Banner

MTK-lar üçün önəmli olan satışdır, şəhərin görünüşü onları maraqlandırmır - MEMAR

Sosial 24 Fevral 2026 14:48
MTK-lar üçün önəmli olan satışdır, şəhərin görünüşü onları maraqlandırmır - MEMAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər şəhərlərdə çoxmərtəbəli yaşayış binalarının sayı sürətlə artıb və tikinti sektoru iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib. Yeni layihələr sürətli inşaat tempi və geniş reklam kampaniyaları ilə diqqət çəkir. Lakin paralel olaraq cəmiyyətdə tikilən binaların real keyfiyyəti, istifadə olunan materialların davamlılığı, təhlükəsizlik standartları və ümumi yaşayış komfortu ilə bağlı müzakirələr də güclənib.

Avtosfer.az xəbər verir ki, bazarda rəqabət və kommersiya maraqları fonunda memarlıq estetikası, planlaşdırma keyfiyyəti və uzunmüddətli dayanıqlılıq məsələləri sual doğurur. Bu kontekstdə yeni tikililərin əvvəlki dövrlərlə müqayisədə hansı istiqamətdə dəyişdiyi, şirkətlərin prioritetlərinin nə olduğu və mənzil alıcılarının seçim zamanı nələrə diqqət yetirməli olduğu aktual müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, son illər tikinti keyfiyyəti nəzarətin güclənməsi ilə artsa da, özəl sektorda estetik və şəhər memarlığı prinsiplərinə çox vaxt yetərincə əməl olunmur:

“Son illərdə tikilən yaşayış binalarının keyfiyyəti əvvəlki dövrlərlə müqayisədə xeyli irəliləyişə nail olub. Xüsusilə Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra tikinti sahəsində nəzarət mexanizmləri gücləndirilib, texniki və konstruktiv baxımdan daha sərt qayda-qanunlar tətbiq olunmağa başlanıb. Tələblərin müəyyənləşdirilməsi və onlara nəzarət edilməsi nəticəsində binaların konstruksiya və texniki möhkəmliyi artıb. Bu baxımdan inkişafdan danışmaq mümkündür. Lakin özəl tikinti sektorunda, xüsusilə sahibkarlar və MTK-lar tərəfindən inşa edilən yaşayış binalarında vəziyyət bir qədər fərqlidir. Təəssüf ki, bu binalarda şəhər memarlığına və şəhərin memarlıq ansamblına əksər hallarda riayət olunmur. Əsas məqsəd satış olduğu üçün daha çox standart və ənənəvi layihələrə üstünlük verilir”. 

Memar deyib ki, çox vaxt standart və kommersiya yönümlü layihələrə üstünlük verilir, milli memarlıq ənənələri nəzərə alınmır:
“Bir çox hallarda sovet dövründəki eyni tipli layihələrə bənzər binalar inşa olunur. Burada əsas məqsəd estetik yanaşma deyil, kommersiya marağıdır. Halbuki yüzlərlə bina tikən şirkətlər ən azı bir neçəsində xüsusilə mərkəzi və mərkəzə yaxın ərazilərdə Azərbaycan milli memarlıq ənənələrini, ornament və detalları əks etdirən memarlıq nümunələri yarada bilərlər. Təəssüf ki, buna maraq göstərilmir və güclü memarlara müraciət edilmir. Çünki peşəkar memar daha keyfiyyətli və prinsipial yanaşma sərgiləyir. Bunun əvəzinə daha ucuz və səthi yanaşma seçilir, hətta bəzən yalnız dizaynerlərlə kifayətlənilir ki, xərclər az olsun. Nəticədə dərin Azərbaycan memarlıq ənənələrini əks etdirən layihələr ortaya çıxmır. Əsas məqsəd kvadratmetri artırmaq və mənzili daha tez satmaq olur. Mənzil alan vətəndaşlar isə tikinti zamanı real keyfiyyəti yalnız mütəxəssislərin köməyi ilə yoxlaya bilərlər. Necə ki, tikinti şirkəti ən güclü memarı cəlb etmədən binanı satışa çıxarırsa, vətəndaşlar da mənzil alarkən yalnız hüquqi məsələlərlə kifayətlənməməli, mütləq memar və ya mühəndis mütəxəssis də cəlb etməlidirlər. Keyfiyyət yoxlanıldıqdan sonra 300–500 min manat kimi böyük məbləğlər ödəyərək mənzil sahibi olmaq daha doğru olar”.
Nurcan Babək

Oxunub : 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh