Yeni yol layihələri Bakıda nəqliyyat sıxlığını azalda biləcəkmi? – AÇIQLAMA

Sosial 24 İyun 2026 23:06
Yeni yol layihələri Bakıda nəqliyyat sıxlığını azalda biləcəkmi? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Bakıda yol infrastrukturunun yenilənməsi və genişləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu istiqamətdə görülən işlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində daha sistemli şəkildə davam etdirilir.

Bəs həyata keçirilən yeni yol layihələri Bakıda nəqliyyat sıxlığını uzunmüddətli perspektivdə azalda biləcəkmi, yoxsa əlavə həll yollarına ehtiyac var?

Avtosfer.az-ın məlumatına görə, hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, Bakıda həyata keçirilən yeni yol layihələri nəqliyyat sıxlığının azaldılmasına müəyyən töhfə versə də, uzunmüddətli nəticələrin əldə olunması üçün əlavə və kompleks həll yollarının tətbiqi vacibdir.

Ekspert qeyd edib ki, hazırda həyata keçirilən yol layihələri “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırılır.

Onun sözlərinə görə, proqram çərçivəsində Bakının xüsusilə şimal hissəsində – Ziya Bünyadov prospekti, Mehdiabad, Bakı–Sumqayıt yolu və Böyükşor ərazisində yeni yol layihələrinin icrası nəzərdə tutulur.

“Bununla yanaşı, Dövlət Proqramında nəqliyyat sisteminin inkişafına xidmət edən digər mühüm istiqamətlər də əksini tapıb. Dövlət Proqramının əsas prioritetlərindən biri ictimai nəqliyyatın inkişafıdır. Sənədə əsasən, “Bakı Metropoliteni”nin 10 yeni stansiyasının tikilməsi, şəhərətrafı qatar şəbəkəsinin genişləndirilməsi, hərəkət intensivliyinin artırılması və Bakıətrafı qəsəbə və kəndlərin böyük hissəsinin bu şəbəkə ilə əhatə olunması nəzərdə tutulur. Eyni zamanda, Bakı–Sumqayıt–Xırdalan istiqamətində sərnişindaşımanın daha yüksək intensivliklə həyata keçirilməsi planlaşdırılır”, – deyə ekspert bildirib.

Ə.Hüseynov vurğulayıb ki, proqramda tramvay xətlərinin yaradılması, avtobus marşrutlarının genişləndirilməsi və onların əlçatanlığının artırılması da mühüm yer tutur: “Şəhərdaxili nəqliyyat yükünün azaldılması üçün piyada infrastrukturunun təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda bəzi insanlar 500-600 metrlik məsafəni belə fərdi və ya ictimai nəqliyyat vasitəsilə qət etməyə üstünlük verirlər. Halbuki rahat, təhlükəsiz və əlverişli piyada infrastrukturu yaradılarsa, orta statistik və sağlamlıq problemi olmayan insanlar bu məsafəni piyada getməyə üstünlük verərlər. Bunun üçün səkilər yenilənməli, piyada keçidləri daha təhlükəsiz və əlçatan olmalıdır”.

Ekspert əlavə edib ki, mikromobillik vasitələrinin, o cümlədən velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi də vacib istiqamətlərdən biridir.

“Bütün bu tədbirlər bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir. Yalnız yeni yolların tikilməsi problemi həll etməyəcək. Əgər ictimai nəqliyyat sistemi yetərincə inkişaf etməsə, yeni yollar qısa müddət ərzində yenidən avtomobillərlə dolacaq və nəqliyyat sıxlığı əvvəlki səviyyəyə qayıdacaq. Buna görə də bütün tədbirlər kompleks şəkildə icra olunmalıdır.

Nəqliyyat sıxlığının yaranmasına təsir göstərən amillərdən biri də Bakı və ətraf ərazilərdə məskunlaşma ilə bağlı mövcud problemlərdir. Paytaxtətrafı ərazilərdə yüz minlərlə insan yaşayır. Lakin həmin ərazilərdə təhsil, məşğulluq və digər sosial xidmətlərlə bağlı problemlər qalmaqdadır. Bir çox sakinlər övladlarının təhsili və ya iş imkanları üçün hər gün şəhər mərkəzinə üz tuturlar. Bu isə nəqliyyat sisteminə əlavə yük yaradır. Məskunlaşma siyasətinin təkmilləşdirilməsi və insanların yaşadıqları ərazilərdə keyfiyyətli xidmətlərlə təmin olunması gündəlik səfərlərin sayının azalmasına kömək edə bilər”, – deyə ekspert bildirib.

O qeyd edib ki, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi də nəqliyyat yükünün azaldılmasında mühüm rol oynaya bilər: “Rayonlarda məşğulluq imkanlarının genişləndirilməsi, sosial rifahın yüksəldilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması insanların paytaxta axınının azalmasına səbəb ola bilər. İnsanlar yalnız Bakı və Abşeronda deyil, regionlarda da yüksək həyat səviyyəsi və iş imkanları əldə etdikdə, paytaxta gündəlik və ya daimi köç ehtiyacı azalacaq. Bu isə nəqliyyat sistemindəki sıxlığın azaldılmasına müsbət təsir göstərəcək. Bu yaxınlarda dövlətimizin başçısı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə də bildirdi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”, – deyə ekspert qeyd edib.

Ə.Hüseynovun sözlərinə görə, nəqliyyat probleminin həlli təkcə yol tikintisi ilə məhdudlaşmır və şəhərsalma, məskunlaşma, təhsil, məşğulluq və regional inkişaf siyasətləri ilə paralel şəkildə həyata keçirilməlidir. Yalnız bu halda paytaxtda nəqliyyat sıxlığının uzunmüddətli və davamlı şəkildə azaldılmasına nail olmaq mümkündür.

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh