Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA

Texnologiya 3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın zəngin təbii ehtiyatları və əlverişli coğrafi mövqeyi ölkənin bərpa olunan enerji mənbələrindən geniş istifadə etməsi üçün böyük imkanlar yaradır. Son illərdə yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin inkişafı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Günəş və külək enerjisi potensialının reallaşdırılması, yeni layihələrin icrası və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi ölkənin həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regional yaşıl enerji mərkəzinə çevrilmək hədəfinə xidmət edir.

Avtosfer.az xəbər verir ki, Azərbaycan yaşıl enerjinin istehsalı ilə yanaşı, onun beynəlxalq bazarlara çıxarılması istiqamətində də mühüm layihələr həyata keçirir. Bu baxımdan Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaradılan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” xüsusi əhəmiyyət daşıyır.

Layihə çərçivəsində Azərbaycanın Xəzər dənizində istehsal edəcəyi bərpa olunan enerjinin Gürcüstan üzərindən Qara dənizin dibi ilə Rumıniyaya, oradan isə Avropa enerji bazarına ötürülməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı bərpa olunan enerji, enerji bazarları və yaşıl enerji həlləri üzrə ekspert Toğrul Əziz Avtosfer.az-a açıqlamasıda bildirib ki, Azərbaycan son illərdə yaşıl enerji sahəsində artıq planlaşdırma mərhələsindən real icra mərhələsinə keçib. Bir neçə il əvvəl əsasən potensialdan və gələcək layihələrdən danışırdıqsa, bu gün artıq istismarda olan, tikilən və investisiya müqavilələri bağlanmış iri günəş və külək elektrik stansiyalarından danışırıq.

“Hazırda Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə ümumi qoyuluş gücü təxminən 2 070 MVt təşkil edir. Bunun 1 443,5 MVt-ı su elektrik stansiyalarının, 306,5 MVt-ı külək, 278,2 MVt-ı isə günəş elektrik stansiyalarının payına düşür. Bərpa olunan enerji mənbələri ölkənin ümumi elektrik enerjisi qoyuluş gücünün təxminən 20,8 faizini təşkil edir.

Bu istiqamətdə dönüş yaradan layihələrdən biri “Masdar” şirkəti tərəfindən həyata keçirilmiş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasıdır. Təxminən 262 milyon ABŞ dolları həcmində xarici investisiya hesabına reallaşdırılan bu layihə ildə təxminən 500 milyon kVt/saat elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Hazırda isə bundan daha böyük layihələr icra mərhələsindədir. “Masdar” ilə əməkdaşlıq çərçivəsində Biləsuvar və Neftçalada ümumilikdə 760 MVt günəş enerjisi layihələri, eləcə də Abşeron və Qaradağda 200 MVt-dan artıq külək enerjisi layihələri üzərində iş aparılır. Xüsusilə 445 MVt gücündə Biləsuvar GES-in istismara verilməsi istiqamətində işlər sürətləndirilir.

Digər mühüm istiqamət “bp”nin Cəbrayılda həyata keçirdiyi 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasıdır. Burada artıq yarımstansiyanın tikintisi tamamlanıb və günəş panellərinin quraşdırılmasına başlanılıb. Bu layihənin xüsusi əhəmiyyəti həm də ondadır ki, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” konsepsiyasına uyğun həyata keçirilir.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə görülən işləri ayrıca qeyd etmək lazımdır. Burada yalnız iri günəş və külək stansiyalarından söhbət getmir. Hazırda həmin ərazilərdə ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyası fəaliyyət göstərir. 2 500-dən artıq fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8 MVt-dan çox olan günəş panelləri quraşdırılıb. Minlərlə günəş enerjili və enerji-effektiv işıqlandırma sistemi də tətbiq olunur”.

Ekspert onu da qeyd edib ki, Azərbaycanın əsas üstünlüyü təkcə hazırda həyata keçirilən layihələr deyil, ölkənin hələ istifadə olunmamış çox böyük enerji potensialıdır.

“Energetika Nazirliyinin hesablamalarına görə, Azərbaycanın quruda bərpa olunan enerji üzrə texniki potensialı 135 QVt, Xəzər dənizində isə 157 QVt səviyyəsində qiymətləndirilir. İqtisadi cəhətdən əlverişli potensialın təxminən 27 QVt olduğu, bunun 23 QVt-nın günəş, 3 QVt-nın isə külək enerjisinin payına düşdüyü göstərilir.

Xəzərin 157 QVt həcmində qiymətləndirilən dəniz külək potensialı isə uzunmüddətli perspektivdə Azərbaycan üçün tamamilə yeni enerji sənayesi yarada bilər. Artıq “PowerChina” ilə 2 QVt ofşor külək layihələri üzrə işlər müzakirə və qiymətləndirmə mərhələsindədir. Şirkətlə eyni zamanda 160 MVt-lıq günəş elektrik stansiyası layihəsi üzərində də iş aparılır.

Naxçıvan da gələcək yaşıl enerji xəritəsinin mühüm hissəsidir. 2026-cı ilin fevralında Naxçıvanda 25 MVt “Shams 1” və 25 MVt “Western Horizon” günəş layihələri üzrə investisiya, elektrik enerjisinin alqı-satqısı və şəbəkəyə qoşulma müqavilələri imzalanıb.

Burada bir məsələni xüsusilə vurğulamaq mütləqdir. Azərbaycanın yaşıl enerji strategiyasına yalnız “ölkə daxilində daha çox günəş paneli və külək turbini quraşdırmaq” kimi baxmaq düzgün olmazdı. Növbəti mərhələdə məqsəd Azərbaycanı regional yaşıl enerji istehsalı və ixracı mərkəzlərindən birinə çevirməkdir.

Bunun üçün Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzərində iş aparılır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək bu layihə artıq Avropanın ENTSO-E şəbəkə inkişafı üzrə TYNDP 2026 portfelinə daxil edilib və texniki-iqtisadi əsaslandırma işləri davam edir. Eyni zamanda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə də texniki-iqtisadi əsaslandırmanın birinci mərhələsinə başlanılıb.

Bu o deməkdir ki, perspektivdə Azərbaycan yalnız öz günəş və külək enerjisini deyil, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin də Avropaya ötürülməsində tranzit və enerji qovşağı rolunu oynaya bilər.

Digər mühüm məsələ enerji saxlama sistemləri – BESS və elektrik şəbəkəsinin modernləşdirilməsidir. Günəş və külək enerjisinin payı artdıqca, istehsalın dəyişkənliyini balanslaşdırmaq üçün yalnız yeni generasiya gücləri tikmək kifayət etmir. Şəbəkənin gücləndirilməsi, enerji saxlama sistemlərinin qurulması, rəqəmsal idarəetmə və çevik generasiya imkanları paralel inkişaf etməlidir. Hazırda yeni bərpa olunan enerji güclərinin şəbəkəyə təhlükəsiz inteqrasiyası və BESS sistemlərinin tətbiqi də dövlət səviyyəsində aparılan müzakirələrin əsas istiqamətlərindəndir.

Burada özəl sektorun rolunun artırılması da çox vacibdir. Yaşıl enerji yalnız “Masdar”, “ACWA Power”, “bp” və digər böyük xarici investorların həyata keçirdiyi yüzlərlə meqavatlıq layihələrdən ibarət olmamalıdır. Sənaye müəssisələri, logistika mərkəzləri, dəmir yolu infrastrukturu, su təsərrüfatı, kənd təsərrüfatı və digər böyük istehlakçıların öz enerji ehtiyaclarının bir hissəsini günəş və digər bərpa olunan mənbələr hesabına təmin etməsi üçün bazar mexanizmlərinin genişləndirilməsi lazımdır”.

Toğrul Əziz vurğulayıb ki, növbəti mərhələdə PPA mexanizmlərinin, özəl investisiya və BOT modellərinin, enerji saxlama sistemlərinin, yaşıl maliyyələşdirmənin və yerli EPC potensialının inkişafı xüsusi əhəmiyyət daşıyacaq.

“Yəni, biz yalnız xarici investisiyanı ölkəyə gətirməklə kifayətlənməməliyik. Bu investisiyanın yaratdığı texnologiya, mühəndislik təcrübəsi və layihə idarəetmə bacarıqlarının mümkün qədər böyük hissəsi Azərbaycanda qalmalıdır.

2025-ci ildə ölkədə günəş və külək stansiyalarında ümumilikdə 769,5 milyon kVt·saat elektrik enerjisi istehsal edilib və bu göstərici əvvəlki illə müqayisədə 162,3 milyon kVt·saat artıb. 2026-cı ilin ilk yarısında isə su, külək və digər yaşıl mənbələr daxil olmaqla yaşıl enerji istehsalı təxminən 2,8 milyard kVt·saata çatıb. Yəni, proses artıq başlayıb və geri dönüşü olmayan mərhələyə keçib.

Azərbaycanın yaşıl enerji potensialı kifayət qədər böyükdür. İndi əsas məsələ bu potensialın nə qədər sürətli, iqtisadi cəhətdən səmərəli və ölkənin uzunmüddətli maraqlarına uyğun şəkildə real enerji gücünə çevrilməsidir. Uğurun əsas göstəricisi yalnız neçə meqavat yeni stansiya tikdiyimiz olmayacaq. Eyni zamanda nə qədər investisiya cəlb etdiyimiz, nə qədər təbii qaza qənaət etdiyimiz, nə qədər yaşıl enerji ixrac etdiyimiz və bu prosesdə nə qədər güclü yerli mühəndislik və EPC şirkətləri formalaşdırdığımız da önəmli olacaq.

Bu baxımdan qarşıdakı 5–10 ili Azərbaycanın enerji sektorunun strukturunun dəyişəcəyi ən mühüm dövrlərdən biri hesab etmək olar”.

Səfər

Oxunub : 258
ŞƏRH YAZ
Ad

E-mail

Şərh