Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş - AÇIQLANDI

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar bir sıra bölgələrdə subasmalara səbəb olub. Qısa müddətdə düşən yağıntının həcmi isə diqqətçəkən dərəcədə yüksəkdir.
Bəs bunun arxasında hansı amillər dayanır?
Avtosfer.az-ın məlumatına görə, meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, aprel ayında Azərbaycanda müşahidə olunan intensiv yağıntıların və qeyri-sabit hava şəraitinin bir neçə əsas meteoroloji və iqlim səbəbi var:

“İlk olaraq bu, atmosfer dövranı və hava kütlələri ilə əlaqədardır. Aprel ayı keçid dövrü olduğu üçün müxtəlif temperatur göstəricilərinə malik hava kütlələri ölkə ərazisində tez-tez qarşılaşır. Şimaldan gələn soyuq hava kütlələrinin cənubun isti hava kütlələri ilə toqquşması atmosfer cəbhələrinin yaranmasına, bu isə öz növbəsində intensiv yağışlara, şimşək çaxmasına və bəzi hallarda doluya səbəb olur”.
Ekspertin sözlərinə görə, iqlim dəyişikliyi və rütubət də sözügedən prosesdə rol oynayır.
“Qlobal istiləşmə nəticəsində atmosferin temperaturu yüksəldikcə, hava daha çox rütubət saxlama qabiliyyəti qazanır (hər 1 dərəcə artım rütubəti təxminən 7% artırır). Bu, yağıntıların paylanmasını qeyri-müntəzəm edir və qısa müddətdə ekstremal yağıntıların düşmə ehtimalını artırır.
Xəzər də dənizinin təsiri var. Şərq rayonlarında yağıntıların daha güclü olması çox vaxt Xəzər dənizi üzərindən gələn rütubətli hava kütlələrinin qurudakı soyuq cəbhə ilə birləşməsi ilə bağlıdır”.
Meteoroloq oroqrafik amillərdən də (relyef) söz açıb:
“Azərbaycanın dağlıq relyefi hava kütlələrinin qarşısını kəsərək onları yuxarı qalxmağa məcbur edir. Bu proses havanın soyumasına və xüsusilə Böyük və Kiçik Qafqazın ətəklərində yağıntıların intensivləşməsinə gətirib çıxarır”.
Ekoloq Sadiq Həsənov isə saytımıza açıqlamasında yağışların intensiv formada yağmasını belə şərh edib:

“Son günlər Azərbaycanda, ümumilikdə isə Qafqaz regionunda müşahidə olunan intensiv yağışların əsas səbəbi arktik mənşəli siklonların Xəzər dənizi üzərinə daxil olmasıdır. Məlum olduğu kimi, yaz mövsümünə keçid dövründə temperatur fərqləri artır və bu da atmosfer proseslərini daha da aktivləşdirir. Havaların nisbətən mülayimləşməsi nəticəsində Arktika zonasında buzlaqların əriməsi güclənir və bu, şimaldan gələn soyuq hava kütlələrinin formalaşmasına şərait yaradır. Həmin hava kütlələri və siklonlar güclü küləklərin təsiri ilə Şərqi Sibir üzərindən hərəkət edərək Xəzər dənizinin şimal hissəsinə daxil olur”.
Müsahibimiz bildirib ki, nəticədə həmin siklonlar bölgədə qeyri-sabit hava şəraiti yaradaraq intensiv yağıntılara səbəb olur:
“Bu cür proseslər əsasən yazın gəlişi dövründə, mart ayının sonlarından başlayaraq aprel ayının ortalarına qədər daha aktiv olur və tez-tez güclü yağışlarla müşayiət edilir. Mart ayının sonlarında yağan yağışlardan sonra isə Aralıq dənizi hövzəsindən daxil olan isti hava kütlələri bölgədə havanın temperaturunu 18–20 dərəcəyə qədər yüksəltdi. Bu istiləşmə buxarlanmanı artırdı ki, bu da yağıntıların intensivliyinə əlavə təsir göstərən amillərdən biri oldu. Hazırkı vəziyyətə əsasən demək olar ki, aprel ayı ərzində də bu cür dəyişkən və yağışlı hava şəraiti davam edə bilər. Aralıq dənizindən daxil olan isti siklonlar qısa müddətli mülayimləşmə yaratsa da, ümumi proseslər yağıntılı havanın üstünlük təşkil edəcəyini göstərir”.
Qeyd edək ki, mart ayının sonunda yağan yağışların miqdarı normadan xeyli artıq olub. Belə ki, Bakı və Abşeron yarımadasında illik yağıntı norması təxminən 200–250 mm olduğu halda, artıq bunun 60–70 faizinə yaxın hissəsi qısa müddətdə qeydə alınıb. Bu isə region üçün kifayət qədər yüksək yağıntı göstəricisi hesab olunur.
Keyfiyyətsiz iş və yeyinti… – Ekspertdən yollarla bağlı ağır ittiham
“Daha güclü zəlzələ gəlir?” - SEYSMOLOQDAN AÇIQLAMA
Valideynlərin qeyri-adi ad seçimi; tarixi adlar sıradan çıxır? - SOSİOLOQ
Fərdi yaşayış evlərinin tikintisində yol verilən səhvlər nələrdir? – Ekspert AÇIQLADI
Evləri sökülən vətəndaşların nəzərinə - Aldanmamaq üçün bunu mütləq edin
Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR
Güclü yağışlardan sonra xəstəliklərlə bağlı XƏBƏRDARLIQ
Bakıda əmlak bazarı çökdü - Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü
Bağçalarda uşaqlara verilən qidalar nə qədər sağlamdır? – RƏSMİ AÇIQLAMA
Güclü külək və yağışlarda təhlükəsizlik qaydalarına riayət olunmalıdır - EKSPERT
Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi - SƏRNİŞİNLƏRİN DİQQƏTİNƏ










