Tədris ilinin iyunun 14-dək uzadılması şagirdlərə nə qazandırır? – Ekspert RƏYİ

2016-cı ilə qədər Azərbaycandakı bütün məktəblərdə tədris müddəti mayın 31-də başa çatırdı. Hətta 2004-cü ilə qədər ölkədə 1 sentyabr Bilik Günü olaraq qeyd edilirdi. Sonradan bu günün də tarixi dəyişdirilərək 15 sentyabra çəkildi. Artıq illərdir ki, məktəblərdə dərslər iyunun 14-dək davam edir. Avtosfer.az xəbər verir ki, tədris müddətinin uzadılmasının effektivliyi və bunun şagirdlərin təhsilinə təsiri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sual olunan məsələ isə ondan ibarətdir ki, hər kəsə məlum olduğu kimi, məktəblərdə bütün siniflər üzrə tədris prosesi mayın 25-nə kimi yekunlaşır, abituriyentlərin və 9-cu siniflərin qəbul və buraxılış imtahanları belə mayın 28-dən sonraya qalmır. Bu halda, tədris prosesi niyə iyunun ortalarına qədər uzadılıb?
Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov Avtosfer.az-a açıqlamasında bildirib ki, tədris ilinin iyunun 14-dək davam etməsinin şagirdlər üçün psixoloji baxımdan müəyyən çətinliklər yaradır. Çünki mayın sonu ilə iyunun ortaları arasında şagirdlərin dərsə marağında və motivasiyasında ciddi fərq müşahidə olunur:

"Əgər dərslər mayın sonunda başa çatsaydı, həm bir ay tamamlanmış olar, həm də tədris ilinin yekunlaşması daha məntiqli görünərdi. Lakin əlavə iki həftə ərzində şagirdlərin sinifdə qalması, dərsə davamiyyəti, diqqətini toplaması və tədris prosesində fəal iştirak etməsi daha çətin olur. Bu səbəbdən hesab edirəm ki, tədris ilinin sentyabrın əvvəlindən mayın sonunadək davam etməsi daha məqsədəuyğun olardı. Ümumiyyətlə, Azərbaycanda şagirdlərin məktəbdə keçirdiyi vaxt bir çox ölkələrlə müqayisədə azdır. Bunun əsas səbəblərindən biri tamgün təhsilin geniş tətbiq olunmaması və yarımgün təhsil modelinin üstünlük təşkil etməsidir. Nəticədə, sentyabrın ortalarından iyunun ortalarınadək olan müddətdə şagirdlər bir çox fənləri məhdud saatlarla öyrənirlər".
Təhsil eksperti qeyd edib ki, prosesin belə təşkil edilməsi onların daha çox səthi və ümumi biliklər əldə etməsinə səbəb olur.
“Halbuki müasir dövrdə ehtiyac duyulan əsas məsələ şagirdlərin müəyyən sahələr üzrə daha dərin və ixtisaslaşmış biliklərə yiyələnməsidir. Ona görə də mövcud tədris təqviminin təhsilin keyfiyyətinə ciddi müsbət təsir göstərdiyini düşünmürəm. Tədris ilinin mayın sonunda başa çatması və sentyabrın əvvəlində başlaması həm təşkilati, həm də psixoloji baxımdan daha uyğun variant ola bilər”.
Təhsil eksperti Elmin Nurizadənin fikrincə, tədris ilinin uzanması əslində ilkin mənada doğru qəbul edilməyə bilər. Çünki yekunda tədris ili bir proses olaraq uzanmır, sadəcə, onun bitmə tarixi, belə deyək, “finiş xətti”nin vaxtı dəyişdirilir:

"Dərslər mayın 31-də də bitəndə, 14 iyunda da tamamlananda tədris ili eyni müddət göstəricisinə sahib olub; sadəcə, tətillər arasındakı yerdəyişmə, müəyyən uzantılar bitmə vaxtında müəyyən dəyişimlərə gətirib çıxardı. Lakin məsələnin psixoloji baxımdan dəyərləndirilməsi, adaptiv proseslərin ön planda saxlanılması mexanizmi iyun ayının tən yarısının məktəb mühiti üçün o qədər də keçərli olduğunu diktə etmir. Yayın ilk ayı artıq insanlarda, xüsusən də şagirdlərdə tətil siqnallarının yaranması, planlarını onun üzərində qurması üzərində formsalaşır".
Elmin Nurizadə onu da vurğulayıb ki, şagirdlərin fikrinin yay tətilində qalması onların verimliliyinə də mənfi təsir edir.
“Uzun illər tədris proqramının may ayında tamamlanması, şagirdlərin qarşıdakı 3 aya yalnız tətil müddəti kimi fokuslanması artıq oturuşmuş detala çevrilmişdi. Lakin tədris proqramının illər keçdikcə dəyişməsi, kəmiyyət və keyfiiyyət fərqinin artmasını da nəzərə alsaq, bunu həm də başadüşülən hesab etmək olar. Burada əsas məsələ təhsilalanın cari tədris ili boyunca onun üçün təsdiqlənmiş tədris proqramına tam şəkildə vaqif olmasıdır. Hətta vaqif olmasa da belə bu proqraqm tam şəkildə ona təqdim edilməlidir. Düşünürəm ki, dünya təhsilinin cari inkişaf mexanizmi bizdən də yan ötmür və biz təhsildəki ağır proqram amilinin yenə də şahidi olacağıq. Sırf bu proqramın stabilliyini saxlamaqdan ötrü düşünürəm ki, tədris ilinin bitməsi məsələsini anlayışla qarşılamaq olar”.
Fatimə Dadaşova
Deputatdan bu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...
Bakıda yağış yağacaq, bir sıra rayonlara dolu düşəcək - SABAHIN HAVASI
Metro və avtobuslarda gedişhaqqı dəyişir – Yeni ödəniş sistemi belə olacaq
Milyonlarla kənd sakininə ŞAD XƏBƏR: Evlərə kütləvi “kupça” verilə bilər
Sosial şəbəkələrdə yayılan görüntülər insanları təşvişə saldı - VİDEO
Bu şəxslər rayondan Bakıya gəlməyəcəklər – SƏBƏB
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – Sürücülərin diqqətinə!
Bakının mərkəzində məşhur bina sökülür? - Park salına bilər
Yolları bərbad vəziyyətdə olan sakinlər - İri gölməçələr yaranıb - VİDEO
Bakıda bu ərazilərdə söküntü planlaşdırılır










