Meşə yanğınlarını pilotsuz dronlar və helikopterlər söndürəcək – VİDEO
ABŞ-ın “Lockheed Martin” şirkəti yanğınsöndürən dronlar hazırlayaraq insanın bu prosesdən tam kənarlaşdırılmasını təklif edir. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, şirkətin keçirdiyi sınaq uçuşlarında 4 pilotsuz uçuş vasitəsi iştirak edib: “İndago” avtonom dronu, K-MAX pilotsuz yük helikopteri, “Sikorsky” (SARA) avtonom tədqiqatçı helikopteri və əldən havaya buraxılan “Desert Hawk” dronu. Bu uçuş vasitələri bir-biri ilə əlaqəli şəkildə meşə yanğınları ilə mübarizə aparır.
“İndago” infraqırmızı kameralar və istilik sensorları ilə təchiz edilib. Bu dron yanğının mənbəyini yüksək dəqiqliklə müəyyən edərək məlumatları K-MAX dronuna ötürür. K-MAX isə müstəqil şəkildə havaya qalxaraq yaxınlıqdakı su hövzəsindən su götürür və onu yanğının episentrinə atır.
İri meşə yanğınları çox vaxt ərazinin yaxınlığında yaşayan əhalinin və ya oradakı turistlərin köçürülmə yollarını əngəlləyir. Yanğın zonasında insanların olub-olmadığına əmin olmaq üçün “Desert Hawk” əl dronu havaya buraxılır. Bu aparat yanğın zonasında dolaşır və orada insan olub-olmadığını müəyyən edir. İnsan tapıldıqda məlumat SARA-ya ötürülür. SARA helikopteri isə yanğın zonasında eniş üçün uyğun yer tapır, ona enir, qapısını açır və yanğın zonasındakı insanların helikopterə minməsini gözləyir, daha sonra onları təhlükəsiz yerə aparır.
Artıq “Indago” Avstraliyada yanğınların söndürülməsində iştirak edir. Digər pilotsuz uçuş vasitələrinin də prosesə qoşulması üçün 3 ildən 5 ilə qədər vaxt lazımdır.
Qeyd edək ki, ötən il ABŞ-da meşə yanğınları ilə mübarizə üçün 2 milyard dollardan çox pul xərclənib. Yanğınların söndürülməsi zamanı 6 pilot ölüb.