Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Sosial 14 Sentyabr 2026 11:18
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə olun

Bakıda sabah səhər evdən çıxanların işi bir az da çətinləşəcək. Yay tətilinin ardından məktəblərdə dərslərin başlaması ilə paytaxt yollarında avtomobil sıxlığının, metro və avtobuslarda isə sərnişin sayının artacağı gözlənilir.

Avtosfer.az yenisabah-a istinadən xəbər verir ki, sentyabrın 15-də məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda insanların işə getməsi səhər saatlarında Bakıda nəqliyyatın hərəkətinə ciddi təsir göstərəcək.

Xüsusilə səhər saatlarında məktəbə gedən şagirdlər, onları aparan valideynlər, universitet tələbələri və işə tələsən vətəndaşların eyni vaxtda yollarda olması əsas küçə və prospektlərdə sıxlığın artmasına səbəb olacaq.

Bu səbəbdən sabah yola çıxacaq vətəndaşların vaxt itirməmək üçün əvvəlcədən hazırlıq görməsi vacibdir.

Gecikməmək üçün nə etmək lazımdır?

Vətəndaşlara səhər saatlarında yola adi günlərdən daha tez çıxmaq tövsiyə olunur. Xüsusilə məktəb və işə gedənlər mümkün qədər səfər vaxtına əlavə 30-40 dəqiqə ehtiyat qoymalıdır.

Avtomobillə hərəkət edənlər yola çıxmazdan əvvəl alternativ marşrutları nəzərdən keçirə və sıxlıq yaranan əsas yollardan yayınmağa çalışa bilərlər.

İctimai nəqliyyatdan istifadə edən sərnişinlər isə dayanacaqlarda və metro stansiyalarında adi günlərdən daha çox sıxlıq ola biləcəyini nəzərə almalıdır. Buna görə də avtobus və metroya çatmaq üçün evdən bir qədər tez çıxmaq gecikmə riskini azaldacaq.

Məktəbə uşaqlarını aparan valideynlərin də səhər saatlarında əlavə vaxt nəzərdə tutması vacibdir. Məktəblərin qarşısında avtomobil sıxlığı yarana biləcəyi üçün uşağı düşürmək və daha sonra işə getmək əvvəlkindən daha çox vaxt tələb edə bilər.

Bundan başqa, ilk dərs günündə məktəblərin yerləşdiyi ərazilərdə piyada hərəkətinin də artacağı gözlənilir. Sürücülər məktəb ətrafında xüsusilə diqqətli olmalı, piyada keçidlərində və məktəb qarşısında sürəti azaltmalıdır.

Bir çox vətəndaş tıxacdan yayınmaq üçün səhər saatlarında taksidən istifadə etməyin daha sürətli olacağını düşünə bilər. Lakin bu, doğru seçim deyil. Çünki taksi də digər avtomobillərlə birlikdə ümumi yolda hərəkət etdiyindən sıxlıq zamanı tıxacda qala bilər.

Bu baxımdan, xüsusilə səhər pik saatlarında metro daha rahat alternativlərdən biri hesab olunur. Avtobusla hərəkət edənlər isə avtobuslar üçün ayrılmış zolaqların olduğu istiqamətlərdə daha az vaxt itirir. Buna görə də vətəndaşların sabah yola çıxmazdan əvvəl gedəcəkləri istiqamətə uyğun olaraq metro və avtobus marşrutlarını nəzərdən keçirməsi tövsiyə olunur.

Qeyd edək ki, sentyabrın 15-dən etibarən paytaxtda nəqliyyat sıxlığının artması yalnız ilk günlə məhdudlaşmayacaq. Növbəti günlərdə də məktəb, universitet və iş qrafiklərinin eyni vaxta düşməsi səhər saatlarında yollarda sıxlığın əsas səbəblərindən biri olacaq.

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh