Vətəndaşlar öz fərdi evlərinə niyə çıxarış ala bilmirlər? - İLGİNC SƏBƏBLƏR

Sosial 23 Aprel 2026 19:30
Vətəndaşlar öz fərdi evlərinə niyə çıxarış ala bilmirlər? - İLGİNC SƏBƏBLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər Azərbaycanda daşınmaz əmlak bazarında ən çox müzakirə olunan məsələlərdən biri mənzillərə və fərdi yaşayış evlərinə çıxarışların verilməsi prosesidir. Rəsmi qurumlar tərəfindən bu sahədə prosedurların sadələşdirilməsi və vətəndaşların mülkiyyət hüquqlarının daha operativ təmin olunacağı ilə bağlı ardıcıl açıqlamalar verilsə də, real vəziyyət gözləntilərlə tam üst-üstə düşmür. Əksinə, son dövrlərdə çıxarışların verilməsi tempinin zəiflədiyi, hətta bəzi hallarda azalma müşahidə olunduğu bildirilir ki, bu da həm bazarda qeyri-müəyyənlik yaradır, həm də vətəndaşların narazılığına səbəb olur.

Bəs görəsən, niyə vətəndaşlar hələ də öz daşınmaz əmlaklarına çıxarış ala bilmir?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bu vəziyyət bir neçə amillə bağlıdır.

“2019–2020-ci illərdə çoxmənzilli binaların istismara qəbulu ilə bağlı prezident fərmanı qəbul edildi və bu, prosesin müəyyən qədər sadələşdirilməsinə səbəb oldu. Nəticədə 2021–2022-ci illərə qədər yeni tikililər daha sürətli şəkildə istismara qəbul edilirdi. Bu sahədə ən mühüm addımlardan biri isə 2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı olub. Həmin qərara əsasən pilot layihələr həyata keçirilməyə başlanılıb və müəyyən müddət ərzində tikinti sektorunda aktivlik müşahidə olunub. Lakin sonrakı illərdə vəziyyət dəyişib. 2016-cı illə 2026-cı ili müqayisə etsək, tikinti şirkətlərinə verilən icazələrin həcmi 8-10 dəfə azalıb. Bu da bazarda həm qıtlıq yaradıb, həm də qiymətlərin artmasına səbəb olub. Eyni zamanda, yeni binaların az tikilməsi çıxarışların sayına da birbaşa təsir edib və nəticədə verilən çıxarışların sayı azalıb”, – deyə Elnur Azadov vurğulayıb.

Ekspert fərdi yaşayış evləri ilə bağlı vəziyyətə də toxunub. Onun sözlərinə görə, 2022–2023-cü illərdə torpaq qiymətlərinin kəskin bahalaşması bu seqmentdə tikinti tempinə mənfi təsir göstərib.

“Pandemiya dövründə fərdi evlərin tikintisi artdığı üçün həmin illərdə çıxarışların sayı da çox olub. Lakin son iki ildə tikinti həcminin azalması bu sahədə də çıxarış sayının aşağı düşməsinə gətirib çıxarıb”.

Beləliklə, mütəxəssis hesab edir ki, çıxarışların verilməsindəki azalma yalnız inzibati prosedurlarla deyil, eyni zamanda tikinti sektorundakı ümumi aktivliyin zəifləməsi ilə də sıx bağlıdır. Mövcud vəziyyət isə vətəndaşların öz mülkiyyət hüquqlarını tam rəsmiləşdirməsində ciddi çətinliklər yaratmaqda davam edir.

Oxunub : 96
ŞƏRH YAZ
Ad

E-mail

Şərh