Avtomatik ötürücülü avtomobillərdə "B" rejimi nə işə yarayır? – ARAŞDIRMA

Avtomatik ötürücülü avtomobillərdə olan "B" rejimi bir çox sürücünün diqqət yetirmədiyi funksiyalardan biridir. Mütəxəssislər bildirirlər ki, bu rejimdən düzgün istifadə həm hərəkət təhlükəsizliyini artırır, həm də hibrid və elektrik avtomobillərində enerjinin daha səmərəli istifadəsinə imkan yaradır.
Avtosfer.az xəbər verir ki, avtomatik ötürücülü avtomobillərdə ötürücü qolunda yerləşən "B" (Brake) rejimi əyləc pedalını əvəz etmir. Bu funksiya sürücü qaz pedalından ayağını çəkdikdə mühərrik əyləcinin təsirini artıraraq avtomobilin daha sürətli yavaşımasına kömək edir. Nəticədə əyləc pedalından istifadə ehtiyacı azalır.
Mütəxəssislərin sözlərinə görə, "B" rejimi xüsusilə uzun və dik enişli yollarda daha faydalıdır. Belə hallarda mühərrik əyləcindən istifadə əyləc bəndləri və disklərinin həddindən artıq qızmasının qarşısını alır, bu isə əyləc sisteminin yüklənməsini azaldaraq hərəkət təhlükəsizliyini artırır.
Hibrid və elektrik avtomobillərində isə bu rejim əlavə üstünlük yaradır. Avtomobil yavaşıyan zaman yaranan kinetik enerjinin daha böyük hissəsi elektrik enerjisinə çevrilərək batareyaya ötürülür. Bunun sayəsində enerjinin bərpası (rekuperasiya) artır və batareyanın daha səmərəli işləməsinə şərait yaranır.
Bununla belə, mütəxəssislər "B" rejiminin daim aktiv saxlanılmasını tövsiyə etmirlər. Gündəlik şəhərdaxili hərəkətdə standart "D" rejimi kifayət edir. "B" rejimindən əsasən uzun enişlərdə, dağ yollarında və mühərrik əyləcinə ehtiyac yaranan hallarda istifadə edilməsi məsləhət görülür.
Ekspertlər sürücülər arasında bu rejimin yanacağa qənaət etdiyi barədə formalaşmış fikrin tam doğru olmadığını da bildirirlər. "B" rejiminin əsas funksiyası avtomobili daha effektiv şəkildə yavaşıtmaq və mühərrik əyləcini gücləndirməkdir. Hibrid və elektrik avtomobillərində enerji bərpasına kömək etsə də, onu yanacaq sərfiyyatını birbaşa azaldan sistem kimi qiymətləndirmək düzgün deyil.
Qeyd olunur ki, "B" rejimi bütün avtomatik ötürücülü avtomobillərdə mövcud deyil. Bu funksiya əsasən hibrid və elektrik modellərində tətbiq olunur. Bəzi benzin və dizel mühərrikli avtomobillərdə isə oxşar məqsədlə "L", "S" və ya manual ötürmə rejimlərindən istifadə edilir. Buna görə də sürücülərə avtomobillərinin istifadə təlimatını diqqətlə öyrənmək tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












