Daha nizamlı və tıxacsız şəhər nəqliyyatı; Bakının 70 il əvvəlki fotosu GÜNDƏM OLDU - FOTO

1956-cı ilə aid nadir foto Bakının şəhər nəqliyyatında fərqli və daha kompleks bir mərhələni əks etdirib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, sözügedən şəkil indiki Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində çəkilib. Həmin dövrdə bu ərazinin nə qədər intensiv ictimai nəqliyyat qovşağı olduğu fotoda açıq şəkildə nümayiş etdirilir.
Ekspertin sözlərinə görə, kadrlarda eyni vaxtda həm tramvay, həm də troleybus xətlərinin fəaliyyəti görünür. Belə ki, bu ərazidən 12 nömrəli tramvay marşrutları, eləcə də 2, 3 və 7 nömrəli troleybus xətləri keçirdi. Küçə üzərindəki elektrik naqilləri və relslər isə şəhərin elektrikləşdirilmiş nəqliyyat sisteminin yüksək səviyyədə inkişaf etdiyini göstərir. O dövrdə avtomobillər ikinci planda qalır, əsas yük isə ictimai nəqliyyatın üzərinə düşürdü.
Rauf Ağamirzəyev qeyd edib ki, bu model şəhərsalma baxımından daha balanslı və dayanıqlı idi. Küçə məkanı ictimai nəqliyyatın rahat hərəkəti üçün təşkil olunmuşdu və müxtəlif nəqliyyat növləri bir-biri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərirdi. Bu isə həm əlçatanlıq, həm də şəhər daxilində mobilliyin səmərəliliyi baxımından ciddi üstünlüklər yaradırdı.
Ekspert əlavə edib ki, sonrakı illərdə şəhərin nəqliyyat siyasətində dəyişikliklər baş verdi. Metro və avtobus şəbəkəsinin genişlənməsi ilə yanaşı, tramvay və troleybus xətləri tədricən ləğv olundu. Nəticədə Bakı elektrik yerüstü nəqliyyatını itirdi və avtomobil yönümlü inkişaf modeli üstünlük qazandı.
Onun fikrincə, bu foto Bakının bir zamanlar güclü ictimai nəqliyyat infrastrukturu olan şəhər olduğunu göstərir və həmin təcrübə bu gün üçün də aktual dərslər təqdim edir. Xüsusilə dayanıqlı nəqliyyat və küçə məkanının yenidən qurulması baxımından o dövrün yanaşmalarının yenidən qiymətləndirilməsi vacibdir.
Rauf Ağamirzəyev vurğulayıb ki, 2024-cü ildən etibarən şəhərdə elektrobusların istismara verilməsi bu istiqamətdə atılan ilk real addımlardan biridir. Hazırda metro və elektrik qatarı ilə yanaşı elektrobuslar da şəhər nəqliyyat sistemində yer alır ki, bu da Bakının yenidən elektrik əsaslı nəqliyyat modelinə keçid etdiyini göstərir.
Ekspertin sözlərinə görə, yaxın illərdə tramvay xətlərinin yenidən qurulması da planlaşdırılır. 2025–2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində tramvayın şəhərə qaytarılması nəzərdə tutulur. Bu isə faktiki olaraq Bakının nəqliyyat sistemində tarixi modelin müasir formada bərpası deməkdir – daha ekoloji, daha balanslı və daha dayanıqlı şəhər mobilliyi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu












