Elektromobillərinin batareyası hansı hallarda dəyişdirilməlidir? – AVTOBLOGER AÇIQLADI
Son illər elektrik avtomobillərinin populyarlığı sürətlə artır. Ətraf mühitə daha az təsir göstərməsi, yanacaq xərclərinə qənaət və texnoloji üstünlükləri sayəsində bir çox sürücü elektrik nəqliyyat vasitələrinə üstünlük verir. Lakin elektromobillərinin ən vacib komponentlərindən biri batareyadır və müəyyən müddətdən sonra aşınmaya məruz qalaraq dəyişdirilməyə ehtiyac duyur.
Bəs hansı hallarda batareyanın dəyişdirilməsi vacibdir?
Mövzu ilə bağlı avtobloger Bəhruz Gülalı Avtosfer.az-a açıqlamasında bildirib ki, elektriklə işləyən avtomobillərin batareya ömrü təxminən 8 ilə 15 il aralığında dəyişir:
“Yəni avtomobil istehsalçıları rəsmi zəmanətdə 8 və 10 il qeyd edirlər. Bunu da kilometrajla ifadə edəndə 150-300 min kilometr aralığında bir yürüş edir. Burada müəyyən fərqlər var ki, məsələn, batareya hansı növdəndir, yəni lityum batareyadır, yoxsa bərk hal batareyasıdır, bu kateqoriyalara görə dəyişir. Həmçinin istifadə qaydasından və qulluqdan da asılı olaraq siz bu ömrü uzada, yaxud da qısalda bilərsiniz. Əslində, buna təsir edən nüanslar çoxdur, harada yaşamağınızdan, avtomobili harada idarə etməyinizdən asılıdır. Məsələn, isti ölkə, soyuq ölkə”.
Avtobloger vurğulayıb ki, “batareya ömrünə nə təsir edir?” desək, əsasən istifadə qaydası təsir edir, deyə bilərik.
“Batareyanın ömrünü uzatmaq üçün həmişə 20-80% şarj etmək lazımdır. Bu, çox vacib qaydadır. Müəyyən sürətli şarj cihazları, avtomobili hər gün şarja qoyub 100%-ə qədər doldurmaq, baxım etməmək batareyanın ömrünü qısalda bilər. Həmçinin aqressiv sürüşün də batareya həcminə təsiri var. Yəni siz qəfil sürətlənmələri intensivləşdirsəz, avtomobili aqressiv idarə etsəniz və şarjı tez-tez 0%-ə salıb sonra 100%-ə doldursanız, bu kimi hallar da batareya ömrünün azalmasını sürətləndirəcək.
Ümumiyyətlə, bu avtomobil batareyalarını mobil batareyalar kimi nəzərdə tutun. Telefonda hansı diskomfortu verirsə, avtomobildə də aşağı-yuxarı həmin diskomfortu verəcək. Təxminən 70%-dən aşağı batareya həcmi düşəndə onu dəyişdirmək lazımdır və yaxud avtomobil hər hansı bir qəza keçiribsə, hansısa batareya zədələnibsə, həmin halda da mütləq şəkildə batareyanı dəyişmək lazımdır.
Bir də artıq hiss edərsiniz ki, heç bir məkana gedib çata bilmirsiniz, avtomobilin performansı həddindən artıq aşağı düşüb, siz ondan düzgün şəkildə istifadə edə bilmirsiniz, bu halda da dəyişməlidir”.
Avtobloger həmçinin onu da vurğulayıb ki, əslində fiziki olaraq batareyaların təkrar emalı mümkündür və bunu hətta edirlər, lakin burada bir neçə nüans var:
“Proses bahalıdır və asan başa gəlmir. Mərhələli şəkildə batareyalar düzgün qaydada sökülür və onun tərkibində olan mis, litium və digər lazımlı kimyəvi maddələr götürülür və təkrar emala verilir. Lakin bu, müxtəlif mərhələlərdən keçərək həyata keçirilir.
Məsələn, 2023-cü ildə Çində daha çox litium-ion batareyaların təkrar emalı ilə məşğul olublar. Amerikada “Tesla” əsasən batareyaların təkrar emalı ilə məşğuldur. Avropa İttifaqı qanunlar qəbul edərək bunu tətbiq etməyə çalışır, amma Azərbaycanda hələ düzgün utilizasiyasını təşkil etməyə çalışırlar. Yəqin ki, batareyaların da təkrar email məsələsinə yenidən baxıla bilər. Bütün dünya bunun üzərində maraqlıdır, yəni təkrar emal etmək istəyirlər. Lakin hələ geniş miqyasda bu proses həyata keçirilmir”.
Fidan