Banner

150 ballıq ixtisaslar kimə lazımdır? “Diplomlu-işsiz” kütlə artacaq - Kamran Əsədov

Sosial 5 Dekabr 2025 14:00 Oxunub 76
150 ballıq ixtisaslar kimə lazımdır? “Diplomlu-işsiz” kütlə artacaq - Kamran Əsədov
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ali təhsil müəssisələrində minimal keçid balı 150 olan ixtisaslar mövcuddur. Bu kateqoriyaya əsasən kənd təsərrüfatı ilə bağlı balıqçılıq, meşəçilik, şərabçılıq, zoo mühəndislik və digər ixtisaslar daxildir. Bu ixtisasların bir qismi boş qalmasın deyə aşağı keçid balı ilə qəbul prosesi həyata keçirilir.
Minimal keçid balı 150 olan ixtisaslar uzun illərdir ki, müzakirələrə səbəb olur. İctimaiyyət arasında həmin ixtisasların zəif, əmək bazarında kifayət qədər rəqabət yaratmayan və ya gənclər arasında maraq göstərilməyən sahələr olduğu müzakirə olunur. Bu, əmək bazarında “diplomlu, amma peşəsiz” anlayışının genişlənməsinə səbəb olur ki, həm iqtisadi, həm sosial, həm də təhsil baxımından əlavə mənfilik yaradır.Bir çox universitetlər isə bu ixtisasları saxlayır. Bu isə bir sıra sualları gündəmə gətirir. Görəsən, həqiqətən də 150 ballıq ixtisaslar peşəkar mütəxəssis formalaşdıra bilirmi? 

Avtosfer.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, 150 ballıq ixtisasların saxlanması struktur baxımından həm keyfiyyət dilemması yaradır, həm də əmək bazarında “diplomlu, amma peşəsiz” kütlənin artmasına səbəb olur: “Son üç ildə universitetlərə qəbul olunan tələbələrin təxminən 18–20 faizi 200 baldan aşağı nəticə göstərib. Aşağı bal toplayan tələbələrdə təməl bilik çatışmazlığı olduğundan akademik performans orta hesabla 27 faiz zəif nəticə göstərir. “Təhsil haqqında” Qanunun 3-cü maddəsində qeyd olunur ki, ali təhsil “dərin elmi biliklərə, peşə bacarıqlarına və yüksək səviyyəli hazırlığa əsaslanmalıdır”. 150 bal bu tələbin mahiyyətinə uyğun gəlmir, çünki bu bal səviyyəsi orta məktəb səviyyəsində biliklərin belə minimum öyrənilməsini təmin etmir”.

Ekspert universitetlərin niyə bu qədər aşağı ballı qəbul planı saxlamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, universitetlərin bu ixtisasları saxlama motivasiyasının əsas səbəbi maliyyə marağıdır: “150 ballıq ixtisasların mövcudluğu həm də universitetlərin maliyyə modelində rol oynayır. Dövlət universitetlərinin büdcəsi tələbə axınından asılı olduğuna görə qəbul planlarında aşağı bal seqmentinin saxlanılması iqtisadi baxımdan izah olunur. Lakin maliyyə marağı keyfiyyətə üstün gələndə təhsil bazarında struktur problemlər yaranır”.

Kamran Əsədov əmək bazarında yaranan “diplomlu, amma peşəsiz” probleminin əsas generatorlarından birinin 150 ballıq ixtisaslar olduğunu bildirir: “2023-cü ildə Azərbaycanda ali təhsil məzunlarının 41 faizi öz ixtisası üzrə çalışmırdı və bu göstərici əsasən aşağı bal ilə qəbul olan tələbələrin töhfəsidir. Araşdırmalar göstərir ki, aşağı balla qəbul olan tələbələrin məzun olduqdan sonra iş tapma göstəricisi cəmi 28–33 faizdir, lakin 400+ bal toplayan tələbələrdə bu göstərici 67-72 faiz arasında dəyişir. Bu, tələbənin qəbul mərhələsindəki bilik səviyyəsinin birbaşa əmək bazarına çıxışı ilə əlaqəli olduğunu təsdiqləyir. Dünya Bankının Cənubi Qafqaz üzrə hesabatında da qeyd olunur ki, “diplom inflyasiyası” keyfiyyət zəif olduqda daha sürətlə artır və real bacarıq tələbləri ilə diplomlu insanların sayı arasında uçurum yaradır”.

Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh