Bağçalarda uşaqlara verilən qidalar nə qədər sağlamdır? – RƏSMİ AÇIQLAMA

Sosial 6 Aprel 2026 17:41
Bağçalarda uşaqlara verilən qidalar nə qədər sağlamdır? – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uşaq bağçalarında qida rasionu mövzusu son illərdə həm valideynlər, həm də mütəxəssislər tərəfindən daha çox müzakirə olunan məsələlərdən biridir. Xüsusilə körpə və məktəbəqədər yaş dövründə düzgün və balanslı qidalanma uşaqların fiziki inkişafı, immun sisteminin möhkəmlənməsi və zehni qabiliyyətlərinin formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan, bağçalarda təqdim olunan yeməklərin keyfiyyəti, qida müxtəlifliyi və vitamin-mineral tərkibi diqqət mərkəzində olur.
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, dövlət tərəfindən müvafiq bağçalarda qidalanma ilə bağlı cədvəl tərtib olunur və həmin cədvələ uyğun olaraq azyaşlıların qidalanması təmin edilir:


“Bu qidalanma üçün xüsusi siyahı mövcuddur və həmin siyahıya əsasən lazım olan qida məhsulları dövlət tərəfindən bağçalara təqdim olunur. Bağçalarda isə bu cədvələ uyğun şəkildə qidalanmanın həyata keçirilməsi təmin olunmalıdır. Bəzi bağçalarda bu proses yüksək səviyyədə təşkil olunsa da, digərlərində daha aşağı səviyyədə həyata keçirilə bilər. Bu isə artıq birbaşa bağça rəhbərliyindən asılıdır. Yəni burada rəhbərliyin rolu olduqca vacibdir. Əsas məsələ odur ki, təqdim olunan proqrama, yəni qida rasionu cədvəlinə uyğun olaraq gündəlik yeməklər hazırlanmalı və uşaqlara verilməlidir”. 

Ekspertin sözlərinə görə, əgər bu prosesdə müəyyən axsaqlıqlar yaranırsa, dəyişikliklər edilirsə və ya qidalar düzgün bölüşdürülmürsə, bu zaman problemlər ortaya çıxır:
“Bu baxımdan aşpazların da rolu xüsusilə önəmlidir. Onlar təqdim olunan qida məhsullarına uyğun şəkildə yeməklərin hazırlanmasını təmin etməli, israfçılığa yol verilməməli və qidalar düzgün şəkildə bölüşdürülməlidir. Ümumilikdə, əgər bütün bu qaydalara əməl olunarsa, qidalanmanın uyğun formada təmin edildiyini demək olar. Çünki dövlət tərəfindən bağçalar üçün beynəlxalq standartlara uyğun xüsusi siyahı hazırlanır və həmin siyahıya əsasən məhsullar göndərilir. Lakin bəzi hallarda bu sistemdən sui-istifadə edənlər də olur və ya qidalanma siyahıya uyğun şəkildə təşkil edilmir. Bu səbəbdən də araşdırılmalıdır ki, dövlət tərəfindən təqdim olunan siyahıya uyğun qidalanma həqiqətən həyata keçirilirmi? Bu məsələyə məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi tərəfindən xüsusi nəzarət edilməli və hər hansı qanun pozuntusu aşkar olunduğu halda müvafiq cəzalandırma tədbirləri görülməlidir”.

Sosioloq Naib Niftəliyev isə deyib ki, qidalanma keyfiyyəti uşaqların sağlam inkişafında təsir göstərən əsas vasitələrdən biridir və bu baxımdan uşaqların tərbiyəsi, yəni bağçadakı təhsil prosesi ilə formalaşır:


“Bağçalarda uşaqların necə qidalanması, qidanın tərkibi və sağlam qidalanma çox mühüm əhəmiyyət kəsb edir. Keyfiyyətli qidalanma səviyyəsini ölçmək üçün statistik məlumatlar toplamaq lazımdır. Azərbaycandakı bağçaların təxminən 80%-i dövlət himayəsi altındadır və digər bağçalar isə müvafiq standartlar və qaydalar üzrə fəaliyyət göstərir. Dövlətin nəzarətindən kənarda fəaliyyət göstərən bağçalarda müəyyən qida standartlarının tətbiqi çətin görünür. Dövlət və özəl bağçalarda qida keyfiyyətinin müqayisəsində ümumiyyətlə müəyyən standartlar tətbiq olunur və kəskin fərq nəzərə çarpmır. Amma valideynlərin maddi imkanları, qida tələbatı və keyfiyyət məsələsi fərqli şərtlər, qiymətlər və nüanslar yaradır. Özəl bağçalarda valideynlər qida keyfiyyətinə daha çox diqqət yetirirlər. Dövlət bağçalarında isə qida prosesi zamanı valideynlərin müəyyən təsiri nəzərə çarpır.
Hər bir halda, bağçalarda qida keyfiyyətinin yaxşılaşdırılması, sağlam qidaların təmin olunması və yerli məhsulların çeşidlərinin artırılması vacibdir. Regionlar üzrə bağçaların yerləşməsi fərq yaratmır, amma müxtəlif kadrların olması və qida rasionuna əməl edilməsi məsələləri praktiki olaraq qarşıya çıxır. Rəsmi statistikada kəskin fərq görünməsə də, qeyri-rəsmi statistikada regionların qida keyfiyyəti və imkanları fərqli ola bilər. Şəhər və kənd bölgələrində qida rasionu fərqlənə bilər. Şəhərdə hazır və paketlənmiş qidaların istifadəsi daha çoxdur. Ümumiyyətlə, standartlar bütün bağçalarda tətbiq olunur, yaş qruplarına uyğun qidalanma təmin edilir. Valideynlər, müəllimlər və tərbiyəçilər uşaqların keyfiyyətli qidalanmasına diqqət yetirirlər. Beynəlxalq standartlar və uşaq hüquqları da nəzərə alınmalıdır. Keyfiyyətli qidalanma uşaqların vacib və təxirə salınmaz hüquqlarından biridir, çünki gələcək sağlamlıq və inkişaf buna bağlıdır. Uşaqların şəxsiyyətinin formalaşması 3–5 yaş aralığında baş verir. Bu dövrdə düzgün qidalanma çox önəmlidir. Bağçalarda bəzi hallarda qidalanma tələblərinə riayət edilməməsi, çatışmazlıqlar 25%-ə qədər müşahidə olunur. Bu, kəskin problem yaratmasa da, sağlamlıq və təhlükəsizlik baxımından risklər yarada bilər. Qidalanma məsələsinə səhiyyə və təhsil nazirliklərinin nəzarəti vacibdir. Valideyn nəzarəti və dövlət strukturlarının iştirakı tam təmin edilməlidir, çünki sağlam qidalanan uşaq sağlam vətəndaş olur və bu, cəmiyyətin inkişafı üçün əhəmiyyətlidir”.

Məktəbəqədər və ümumtəhsil üzrə dövlət agentliyindən (MÜTDA) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlüksəziliyi və qidalanması prioritetlərdəndir:
“Bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır. Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Qidalanma gün ərzində bağçaların iş saatlarına görə təmin edilir. Mövcud normalara əsasən zülal, karbohidrat, mineral və vitaminlərin balansı gün ərzində menyuda nəzərdə tutulan qidalara görə tənzimlənir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb
Müəllif: Nurcan Babək

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh