Banner

Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO

Öyrənək 13 Noyabr 2026 12:00
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
WhatsApp kanalımıza abunə olun

Sürücünün cəmi iki saniyə telefona baxması ağır qəza ilə nəticələnə bilər.

Avtosfer.az xəbər verir ki, avtomobil idarə edərkən diqqətin yoldan yayınması sürücünün təhlükəni vaxtında görməsinə və düzgün reaksiya verməsinə mane olur. Xüsusilə telefona gələn mesajı oxumaq və ya zəngə baxmaq üçün sərf edilən bir neçə saniyə belə ciddi risk yaradır.

Təsəvvür edin, paytaxt yollarından birində saatda 60 kilometr sürətlə hərəkət edirsiniz. Telefonunuza mesaj gəlir və sadəcə kimin yazdığını görmək üçün gözünüzü yoldan iki saniyə ayırırsınız. Bu müddətdə avtomobil dayanmadığı üçün hərəkətini davam etdirir.

Bəs həmin iki saniyədə avtomobil nə qədər məsafə qət edir? Saatda 60 kilometr sürətlə hərəkət edən avtomobil cəmi iki saniyədə təxminən 33 metr yol gedir. Sürət saatda 90 kilometr olduqda isə bu məsafə 50 metrə çatır.

Yəni sürücü telefona baxdığı müddətdə onlarla metr məsafəni yolu müşahidə etmədən qət edir. Bu zaman qarşıdakı avtomobil qəfil əyləc verə, yola piyada çıxa və ya gözlənilməz maneə yarana bilər. Sürücü isə başını qaldırıb təhlükəni gördükdə artıq vaxtında reaksiya vermək üçün gecikmiş ola bilər.

Üstəlik, təhlükəni gördükdən sonra avtomobilin dayanması üçün də müəyyən məsafə tələb olunur. Sürücünün reaksiya müddəti və əyləc məsafəsi nəzərə alındıqda, diqqətin qısa müddətə yayınması belə qəza riskini xeyli artırır. Yaş və sürüşkən yollarda bu təhlükə daha da böyüyür.

Unutmaq olmaz ki, telefona gələn mesajı oxumaq, bildirişə baxmaq və ya zəngə cavab vermək bir neçə dəqiqə gözləyə bilər. Lakin yolda baş verən hadisənin qarşısını almaq üçün sürücünün bəzən cəmi bir neçə saniyəsi olur.

Bəzən iki saniyəlik diqqətsizlik insan həyatını dəyişə bilər. Sükan arxasında əsas diqqətiniz telefonunuza deyil, yola yönəlməlidir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/surucu-telefona-baxdigi-2-saniyede-avtomobili-ne-qeder-idare-edir-228813

 

 

Oxunub : 182
ŞƏRH YAZ
Ad

E-mail

Şərh