Sürətli doldurma elektrikomobillərin batareyasına ikiqat zərər verir – ARAŞDIRMA

Elektrikli nəqliyyat vasitələrinin batareya ömrü ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb. Aparılan tədqiqat göstərir ki, sürətli doldurma rejimindən tez-tez istifadə batareyanın aşınma tempini əhəmiyyətli dərəcədə artırır.
Avtosfer.az xəbər verir ki, 2025-ci ildə 21 yeni model və 22 min 700-dən çox elektrikli nəqliyyat vasitəsi üzərində aparılan “Geotab” araşdırmasına əsasən, 100 kVt-dan yuxarı gücə malik DC sürətli doldurma batareyanın köhnəlmə sürətini təxminən iki dəfə artırır.
Tədqiqat məlumatlarına görə, elektrikli avtomobillərdə batareyanın orta illik tutum itkisi 2,3% təşkil edir. Lakin 100 kVt-dan yuxarı sürətli doldurmadan mütəmadi istifadə edilən nəqliyyat vasitələrində bu göstərici 3,0%-ə qədər yüksəlir. Daha aşağı güclə doldurulan avtomobillərdə isə illik aşınma səviyyəsi təxminən 1,5% civarında qalır. Mütəxəssislər sürətli doldurmanı batareyalar üçün əsas stress faktoru kimi qiymətləndirirlər.
Araşdırmada iqlim şəraitinin də batareya ömrünə təsir göstərdiyi vurğulanır. Belə ki, isti bölgələrdə istismar olunan elektrikli nəqliyyat vasitələrinin batareyaları mülayim iqlim şəraitində istifadə edilənlərlə müqayisədə ildə orta hesabla 0,4% daha tez köhnəlir.
Tədqiqatın diqqətçəkən məqamlarından biri də tam doldurma və tam boşaltma ilə bağlıdır. Məlumatlara əsasən, batareyanın vaxtaşırı tam doldurulması və ya tam boşaldılması əksər hallarda ciddi risk yaratmır. Lakin avtomobilin istifadə müddətinin 80%-dən çoxunda batareyanın daim tam və ya yüksək doluluq səviyyəsində saxlanılması aşınmanı sürətləndirən əsas amillərdən biri hesab olunur.
Ekspertlər bildirirlər ki, batareyalarda ilkin mərhələdə müəyyən tutum itkisi müşahidə olunsa da, sonradan bu proses sabitləşir. Əksər elektrikli nəqliyyat vasitələrində ilkin azalmadan sonra orta illik aşınma göstəricisi təxminən 1,4%-ə qədər enir. Yəni zaman keçdikcə köhnəlmə tempi nisbətən azalır.
Araşdırmada nəqliyyat vasitəsinin növünün də mühüm rol oynadığı qeyd edilir. Xüsusilə ağır tonnajlı çoxməqsədli avtomobillərdə və çatdırılma mikroavtobuslarında batareya tutumunun ildə orta hesabla 2,7% azaldığı müəyyən olunub. Bu isə həmin nəqliyyat vasitələrinin intensiv istismarı və yüksək yük altında çalışması ilə əlaqələndirilir.
Geotab şirkəti əldə olunan nəticələrə əsaslanaraq bildirir ki, müasir elektrikli nəqliyyat vasitələrinin batareyaları ümumilikdə etibarlı hesab olunur və əksər hallarda avtomobilin istismar müddətindən daha uzunömürlü olacaq şəkildə dizayn edilir. Bununla belə, müəyyən səviyyədə tutum itkisinin qaçılmaz olduğu vurğulanır. Xüsusilə iri nəqliyyat vasitələrindən istifadə edən şirkətlərə doldurma vərdişlərini optimallaşdırmaqla batareya ömrünü uzatmaq və istismar xərclərini azaltmaq tövsiyə edilir.
Eltac Zülfüqaroğlu
Daşkənddə küçələr belə soyudulur
Bu ölkədə avtomobillərin örtüyünü çıxaranları ağır cəza gözləyir - SƏBƏB
Şuşanın Qarabağ küçəsi niyə "Tarqovı" ilə müqayisə edilir? – FOTO
Ac sürücü özünə və başqalarına risk yaradır
Hansı avtomobil markasının sürücüləri daha yüksək IQ-yə malikdir? – ARAŞDIRMA
Mexaniki avtomobillərdə yanacağa necə qənaət etmək olar? - İZAH
Şiddətli istilər və pivə istehsalçılarının puç olan planları
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu










