Avtomobil sənayesinin ən böyük böhranı – “Dieselgate”də nələr baş vermişdi? – TARİXİ FAKTLAR - FOTO

Avtomobil tarixinin ən böyük qalmaqallarından biri olan “Dieselgate” hadisəsi təkcə milyardlarla dollarlıq zərərlə deyil, yaddaşlarda qalan görüntüləri ilə də iz buraxıb. ABŞ-nin Moxave səhrasında düzülən 300 min avtomobil alman avtomobil nəhəngi “Volkswagen”in tarixindəki ən böyük böhranın rəmzinə çevrilib.
Avtosfer.az xəbər verir ki, qalmaqalın kökləri 2014-cü ildə atılıb. “Volkswagen”in dizel mühərrikli avtomobilləri laboratoriya testlərində aşağı emissiya göstəriciləri ilə fərqlənsə də, real sürücülük şəraitində daha yüksək dəyərlər ortaya çıxırdı. 2015-ci ildə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi araşdırma apararaq mühərriklərin idarəetmə proqramında emissiya testlərini manipulyasiya edən gizli proqram təminatını aşkar etdi.
Qalmaqal nəticəsində dünyada 11 milyondan çox, ABŞ-da isə 500 mindən artıq avtomobilin təsirləndiyi məlum oldu. “Volkswagen” ABŞ hökuməti və Kaliforniya ştatına ümumilikdə 14,7 milyard dollar təzminat ödəməyə məcbur qaldı. Şirkətin baş direktoru istefa verdi və bu hadisə avtomobil sənayesinin ən böyük böhranlarından biri kimi tarixə düşdü.

Geri çağırılan yüz minlərlə avtomobilin saxlanması isə ayrıca problem yaratdı. Əvvəlcə Miçiqandakı tərk edilmiş stadion dayanacağından istifadə olunsa da, avtomobillərin bir qismi oğurlandı. Stadion söküldükdən sonra yeni məkan axtarıldı və nəticədə Kaliforniyanın Moxave səhrasında yerləşən Viktorvil hava limanı seçildi. Buraya təxminən 300 min avtomobil daşındı. Təyyarə qırıntılarının da saxlandığı bu ərazi avtomobil qəbiristanlığına bənzəyən mənzərə yaradaraq, qalmaqalın simvoluna çevrildi.
Saxlanılan avtomobillərin təqribən 13 min ədədi təmir edildi, 28 mini isə ehtiyat hissələrinə söküldü. Mühərrik proqramı yeniləndikdən və bəzi texniki dəyişikliklər aparıldıqdan sonra 295 min avtomobil yenidən satışa çıxarıldı. Bütün bu prosesin tam başa çatması isə dörd il vaxt aldı.

Qalmaqal şirkətin nüfuzuna ciddi zərbə vurdu. İnamı bərpa etmək üçün “Volkswagen” yeni strategiya qəbul edərək elektromobil istehsalına milyardlarla dollar sərmayə qoydu. Şirkət 2025-ci ilə qədər 1 milyon elektrikli avtomobil satmağı, 2050-ci ilə qədər isə tam emissiyasız istehsal həyata keçirməyi qarşısına məqsəd qoyub.
Moxave səhrasında illərlə saxlanılan yüz minlərlə avtomobil həm ətraf mühitin çirklənməsinin, həm də avtomobil sənayesində tarixə düşən ən böyük qalmaqallardan birinin canlı yadigarı olaraq yadda qaldı.
Eltac Zülfüqaroğlu
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO










