Reklam

Bakıdakı “London taksiləri” qiymətləri aşağı salacaq?..

Yazarlar 26 Dekabr 2018 11:27 Oxunub 1744
Bakıdakı “London taksiləri” qiymətləri aşağı salacaq?..
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti ildən xidmət keyfiyyətini artırmaq üçün bəzi yeniliklər nəzərdə tutulur

2015-ci il ərzində milli valyutanın 2 dəfə dəyərdən düşməsi, iqtisadiyyatın əsas sütunu olan kommersiya banklarında müşahidə olunan maliyyə çatışmazlığı vətəndaşları çətin sınaq qarşısında qoydu. Bir-birinin ardınca bağlanan banklar, iri şirkətlərin, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması işsizliyin artmasına səbəb oldu.

Həmin dövrdə işsiz əhalinin taksi fəaliyyətinə can atması diqqətdən qaçmadı. Məhz bu canatmalar sayəsində taksi xidməti təklif edən şirkətlər arasında rəqabətli mühit yarandı. Rəqabətli mühit isə vətəndaş üçün ucuz və keyfiyyətli xidməti özündə ehtiva etdi. Bu gün paytaxt küçələrində üstündə “Taxi” yazılan nəqliyyat vasitələrinin sayının artması da bunu deməyə əsas verir. Bu fonda isə taksi xidmətinin qiymətinin aşağı düşməsini də xüsusi qeyd etmək lazımdır. Amma əhali arasında tez bir zamanda məşhurlaşan “London taksiləri”ni bura aid etmək olmaz. Çünki, müşahidələr göstərir ki, bu taksilər ölkədəki digər taksi xidmətlərilə müqayisədə müştəridən daha çox gedişhaqqı tələb edir.

Məsələn, “London taksi”sinə 10 manat ödəyərək getdiyimiz yolu digər taksi xidmətlərinə müraciət edərək daha ucuz, 4-5 manata gedə bilirik.

Maraqlıdır, hazırda “Bakı Taksi Xidməti” MMC tərəfindən neçə “London taksi”si fəaliyyət göstərir? Qurum qeyd edilən iradları nəzərə alaraq, xidməthaqqının aşağı salınmasına gedəcəkmi?

Avtosfer.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandırıb.

N.Allahyarova bildirib ki, hazırda “Bakı Taksi Xidməti” tərəfindən 500 ədəd TX4 markalı “London taksi”si ilə sərnişinlərə xidmət göstərilir:

““Bakı Taksi Xidməti” MMC Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  strukturuna daxil olmayan tabeliyindəki qurumdur. Bakı şəhəri və Abşeron yarımadasında taksi fəaliyyəti ilə məşğul olur. Hazırda “Bakı Taksi Xidməti” 500 ədəd TX4 markalı “London taksi”si ilə sərnişinlərə xidmət göstərir. Mütəmadi olaraq, taksi parkı yenilənir və istismara yararlı avtomabillər sərnişinlərin istifadəsinə verilir.

Taksilərdə fiziki məhdudiyyəti olan insanlar üçün şərait mövcuddur. Bundan başqa, sürücü ilə sərnişin arasındakı arakəsmə təhlükəsizliyi və məxfiliyi təmin edir. Sürücü ilə danışmaq üçün intercom sistemi, havalandırma və digər funksiyaların sərnişin tərəfindən idarə etmə imkanı vəvətndaşın komfortu üçün nəzərdə tutulub. Avtomobillərin hər biri taksometr cihazı ilə  təchiz olunub. Beş sərnişin üçün nəzərdə tutulan geniş salon digər taksi şirkətlərinin avtomabillərində mövcud deyil. Nəqliyyat vasitələrində GPS izləmə ilə səfərlərin qeydiyyatı və təhlili aparılır. Fövqəladə hallarda dispetçer çağırış (SOS) düyməsi həmişə aktivdir. Sərnişinlər fərdi qəza sığortası ilə təmin olunur”.

Qurum rəsmisi qeyd edib ki, növbəti ildən xidmət keyfiyyətini artırmaq üçün ikikameralı videoqeydiyyatçının quraşdırılması, sürücülərin vahid geyim forması ilə təmin edilməsi, sifariş mərkəzinin və mobil tətbiqetmənin istifadəyə verilməsi, Wi-Fi xidməti ilə təchizat nəzərdə tutulur.

Xidməthaqqına gəlincə, N.Allahyarova deyib ki, bu, kilometraja görə hesablanır:

“Digər operatorların taksi fəaliyyəti göstərən avtomobilləri göz önündədir. Digər operatorlarda bizim “London taksi”lərilə müqayisədə köhnə avtomobillər fəaliyyət göstərir. “London taksi”lərinin saxlanması, sürücülərin əməkhaqqı, yüksək səviyyəli avtomobillərin xidmətə verilməsi xərc tələb edir. O da kilometraja görə hesablanaraq, tətbiq edilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh