Avtomobil sənayesində yeni dövr; mexaniki sürət qutuları tarix olur?

Avtomobil sənayesində uzun illər geniş istifadə olunan mexaniki ötürücülü avtomobillərin gələcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, ekspertlər hesab edirlər ki, yaxın illərdə bu tip nəqliyyat vasitələrinin bazardakı payı kəskin şəkildə azalacaq və 2030-cu il bu baxımdan dönüş nöqtəsi ola bilər.
Mütəxəssislərin fikrincə, mexaniki sürət qutularının bazardan tədricən çəkilməsi yalnız elektrikli avtomobillərin yayılması ilə bağlı deyil. Əsas səbəblərdən biri istehsal xərclərinin artması və istehlakçı tələbatının azalmasıdır.
Bildirilir ki, mexaniki ötürücü qutuların hazırlanması, istehsalı və müxtəlif bazarlar üçün sertifikatlaşdırılması avtomobil istehsalçıları üçün əlavə xərc yaradır. Eyni zamanda, bu tip avtomobillərə marağın ildən-ilə azalması şirkətləri daha çox avtomatik transmissiyalı modellərə üstünlük verməyə sövq edir.
Son illərdə sürücülərin seçimlərində də ciddi dəyişiklik müşahidə olunur. Xüsusilə iri şəhərlərdə avtomatik transmissiyalı avtomobillər rahat idarəetmə və istifadə üstünlüklərinə görə daha çox seçilir. Nəticədə mexaniki ötürücülü modellərin bazar payı davamlı şəkildə kiçilir.
Analitiklərin proqnozlarına görə, 2030-cu ilə qədər mexaniki ötürücülü avtomobillərin qlobal bazardakı payı 5-10 faiz səviyyəsinə qədər enə bilər. Belə bir şəraitdə istehsalçıların məhdud sayda alıcı üçün bu texnologiyanı qoruyub saxlamasının iqtisadi cəhətdən nə dərəcədə səmərəli olacağı sual altındadır.
Bundan əlavə, müasir sürücüyə yardım sistemlərinin inkişafı da mexaniki transmissiyaların mövqeyini zəiflədir. Adaptiv kruiz-kontrol, zolaqda saxlama sistemi, avtomatik əyləcləmə və yarımmuxtar idarəetmə texnologiyaları avtomatik transmissiyalarla daha səmərəli işlədiyi üçün istehsalçılar yeni modellərdə bu kombinasiyaya üstünlük verirlər.
Ekspertlər qeyd edirlər ki, mexaniki ötürücülü avtomobillər tamamilə yox olmaya bilər. Bununla belə, onların əsasən idman avtomobillərində, xüsusi seriyalarda və müəyyən həvəskar sürücü qrupları üçün istehsal olunacağı ehtimal edilir.
Beləliklə, avtomobil sənayesində baş verən texnoloji dəyişikliklər fonunda mexaniki sürət qutularının kütləvi istifadəsinin tədricən tarixə çevriləcəyi və 2030-cu ildən sonra bu tip avtomobillərin yollarda xeyli az görünəcəyi gözlənilir.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












