Reklam

Bakı meriyası parklanma yerlərini niyə BNA-ya təhvil vermir?

Yazarlar 16 Dekabr 2018 18:15 Oxunub 1541
Bakı meriyası parklanma yerlərini niyə BNA-ya təhvil vermir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Meriya heç də parkinq yerlərini təslim etmək niyyətində deyil”

Ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib. Amma hər bir parklanma yerində sürücülər saatından asılı olaraq, 1 manatdan başlayan ödənişlər etməyə vadar edilir. Oktyabr ayının sonlarından başlayaraq isə parklanma qaydalarının pozulmasına görə, artıq cərimələrin yazılmasına başlanılıb. Avtosfer.az xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki, bu məqsədlə, metronun Nəriman Nərimanov və Gənclik stansiyalarının ətrafında bir neçə dəfə reyd keçirilib: “Reyd zamanı dayanma və ya durma qaydalarını pozan, xüsusən də nəqliyyat vasitəsini 2-ci, bəzi hallarda isə 3-cü cərgədə park edən, avtobus dayanacaq məntəqəsinin ərazisində saxlayan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin müvafiq olaraq 1 və 2-ci bəndinə əsasən cərimə sanksiyaları tətbiq edilib. Bununla yanaşı, sərnişinləri dayanacaq məntəqəsinin müəyyən edilmiş ərazisindən kənarda mindirib və ya düşürən avtobus sürücüləri də İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin 3-cü bəndinə əsasən cərimə edilib. Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir".

M.Ağayevin sözlərinə görə, proses bundan sonra davamlı olaraq aparılacaq və hələlik cərimə məbləği dəyişməz qalır. Hələ noyabr ayının əvvəlində BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli açıqlamasında təhvil-təslim prosesinin dekabr ayı ərzində yekunlaşacağını bildirsə də, görünən odur ki, meriya heç də parkinq yerlərini təslim etmək niyyətində deyil.

Qanunvericiliyə görə, Bakı şəhərinin inzibati ərazisindəki bütün parklanma yerləri BNA-nın idarəçiliyindədir. Amma Bakı Şəhər İcra Hakimiyyəti parkinqləri hələ də təhvil vermədiyinə görə ödənişlərin hansı əsaslarla alındığı, kimlərin cibinə getdiyini yəqin etmək elə də çətin deyil....

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə, dayanma və ya durma qaydalarının pozulmasına görə:

346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə edilir.

346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə edilir.

346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə 100  manat məbləğində cərimə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh