Kölgədən şəffaflığa - Vergi güzəştləri restoran sektorunu necə dəyişəcək? 

Sosial 10 İyun 2026 18:18
Kölgədən şəffaflığa - Vergi güzəştləri restoran sektorunu necə dəyişəcək? 
WhatsApp kanalımıza abunə olun

2026-cı il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklər qüvvəyə minib. Bu islahatların mərkəzində dayanan ən böyük yeniliklərdən biri məhz ictimai iaşə (restoran, kafe, şadlıq sarayları, yeməkxanalar və s.) fəaliyyəti ilə məşğul olan sahibkarlara şamil edilən irimiqyaslı vergi güzəştidir. Dövlətin "kölgə iqtisadiyyatı" ilə mübarizə və nağdsız ödənişlərin təşviqi strategiyasının tərkib hissəsi olan bu dəyişiklik, sektorun şəffaflaşmasına və bizneslərin vergi yükünün azaldılmasına xidmət edir.
Vergi Məcəlləsinin 174.5-ci, 102.1.41-ci və 106.1.34-cü maddələrinə edilən əlavə və dəyişikliklər ictimai iaşə subyektlərinin vergi tutulan dövriyyəsinin hesablanması mexanizmini kökündən dəyişir. Qanunvericiliyin əsas məqsədi POS-terminal vasitəsilə həyata keçirilən nağdsız ödənişləri stimullaşdırmaq və sahibkarı öz dövriyyəsini leqallaşdırmağa təşviq etməkdir. Yeni qaydalara əsasən, 2026-cı il yanvarın 1-dən etibarən 3 il müddətinə ictimai iaşə fəaliyyəti göstərən şəxslərin əhaliyə göstərdiyi xidmətlər üzrə nağdsız qaydada (POS-terminal vasitəsilə) aparılan ödənişlər əsasında formalaşan dövriyyəsinin 50 faizi onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Bu o deməkdir ki, nağdsız dövriyyənin yarısına görə ƏDV hesablanmır. Lakin bu güzəştdən yararlanmaq üçün qanunvericilik çox mühüm və qəti bir şərt irəli sürür. Belə ki, nağdsız ödənişlər mütləq şəkildə nəzarət-kassa aparatına (NKA) vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Əgər subyekt köhnə nəsil, inteqrasiya olunmamış terminallardan istifadə edirsə və ya ödəniş kassa aparatı ilə sinxronlaşdırılmırsa, bu güzəşt tətbiq olunmur. 
Digər bir mühüm yenilik isə gəlir/mənfəət vergisi ilə bağlıdır. ƏDV məbləğinin azaldılmasından (yəni nağdsız dövriyyənin 50%-nin çıxılmasından) əldə edilən bu qənaət, fiziki şəxslərdə gəlir vergisindən, hüquqi şəxslərdə (şirkətlərdə) isə mənfəət vergisindən azaddır. Yəni, dövlətin sizə bağışladığı vergi məbləği sonradan başqa bir vergi növü ilə yenidən vergiyə cəlb edilmir. 
Məsələn, bir restoranın aylıq dövriyyəsi 80 000 manat olub. Bunun 50 000 manatı nağd, 30 000 manatı isə kartla (POS-terminal vasitəsilə) ödənilib. Əvvəl restoran bütöv 80 000 manatdan 18% ƏDV ödəyirdi. İndi isə dövlət kartla keçən 30 000 manatın yarısına (15 000 manatına) vergi tətbiq etmir. Beləliklə, restoran 80 000 manatdan deyil, yalnız 65 000 manatdan 18% ƏDV ödəyir.
Nəticədə restoran balansında bir ayda 2 700 manat əlavə pul qalır. Həmçinin, dövriyyədən çıxılan 15 000 manatlıq hissə gəlir/mənfəət vergisindən də azad edildiyi üçün biznes ikiqat qazanclı çıxır.
Bu dəyişiklik yalnız rəqəmlərin azalması deyil, ictimai iaşə sektorunun gələcək strukturunu müəyyən edən strateji bir addımdır. Bu yeniliyin biznes mühitinə təsirlərini bir neçə mühüm aspektdə qruplaşdırmaq olar. Bunlardan biri “kölgı iqtisadiyyatı”nın kiçilməsi və şəffaflıq məsələsidir. İctimai iaşə sektoru tarixən nağd pul dövriyyəsinin və dövriyyə gizlədilməsinin ən yüksək olduğu sahələrdən biridir. Sahibkarlar çox vaxt yüksək vergi yükündən yayınmaq üçün kartla ödənişlərdən müxtəlif bəhanələrlə yayınırdılar. Bu dəyişiklik isə fəlsəfəni tamamilə dəyişir. Başqa sözlə, dövlət cəza və cərimə mexanizmi ilə deyil, iqtisadi stimullaşdırma ilə sahibkarı leqal işləməyə cəlb edir. Nağdsız dövriyyə nə qədər çox olarsa, ödəniləcək vergi bir o qədər azalar. Bu amil rentabelliyin artması və investisiya cəlbediciliyinə də təsir edir. Xüsusilə ƏDV ödəyicisi olan böyük restoran şəbəkələri, hotellər və kafelər üçün vergi yükünün bu dərəcədə azaldılması xalis mənfəət marjasını birbaşa yüksəldir. Qənaət olunan vəsaitlər xidmət keyfiyyətinin artırılmasına, modernləşməyə, yeni filialların açılmasına və ən əsası, işçilərin rəsmi əməkhaqlarının artırılmasına yönəldilə bilər. Bu isə sektora yerli və xarici investisiya axınını sürətləndirəcək.
Qanunda qeyd olunmuş "vahid əməliyyat sisteminə inteqrasiya edilmiş POS-terminal" şərti ölkədə kassa-pos sistemlərinin tam avtomatlaşdırılmasını məcburi edir. Bu, POS-terminal gizlədən, "aparat qırılıb", "internet yoxdur" bəhanəsi gətirən obyektlərin rəqabət qabiliyyətini itirməsinə səbəb olacaq. İstehlakçılar (müştərilər) kartla rahat şəkildə ödəniş edə biləcəklər, çünki artıq sahibkar özü kartla ödəniş almaqda maraqlı tərəfə çevrilir.
Bununla da, vergisini düzgün və dürüst ödəyən sahibkarla, dövriyyəni gizlədərək haqsız qiymət üstünlüyü qazanan qeyri-leqal bizneslər arasındakı bərabərsizlik aradan qalxır. Leqal fəaliyyət göstərmək artıq maliyyə baxımından gizli işləməkdən daha sərfəli və təhlükəsiz hala gəlir.
Nəticədə, Vergi Məcəlləsinə edilən bu mütərəqqi dəyişiklik dövlət-biznes münasibətlərində yeni bir etimad mərhələsinin göstəricisidir. Dövlət ictimai iaşə sektoruna açıq mesaj verir: Dövriyyəni ağart, nağdsız ödəniş qəbul et, mən sənin vergi yükünü azaldım. 3 illik keçid dövrü sahibkarlar üçün öz sistemlərini şəffaf qurmaq, brendlərini böyütmək və rəqabətdə önə keçmək üçün qızıl imkandır. Bu şansı düzgün dəyərləndirən bizneslər uzunmüddətli perspektivdə sektorun liderlərinə çevriləcəklər.

Çinarə Ağayeva,
Biznes məsləhətçi

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh