Banner

B planı yoxdur - Ya Zəngəzur dəhlizi, ya da Zəngəzur dəhlizi - FOTOLAR

Yazarlar 15 Yanvar 2025 14:56 Oxunub 270
B planı yoxdur - Ya Zəngəzur dəhlizi, ya da Zəngəzur dəhlizi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zəngəzur dəhlizi Azərbaycanla yanaşı dünyanın nəhəng iqtisadi gücləri sayılan Amerika, Çin və İngiltərənin marağında olan siyasi-iqtisadi layihədir. İki gün öncə Amerika mediası xəbər verdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ermənistan və Azərbaycan liderlərini Ağ Evə dəvət edərək iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını təmin edə bilər. The Wall Street Journal öz analitik məqaləsində bildirir ki, sülh müqaviləsi Avropa bazarlarını Mərkəzi Asiyanın resursları, o cümlədən enerji və nadir torpaq metalları ilə birləşdirən həyati əhəmiyyətli ticarət marşrutu olan Orta dəhlizə çıxışı genişləndirə bilər. Bu, inkişaf, ticarət və enerji əməkdaşlığı üçün yeni imkanlar açacaq.

Anlaşılan odur ki, dünyaya Ermənistan və onun qondarma iddiaları yox, güclü iqtisadiyyat və bunun üçün də sağlam nəqliyyat dəhlizi lazımdır. Azərbaycanın birmənalı şəkildə dəstəklədiyi Orta dəhlizə əngəl olmaq istəyən bəzi dövlətlər, xüsusən də Fransa, İran və bəzi Xəzəryani ölkələr bu üç nəhəng dövlətin iradəsinə zidd gedə bilməyəcəklər. Belə olan təqdirdə Orta dəhliz tam gücüylə işləyəcək. Bu dəhlizin əsas hissəsi Zəngəzur dəhlizidir. Bunun faydasını görəcək dövlətlərdən biri də Ermənistan olacaq. Onlar bunu nə qədər tez anlasalar o qədər yaxşı olacaq. Cənab Prezident İlham Əliyev bu mesajı bir neçə dəfə açıq formada ifadə edib və Paşinyana da başa salıb. Adını nə qoysalar da Azərbaycan liderinin dediyi olacaq. Zatən, bu günə qədər dediklərinin hamısı olub...

Mübaliğəsiz şəkildə deyə bilərik ki, bu gün bir çox müharibələr və ya sülh qərarları məhz nəqliyyarət dəhlizləri uğrunda baş verir. Nəqliyyat-logistika sahəsi iqtisadi gücə, söz sahibi olmağa, yaxşı imkanlar əldə etməyə birbaşa təsir göstərir. Azərbaycanın bu sahədə yaxşı imkanları və geniş təcrübəsi var. Hava, dəniz, dəmir yolu və avtomobil yolu ilə yük və sərnişindaşımalar son illər xeyli inkişaf edib. Pandemiya sərnişindaşımaya mənfi təsir göstərsə də, yük daşımalarında uğurlarımız çoxdur. Dəniz daşımalarında məhdud imkanlar olsa, bu sahədə də inkişaf gedir. Azərbaycan gəmiləri dünyanın nəhəng dənizlərindı, okean və göllərində üzür. Dəmir yolu ilə Çindən yük daşımalarında inkişaf ildə bir neçə dəfə artır. Hava nəqliyyatında daşımalarda xərclər çox olsa belə bu sahədə də inkişaf var və Prezident İlham Əliyev bu günlərdə bəyan etdi ki, Azərbaycanda hava və dəmir yolu nəqliyyatında aparılan islahatlar nəticəsində zərər yox, xeyir ortaya çıxıb. Yəni, iqtisadi gəlir əldə olunur.

Azərbaycanın İpək yolu üzərində yerləşməsi tarixi şansdır, təbii sərvətdir. Bu yolun işə salınması bizim eradan əvvəl 3-4-cü əsrlərə gedib çıxır. İpək yolunu salan birinci dövlət Çin oıub. Heç kimin, xüsusən də Ermənistanının elə bir gücü yoxdur ki, hazırda Azərbaycanla iqtisadi-siyasi müstəvidə güclü əlaqələrə malik olan Çinin istəyinin qarşısında tab gətirsin. Şərqin də, Qərbin də marağında olan bir projeyə kiçik və məğlub Ermənistanın əngəl olacağı ağlabatan deyil.

Prezidentimizin də dediyi kimi, Ermənistan bu məsələdə xoşluqla razılığa gəlməsə belə istənilən yolla Azərbaycan bu ideyaya nail olacaq və tarixi ədalət bərpa ediləcək. Bizim bu işdə marağımız Naxçıvanla nəqliyyat əlaqələri qurmaqla bitmir. Bu yol, bu dəhliz bizə dünya müstəvisində iqtisadi güc verəcək. Təbii ki, nəhəng dövlətlər də buradan öz payını alacaq, qazanc əldə edəcək. Ermənistan üçün də faydalı olacaq.

Amerika və Çin böyük faktordur. Onların istəyi varsa, demək olar ki, bu işin baş tutması an məsələsidir. Amerikanın yeni prezidenti ilə Azərbaycanın yaxşı münasibətləri var. Çinlə əlaqlələrimiz də getdikcə daha da inkişafdadır.

Nəzərə almaq lazımdır ki, Çinlə dəmir yolu daşımaları son iki ildə sürətlə inkişaf edib.

Gəmi daşımalarının da inkişafına dəstək olan Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao deyir ki, Azərbaycandan Çinə dəmir yolu ilə ixracın başlanması Çin-Azərbaycan Transxəzər nəqliyyat əməkdaşlığı çərçivəsində iki istiqamətdə yük daşımaları baxımından əlamətdar oldu. Sianda Azərbaycanın ən böyük logistika şirkəti olan "Abşeron" logistika mərkəzinin ilk filialı açılıb. Çin şirkətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində multimodal daşımaların həyata keçirilməsində fəal iştirak edir və Bakı limanının modernləşdirilməsi və yenidən qurulması, Xəzərdə gəmi istehsalı məsələlərində Azərbaycanla sıx əlaqələr saxlayır. 2025-ci ildə Çin Azərbaycana tranzit daşımalar üçün daha əlverişli şərait yaradacaq ki, bu da ətraf regionlardan Azərbaycan ərazisi ilə Çinə daşımaların artmasına təkan verəcək.

Nəzərə almaq lazımdır ki, ötən ilin iyulunda Çinin nəqliyyat vasitələri ilk dəfə Bakı limanına gəlib, noyabrın 24-də isə Bakıdan Çinə 62 konteynerdən ibarət yük qatarı yola salınıb.

Çin Xalq Respublikasının sədri Si Cinpin bundan əvvəl qeyd etmişdi ki, "Bir kəmər, bir yol"un birgə inşası yeni inkişaf mərhələsinə qədəm qoyub. Çin qarşılıqlı əlaqəni əsas xətt kimi nəzərdən keçirməyə və daha keyfiyyətli, daha çevik və daha dayanıqlı qarşılıqlı faydalı inkişaf üçün yeni məkanı genişləndirməyə davam edəcək.

Çin marşrut boyunca yerləşən bütün ölkələrin xalqlarının rifahı naminə istehsal və təchizat zəncirinin təhlükəsizliyi və sabitliyinin qorunması üçün Azərbaycanla birlikdə "Bir kəmər, bir yol" çərçivəsində birgə tikintinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daha dərindən əlaqələndirilməsinə töhfə verməyə hazırdır.

Göründüyü kimi, Çin açıq şəkildə bəyan edir ki, istənilən nəqliyyat marşrutu üzərində yerləşən xalqlar bundan yalnız xeyir götürəcəklər. Elə isə Ermənistan bu tarixi şansı vaxtında dəyərləndirib sülhə səmimi yanaşmalı, bölgədə illərdir bağlı qalan nəqliyyat-logistika şəbəkəsini açmağa can atmalı və inkişaf etdirməyə dəstək olmalı, bölgənin nəqliyyat dəhlizinə çevrilməklə inkişafına çalışmalıdır. Ona görə ki, Azərbaycanın böyük rol oynadığı bu transmilli layihədə A planı var, B planı isə yoxdur. Yəni, ya Zəngəzur dəhlizi, ya da Zəngəzur dəhlizi.

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh