Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilə bilərmi? - RƏY

Dövlət İmtahan Mərkəzinin uzun illər rəhbəri olmuş Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin edilməsindən sonra qurumun gələcək fəaliyyəti və idarəetmə strukturu müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, xüsusilə DİM-ə yeni rəhbərin təyin olunması ilə yanaşı, mərkəzin müstəqil dövlət qurumu kimi fəaliyyətini davam etdirib-etdirməyəcəyi diqqət çəkir. Azərbaycanda təhsil siyasətinin formalaşdırılması və tədris prosesinin tənzimlənməsi Elm və Təhsil Nazirliyinin, buraxılış və qəbul imtahanlarının təşkili, eləcə də biliklərin qiymətləndirilməsi isə DİM-in səlahiyyətlərinə daxildir. Bəs Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyinə birləşdirilməsinə ehtiyac varmı, bu hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi ayrıca bir dövlət qurumdur və imtahanların keçirilməsi konkret olaraq Dövlət İmtahan Mərkəzinin nəzarət altındadır:

"Publik hüquqi şəxs statusu olmasına, özünü maliyyələşdirməsinə baxmayaraq, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsi zamanla ola bilər. Çünki bunun üçün hüquqi normativ aktlar işlənib, müvafiq sərəncam və qərarlar verilməlidir. Yalnız ondan sonra Elm və Təhsil Nazirliyinin tabeliyinə verilə bilər. Amma müstəqil qurum kimi fəaliyyət göstərməsi daha vacibdir. Çünki dünyanın əksər ölkələrində Dövlət İmtahan Mərkəzi ayrı bir qurum kimi fəaliyyət göstərir. Ümumilikdə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilərsə, dəyişikliklər nələr ola bilər? Müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması proqramlarını Dövlət İmtahan Mərkəzi həyata keçirə bilər. Bu, imtahan nəticələrinin daha çevik şəkildə elan olunması, obyektivlik və şəffaflığın təmin edilməsi kimi məsələlərin də diqqətdə saxlanılmasına imkan verər. Çünki indiyədək nazirlik tərəfindən keçirilən imtahanlardan sonra bəzən yanlış fikirlərin formalaşdığının və ictimai narazılığın yarandığının şahidi olmuşuq. Bu imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilərsə, yəqin ki, belə fikirlər də yaranmaz".
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyevin fikrincə isə, Məleykə xanım Dövlət İmtahan Mərkəzində 30 ildən artıq müddətdə çalışıb, bu müddət ərzində kifayət qədər islahatlar aparıb və qurum cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb:

"İmtahanların obyektiv və şəffaf şəkildə keçirilməsi hər bir ailədə şəffaflığın və dürüstlüyün təntənəsi kimi qəbul olunub. Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyinə birləşdirilməsi absurd ideya və diskussiyadır. Təhsil Nazirliyinin yalnız təhsil sahəsində fəaliyyət göstərdiyi dövrdə mən bir neçə dəfə bu məsələyə toxunmuşdum ki, Elm və Təhsil Nazirliyi yaradılsın, çünki bu model dünya praktikasında, əksər ölkələrdə mövcuddur. Ancaq cənab Prezidentin müvafiq sərəncamı ilə belə bir nazirlik yaradıldı. Lakin nazirliyin indiki rəhbərliyi elm və təhsilin əsaslı inteqrasiyasını təmin edə bilmədi. Elm və Təhsil Nazirliyinin özü çox geniş sahələri əhatə edir. Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyinə birləşdirilməsi mərkəzin fəaliyyətini iflic vəziyyətə sala bilər. Qurum müstəqil fəaliyyət göstərdiyi müddətdə dövlət qulluğuna, ali məktəblərə və kolleclərə tələbə qəbulu və digər ödənişli xidmətlər sahəsində zaman-zaman islahatlar aparıb və cəmiyyətdə müsbət rəylər qazanıb. Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyinə birləşdirilməsi ideyası reallaşa bilməz. Belə bir addım qurumun zəifləməsinə, mənfi müdaxilələrə yol aça bilər"
Mütəxəssis qeyd edib ki, Məleykə xanımın dövlət başçısı tərəfindən Bakı Dövlət Universitetinə rektor təyin olunması müsbət addım kimi qiymətləndirilə bilər, çünki Bakı Dövlət Universiteti hazırda geriləyən universitetlər sırasındadır:
"Universitetdə təhsil və elmi tədqiqat mühitinin bərbad vəziyyətdə olması, təhsilin keyfiyyətindəki çatışmazlıqlar, professor-müəllim heyətinin fikirlərinin nəzərə alınmaması, Elmi Şuranın isə demək olar ki, heç bir səlahiyyətə malik olmaması kimi neqativ hallar bu universitetdə uzun illərdir mövcuddur. Bu vəziyyət təkcə Elçin Babayevin rəhbərliyi dövrünə deyil, 20 ildən artıq müddətə təsadüf edir. Bütün dünyada olduğu kimi Azərbaycanda da inkişafın əsas hərəkətverici qüvvəsi universitetlər olmalıdır. Universitetlər cəmiyyət üçün açıq olmalı, diskussiya mərkəzinə çevrilməli, tələbə və müəllimlərdə isə tənqidi təfəkkür formalaşmalıdır. Universitetlərin avtoritar üsullarla idarə olunması onların tənəzzülünə gətirib çıxarıb".
Züleyxa Allahverdiyeva
Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS
Virtual Həcc animasiyaları savab sayıla bilər? – Din xadimi AÇIQLADI
Yeni xərçəng dərmanı Azərbaycana gətiriləcəkmi? – AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat müavinət veriləcək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS












