə geri hərəkət mexanizminə də təsir edib. Məsələn, bəzi hibrid performans avtomobillərində geri hərəkət üçün ənənəvi mexaniki geri ötürmə əvəzinə elektrik mühərriklərindən istifadə olunur. “Ferrari SF90 Stradale” də bu yanaşmanın nümunələrindən biridir. Avtomobil geri hərəkət zamanı elektrik mühərriklərindən istifadə etdiyi üçün mexaniki transmissiyada ayrıca geri ötürmə dişlisinə ehtiyac qalmır.

Eltac Zülfüqaroğlu

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh