Qorxu və şiddətli ekran işləri uşaq psixologiyasına təsir edir: Nələrə diqqət edilməlidir? - PSİXOLOQ

Sosial 28 Aprel 2026 16:41
Qorxu və şiddətli ekran işləri uşaq psixologiyasına təsir edir: Nələrə diqqət edilməlidir? - PSİXOLOQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uşaqların internet mühitində keçirdiyi vaxt və qarşılaşdıqları məzmun son illərdə xüsusilə diqqət mərkəzində olan mövzulardandır. Rəqəmsal platformaların əlçatanlığı artdıqca, müxtəlif janrlarda filmlər və videolar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilir. Bu isə həm valideynlər, həm də mütəxəssislər üçün yeni suallar və məsuliyyətlər yaradır. Xüsusilə şiddət, qorxu və silah istifadəsini əks etdirən məzmunların uşaqların emosional və psixoloji inkişafına mümkün təsiri geniş müzakirə olunur. Bu kontekstdə valideyn nəzarətinin rolu, sərhədlərin müəyyənləşdirilməsi və uşaqların sağlam media vərdişlərinin formalaşdırılması mühüm mövzu kimi ön plana çıxır.
Mövzu ilə əlaqədar psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, uşaqların qorxulu və terror janrında olan filmlərə baxması, hətta bəzi digər filmlərin belə izlənməsi onların psixologiyasına birbaşa təsir etdiyi üçün mütləq nəzarət tələb edir:


“Çünki uşaq beyni hələ formalaşma mərhələsində olduğundan, gördüyü səhnələri real həyat kimi qəbul edə bilir. Bu isə bir sıra problemlərə səbəb ola bilər. İlk olaraq, uşaqlarda qəfil qorxu və təşviş yaranır, gecə qorxuları, tək qalmaqdan çəkinmə müşahidə olunur. Hətta 13–14 yaşlı uşaqlarda belə kabuslar, yuxuda qışqırmalar baş verə bilir. Ayıldıqdan sonra belə, kiçik bir kölgə belə onları qorxuda bilər və bu hallar psixoloji nevrotik vəziyyətlərin yaranmasına gətirib çıxara bilər. Yeniyetmə dövründə isə yuxu pozuntuları və davranış dəyişiklikləri daha qabarıq şəkildə özünü göstərir. Bəzən uşaq reallıqla fantaziyanı ayırmaqda çətinlik çəkir. Xüsusilə 6–12 yaş arası uşaqlar bu cür təsirlərə daha həssas olur. Bu yaş dövrü ibtidai sinif mərhələsinə təsadüf etdiyindən, təəssüf ki, bəzi valideynlər uşaqları idarə etmək və ya dərsə yönləndirmək üçün qorxu metodlarından istifadə edirlər. 3D effektli filmlər isə bu təsiri daha da gücləndirir. Uşaq səhnələri daha real qavradığı üçün onları reallıqdan ayırmaqda çətinlik çəkir. Uşağın baxdığı filmləri yaşına uyğun seçmək, onunla birlikdə izləmək və filmdən sonra müzakirə aparmaq çox vacibdir. Hətta imkan varsa, uşaqlara filmlərin necə çəkildiyini göstərmək, çəkiliş prosesini izah etmək faydalı olar. Əgər uşaq qorxu hiss edərsə, onu tək qoymaq olmaz. Ona emosional dəstək verilməlidir. Gecə saatlarında bu tip filmlərə baxmağa icazə verilməməlidir. Çünki gecə vaxtı uşağın sualları artır və gördüklərinin təsirindən çıxmaqda çətinlik çəkir. “Qorxma” demək əvəzinə, uşağın hisslərini qəbul edib onu sakitləşdirmək, vəziyyəti düzgün izah etmək daha faydalıdır. Məsələn, bunun sadəcə film olduğunu və müəyyən şəkildə çəkildiyini anlatmaq lazımdır. Bu baxımdan valideynlərin daha diqqətli və həssas yanaşması böyük əhəmiyyət daşıyır”.
Nurcan Babək

Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh