Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT

Amerikalı milyarder İlon Mask Ukrayna ordusunun “Starlink” peyk rabitəsi sistemində sürət məhdudiyyətləri ilə üzləşməsi ilə bağlı iddiaları şərh edib. Avtosfer.az xəbər verir ki, Mask "X" sosial şəbəkəsindəki paylaşımında “Starlink”in mülki kommersiya xidməti olduğunu və sistemdən dron hücumları, eləcə də insanların öldürülməsi üçün istifadəyə icazə verilmədiyini bildirib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri xidmətin istifadə şərtlərini pozub və bu problem ötən həftə aradan qaldırılıb.
Mask ABŞ hökumətinin idarə etdiyi “Starshield” sisteminin istifadəsi ilə bağlı qərarların da Vaşinqton tərəfindən verildiyini qeyd edib. O, eyni zamanda, “Starlink”in fəaliyyətinin dayandırılmasının Ukrayna ordusunun dağılmasına səbəb ola biləcəyini iddia edib. Milyarder Ukraynanın müdafiəsinə dəstək baxımından “SpaceX” şirkətinin digər özəl şirkətlərdən daha çox iş gördüyünü vurğulayıb.
Maskın açıqlaması sosial şəbəkədə etirazlara səbəb olub. Bəzi istifadəçilər Ukraynanın Rusiya təcavüzünə qarşı özünü müdafiə etdiyini bildirərək, rabitə sistemindəki məhdudiyyətlərin hərbçilərin və mülki şəxslərin həyatını təhlükəyə ata biləcəyini qeyd ediblər.
Ukrayna ordusu “Starlink”lə bağlı problemlərin oktyabrın 14-dən başladığını açıqlayıb. Məlumata görə, yaranmış çətinliklər Ukrayna qüvvələrinin dron hücumlarına, pilotsuz uçuş aparatlarına qarşı mübarizəsinə və bəzi kəşfiyyat uçuşlarına təsir göstərib.
ABŞ rəsmiləri problemin texniki xarakter daşıdığını bildiriblər. Bunun ardınca ABŞ rəhbərliyi Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələri də tənqid edib.
İlon Maskın “Starlink” sistemindən hərbi məqsədlərlə istifadəni məhdudlaşdırması Ukraynanın döyüş qabiliyyətinə və müharibənin gedişinə necə təsir göstərə bilər? Bu vəziyyət özəl texnologiya şirkətlərinin müharibələrdə siyasi və hərbi təsir gücünü necə ortaya qoyur?
Beynəlxalq münasibətlər üzrə mütəxəssis Cavanşir Altay Avtosfer.az-a müsahibəsində bildirib ki, "Starlink" Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra İlon Maskın qərarı ilə Ukraynada aktivləşdirilmişdi:
"Bu gün ölkədə on minlərlə "Starlink" terminalı fəaliyyət göstərir. Əvvəlcə mülki əhalinin rabitə və internetə çıxışını təmin etmək məqsədi daşıyan sistem sonradan Ukrayna ordusu üçün də mühüm infrastruktura çevrildi. Hərbi bölmələr ondan rabitə, kəşfiyyat məlumatlarının ötürülməsi, döyüş meydanında koordinasiya və pilotsuz aparatların idarə olunması üçün istifadə edirlər. Beləliklə, "Starlink" Ukraynanın hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırsa da, müəyyən mənada ölkəni özəl şirkətin texnologiyasından asılı vəziyyətə gətirdi.
Son günlərdə bu asılılığın yaratdığı risklər müzakirə olunur. Ukrayna bəzi hərbi pilotsuz aparatların idarə olunmasında bağlantı problemlərinin yarandığını və bunun müəyyən əməliyyatlara mənfi təsir göstərdiyini bildirdi. İlon Mask isə Ukrayna ordusunun kommersiya "Starlink" xidmətindən istifadə şərtlərini pozduğunu iddia etdi. Ukrayna tərəfi, öz növbəsində, bu ittihamı rədd etdi. Oktyabrın 24-də Prezident Volodimir Zelenski xidmətin əvvəlki sürətlərə qaytarıldığını açıqladı. Bununla belə, gələcəkdə oxşar problemlərin təkrarlanmayacağına dair təminat yoxdur.
Təbii ki, "Starlink" tamamilə sıradan çıxsa və ya onun hərbi istifadəsi ciddi şəkildə məhdudlaşdırılsa, bu, Ukrayna ordusunun iflic vəziyyətinə düşəcəyi demək deyil. Çünki alternativ rabitə vasitələri də mövcuddur. Lakin həmin vasitələrin "Starlink"i eyni miqyasda və dərhal əvəz etməsi bir qədər mürəkkəb məsələdir. Müharibə başlamazdan əvvəl bir məqaləmdə bu müharibənin başlayacağının və Qərbin Ukraynaya tam dəstək verəcəyinin heç kimdə şübhə doğurmamalı olduğunu yazmışdım. Həmin dəstək bu gün də davam edir. ABŞ-də respublikaçılar hakimiyyətə gəlməzdən əvvəl də, daha sonra isə cənab Trampın Ukraynaya qarşı ritorikası fonunda dəfələrlə qeyd etmişdim və bu gün də təkrar edirəm ki, ABŞ-nin Kiyevin zərərinə görünən ritorikası və addımları taktiki və dövri xarakter daşıyır. Belə ki, kollektiv Qərb Rusiyaya qarşı sanki beş addım irəli, bir addım geri atır. Məqsəd isə Rusiya ilə birbaşa hərbi toqquşmaya girmədən onu mümkün qədər zəiflətməkdir. Diqqət yetirsəniz, bəzən Avropa liderləri ilə Vaşinqtonun mövqeləri arasında ciddi fikir ayrılığı varmış kimi görüntü yaradılır. El arasında buna “yaxşı polis, pis polis” oyunu deyirlər".
Cavanşir Altay əlavə edib ki, Qərbin (daha çox anqlo-saksların) bu yanaşması Rusiyanı getdikcə daha dərin bataqlığa çəkir. Rusiya hakimiyyət dairələri vəziyyəti düzgün qiymətləndirmir və ABŞ ilə razılığa gəlməklə Ukraynanı məğlub edə biləcəklərinə ümid bəsləyirlər.
"Ancaq əsas məsələ ayrı-ayrı qərarların və addımların zahirən kimə sərf etməsi deyil, onların uzunmüddətli geosiyasi nəticələridir. Vaşinqtonun ritorikasındakı hər dəyişiklikdə Qərbin “strateji geri çəkilməsini” və özünün “strateji qələbəsini” görməsi Moskvanı ciddi yanlış hesablamalara sürükləyə bilər. Bütün bu ziddiyyətlərə və taktiki manevrlərə baxmayaraq, Qərbin Ukraynaya dəstəyinin davam edəcəyini və müharibənin yaxın perspektivdə başa çatmasının qeyri-real olduğunu düşünürəm".
Türkan Ülvi
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO












