Rəqəmsal tədris və süni intellektin tətbiqi təhsildə yeni mərhələ yaradır - EKSPERT

Sosial 8 May 2026 11:41
Rəqəmsal tədris və süni intellektin tətbiqi təhsildə yeni mərhələ yaradır - EKSPERT
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda rəqəmsal təhsilin inkişafı təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Texnologiyanın sürətli inkişafı və rəqəmsallaşma prosesinin genişlənməsi tədris sistemində yeni yanaşmaların tətbiqini aktuallaşdırıb. Hazırda bir çox məktəb və ali təhsil müəssisəsində elektron platformalar, onlayn dərs sistemləri və rəqəmsal tədris resurslarından istifadə genişlənir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, dünyanın əksər ölkələri təhsil prosesinin rəqəmsallaşdırılmasına keçiblər. Xüsusilə inkişaf etmiş ölkələrdə bu istiqamətdə ciddi addımlar atılır. Daha çox isə süni intellekt əsaslı təhsil prosesinin və təhsil sisteminin ümumilikdə bu prosesə adaptasiya olunmasına çalışılır. Təbii ki, bu amillər nəzərə alınaraq bizim ölkəmizdə də bu istiqamətdə müvafiq işlər görülür. 


"Məsələn, yaxın zamanda cənab Prezidentin tapşırığı əsasında Süni İntellekt Mərkəzi yaradıldı. Eyni zamanda ali təhsil istiqamətində müxtəlif layihələr çərçivəsində süni intellekt əsaslı kadr hazırlığı həyata keçirilir. O cümlədən informasiya texnologiyaları və informasiya-kommunikasiya texnologiyaları istiqamətində də təhsil alanların bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif təlimlər keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın dövr ərzində biz təhsil sahəsində rəqəmsal idarəetməni mütləq şəkildə həyata keçirməliyik. Məsələn, yaxın zamanda rəqəmsal məktəb platformasından istifadə edilirdi. Burada həm şagirdlər, həm müəllimlər, həm məktəb rəhbərliyi, həm də valideynlər təhsil prosesində baş verən yeniliklərdən xəbərdar ola bilir, eyni zamanda öz fikirlərini bildirə bilirdilər. Şagirdlərin gündəlik nəticələri, qiymətləndirmələri və digər məlumatlar valideynlər üçün əlçatan olurdu. Hesab olunur ki, bu tətbiq bütün respublikanı əhatə etməlidir. Təbii ki, burada əsas məsələlərdən biri internet təminatıdır. Bu istiqamətdə də işlər görülür. Artıq şagirdlərin böyük hissəsinin fiber-optik internetlə təmin olunması istiqamətində addımlar atılır və qarşıdakı dövrdə bunun tam şəkildə təmin olunacağı gözlənilir. Bununla paralel olaraq texniki təminat məsələsi də vacibdir. Bütün bu işlər həyata keçirildikdən sonra təhsilin rəqəmsallaşdırılması ümumi tədris keyfiyyətinə müsbət təsir göstərəcək. Süni intellektin təhsil sistemində tətbiqinə gəldikdə isə, bu həm müəllimlər, həm də şagirdlər üçün müəyyən imkanlar yaradır. Xüsusilə qiymətləndirmə prosesində daha obyektiv nəticələrin əldə olunması baxımından süni intellekt əsaslı alətlər faydalı ola bilər. Çünki bəzi hallarda insan faktorundan qaynaqlanan səhvlər və subyektiv yanaşmalar müşahidə olunur. Süni intellekt vasitəsilə bu problemlərin müəyyən qədər aradan qaldırılması mümkündür. Eyni zamanda tədris prosesində verilən informasiyanın daha effektiv çatdırılması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, müəllim və şagird arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından da süni intellekt mühüm rol oynaya bilər. Ümumilikdə isə bu prosesin tətbiqi həm təhsil göstəricilərində, həm də pedaqoji heyətin yanaşmasında müsbət dəyişikliklərə səbəb ola bilər".
Fatimə Dadaşova

Oxunub : 92
ŞƏRH YAZ
Ad

E-mail

Şərh