Piyadaların səkidə maneəsiz hərəkəti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO

Paytaxtda küçə layihələrinin keyfiyyəti ilə bağlı müzakirələr davam edir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev mövcud vəziyyətlə bağlı fikirlər səsləndirib.
Ekspert bildirib ki, müharibədən çıxmış ölkədə resurslar məhdud olduğu üçün şəhərsalma layihələri maksimum effektiv, uzunömürlü və məntiqi olmalıdır. Lakin onun sözlərinə görə, hazırda həyata keçirilən bir çox layihələrdə bunun əksi müşahidə olunur.
.jpg)
Rauf Ağamirzəyev qeyd edib ki, “baryersiz mühit” adı altında təqdim olunan bəzi həllər əslində köhnə yanaşmanın yeni formada tətbiqindən başqa bir şey deyil. Onun fikrincə, ideal modeldə piyada fasiləsiz hərəkət etməli, avtomobil isə zərurət olduqda səkiyə uyğunlaşmalıdır. Bu yanaşmanın Bakının bəzi ərazilərində, o cümlədən “Ağ şəhər” və “Port Baku” ərazilərində tətbiq olunduğunu və effektiv nəticə verdiyini vurğulayıb.
Ekspertin sözlərinə görə, şəhərin böyük hissəsində isə əks mənzərə müşahidə olunur. Belə ki, səkilər ya yol səviyyəsinə endirilir, ya da qısa məsafələrdə tez-tez “kəsilir”. Bu isə piyadalar üçün fasiləsiz marşrutun yaranmasına mane olur və daimi eniş-yoxuş problemi yaradır. Xüsusilə yaşlı insanlar, uşaq arabası ilə hərəkət edənlər və əlilliyi olan şəxslər üçün bu vəziyyət ciddi çətinliklər yaradır.

Rauf Ağamirzəyev hesab edir ki, bu cür yanaşma əslində prioritetlərin düzgün müəyyən edilmədiyini göstərir. Onun fikrincə, bu həllər avtomobil üçün rahatlıq yaradır, piyadalar isə mövcud şəraitə uyğunlaşmağa məcbur olur. Nəticədə “baryersiz mühit” anlayışı formal xarakter daşıyır və avtomobil yönümlü şəhərsalma davam edir.
Ekspert bildirib ki, dünya təcrübəsində bu mərhələ artıq geridə qalıb. Məsələn, Lvov kimi şəhərlərdə səkilər fasiləsiz saxlanılır, girişlər isə bu səviyyəyə uyğunlaşdırılır. Amsterdamda isə avtomobillərin səkiyə qalxması normal qəbul olunur və bu, əlavə problem yaratmır.
Onun sözlərinə görə, yerli şəraitdə tez-tez səsləndirilən “yer yoxdur” arqumenti də əksər hallarda doğru deyil. Eyni dar küçələrdə belə, piyadanın prioritet olduğu həllər tətbiq etmək mümkündür. Bu məqsədlə dar yaşıl bufer zolaqları, səki səviyyəsində saxlanılan keçidlər və avtomobillər üçün qaldırılmış girişlər kimi alternativlər mövcuddur.

Rauf Ağamirzəyev əlavə edib ki, əsas problem sistemlidir. Şəhərdə vahid standartların olmaması, layihələndiricilərin riskdən çəkinməsi və podratçıların ən sadə variantlara üstünlük verməsi nəticəsində hər küçədə fərqli yanaşma tətbiq olunur, lakin eyni səhvlər təkrarlanır.
Ekspert sonda vurğulayıb ki, baryersiz mühit yalnız vizual dəyişikliklərlə deyil, real prioritetlərin düzgün müəyyən edilməsi ilə ölçülməlidir. Onun fikrincə, əsas sual açıq qalır: şəhərdə həqiqətən baryersiz mühit qurulur, yoxsa sadəcə bu anlayış təqlid edilir?

Eltac Zülfüqaroğlu
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO








