Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR

Maraqlı 2 Oktyabr 2026 10:00
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
WhatsApp kanalımıza abunə olun

Bakıda müxtəlif nəqliyyat növlərinin fəaliyyətini təmin etmək üçün böyük infrastruktur layihələri həyata keçirilib. Lakin əsas məsələ yalnız bu obyektlərin layihə tutumu deyil, onların real potensialından nə dərəcədə istifadə edilməsidir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Bakıdakı əsas nəqliyyat qovşaqlarının layihə imkanları ilə faktiki sərnişin göstəricilərinin müqayisəsi maraqlı mənzərə ortaya qoyur.

Ekspert dəmir yolu, hava nəqliyyatı, avtovağzal və dəniz limanı üzrə göstəriciləri müqayisə edib.

Onun sözlərinə görə, dəmir yolu ilə sərnişindaşımanın tarixi pik göstəricisi 1990-cı ildə 16 milyon nəfər olub. 2025-ci ildə isə dəmir yolu nəqliyyatı ilə ümumilikdə 10 milyon 267 min sərnişin daşınıb. 2026-cı il sentyabrın 15-də Abşeron dairəvi dəmir yolu xəttində bir gündə 52 min sərnişinin daşınması isə son illərin rekord göstəricilərindən biri olub.

Rauf Ağamirzəyev Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanlarına da diqqət çəkib. Bildirib ki, hava limanının sərnişin terminallarının ümumi layihə gücü ildə 9 milyon sərnişindir. Terminal 1-in illik gücü 6 milyon, Terminal 2-nin isə 3 milyon sərnişin təşkil edir. 2025-ci ildə hava limanında 7,64 milyon sərnişinə xidmət göstərilməsi isə ümumi terminal gücünün təxminən 85 faizindən istifadə edildiyini göstərir.

Ekspert Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə bağlı göstəriciləri də açıqlayıb. Onun sözlərinə görə, kompleks gündə 18–20 min, ildə isə 6,5–7,3 milyon sərnişinə xidmət göstərmək üçün layihələndirilib. 2019-cu ildə avtovağzaldan 3 milyon 170 min 680 sərnişin istifadə edib. Bu göstərici layihə tutumunun təxminən 43–49 faizinə uyğun gəlir.

Həmin il Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 123 min 107 reys həyata keçirilib. Onlardan 9 min 933-ü beynəlxalq reys olub. Beynəlxalq reyslərdən istifadə edən sərnişinlərin sayı isə 285 min 386 nəfər təşkil edib.

Rauf Ağamirzəyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sərnişin potensialına da toxunub. O qeyd edib ki, limanın illik sərnişin qəbul etmək imkanı 150 min nəfərdir. 2018-ci ildə liman xidmətlərindən 45 min sərnişin istifadə edib ki, bu da sərnişin qəbul potensialının təxminən 30 faizinə bərabərdir.

Ekspertin təqdim etdiyi müqayisəyə əsasən, hava limanında 9 milyon sərnişinlik layihə tutumuna qarşı 2025-ci ildə 7,64 milyon sərnişinə xidmət göstərilib. Avtovağzalda 6,5–7,3 milyonluq illik potensiala qarşı 2019-cu ildə 3,17 milyon sərnişin qeydə alınıb. Bakı Limanında isə 150 min nəfərlik illik sərnişin qəbul imkanına qarşı 2018-ci ildə 45 min sərnişin olub. Dəmir yolunda isə tarixi pik göstərici olan 16 milyon sərnişinlə 2025-ci ilin 10,267 milyonluq göstəricisi arasında fərq müşahidə edilir.

Bu rəqəmlərə yalnız “çox” və ya “az istifadə” prizmasından yanaşmaq düzgün deyil. Əsas məsələ mövcud nəqliyyat infrastrukturunun real potensialından daha səmərəli istifadə imkanlarının müəyyənləşdirilməsidir.

“Bakı artıq böyük nəqliyyat infrastrukturlarına malikdir. İndi əsas məsələ həmin infrastrukturların real potensialını necə daha səmərəli istifadə edə biləcəyimizdir”, – deyə ekspert vurğulayıb.

Bunun üçün hər bir nəqliyyat qovşağı üzrə layihə tutumu, faktiki sərnişin və yük axını, pik saatlardakı yüklənmə, istifadə olunmayan potensial, eləcə də digər nəqliyyat növləri ilə inteqrasiya səviyyəsi ayrıca təhlil edilməlidir.

Ekspert hesab edir ki, şəhərin nəqliyyat sistemində yalnız yeni infrastrukturun yaradılması deyil, artıq mövcud olan obyektlərin məhsuldarlığının artırılması da əsas istiqamətlərdən biri olmalıdır. Bunun üçün nəqliyyat qovşaqları arasında əlaqələndirmənin gücləndirilməsi, sərnişinlərin bir nəqliyyat növündən digərinə rahat keçidinin təmin edilməsi və real tələbat əsasında marşrutların optimallaşdırılması mühüm rol oynaya bilər.

Eltac Züflüqaroğlu

Oxunub : 202
ŞƏRH YAZ
Ad

E-mail

Şərh