Bakını "sarı tor" bürüyəcək, daha 74 hədəf seçilib
Bir neçə ay öncə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtın Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində "sarı tor" çəkildi. Əslində, bu nişanlanma özlüyündə heç bir yeni qayda, yeni tələb müəyyən etmir. Belə ki, tor "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür.
Aradan bir müddət keçib. Maraqlıdır bu zaman ərzində "sarı tor"un faydası oldumu? Avtosfer.az xəbər verir ki, sputnik.az-a bu suala aidiyyəti şəxslərdən cavab almağa çalışıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində çəkilmiş sarı tor müsbət nəticə verib. O, həmçinin əlavə edib ki, bundan sonra da 74 kəsişmə nöqtəsində sarı tor çəkiləcək.
"Bu kəsişmələr təhlillər nəticəsində müəyyən edilib. Daha çox problemin, nəqliyyatın hərəkətində sıxlığın olduğu kəsişmələr seçilib. "Sarı tor"un çəkilməsinin faydası odur ki, sürücülər kəsişməyə daxil olan zaman artıq daha diqqətli davranırlar. Bizim də istəyimiz bu idi ki, sürücülərin diqqətini cəlb etməklə, qayda pozuntusundan yayındıraq" - BNA sözçüsü bildirib.
M.Ağayev onu da qeyd edib ki, Avropada, Türkiyədə "sarı tor"un üzərində kameralar da quraşdırılıb: "Əgər işıqforun yaşıl işığı yanırsa belə, sürücünün oradan keçməsi mümkün deyilsə və o, yaşıl işıqda tora düşürsə, bu, inzibati tənbehə səbəb olur. Ümumilikdə, bütün kəsişmələrdə, binaların çıxışında, xüsusilə yanğın, mühafizə çıxışlarında "sarı tor"un tətbiqi planlaşdırılır".
Müsahibimizin sözlərinə görə, bu, ciddi dərəcədə tıxacların aradan qalxmasına təsir göstərəcək: "Çünki kəsişmələr dolu olmayandan sonra nəqliyyat axını davam edəcək. Torun inzibati tənbehi bizim qurum tərəfindən həyata keçirilmədiyindən cərimə olunan nəqliyyat vasitələrinin statistik məlumatları bizdə yoxdur. Amma vizual araşdırma ərazidəki ənənəvi tıxacların azaldığını deməyə əsas verir".
"Sarı tor"a düşənlərin statistikası, bununla bağlı nə qədər cərimə yazıldığı, hansı qənaətlərin hasil olduğu barədə məlumat almaq üçün Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnki Vaqif Əsədovla dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
Nəqliyyat eksperti Elməddin Muradlının müşahidələrinə görə, Bakıda Səməd Vurğun və Bakıxanov küçələrində çəkilmiş "sarı tor" digər yol ayrıclarında da sürücülərin diqqətli olmasına səbəb olub: "Amma təəssüf olsun ki, "sarı tor"la bağlı maarifləndirmə işlərinin aparılması zəifdir. Hesab edirəm ki, paytaxtın digər kəsişmə küçələrində də "sarı tor" çəkilməlidir. Ancaq öncədən bu barədə maarifləndirmə işləri aparılmalıdır ki, sürücülər üçün qaranlıq heç nə qalmasın".
"Konkret olaraq, Səməd Vurğun küçəsində rəqəmsal işıqforların qoyulması vacibdir. Çünki orada işıqforlar rəqəmsal olmadığı üçün sürücülər yolu keçib-keçə bilməyəcəyi mövzusunda şübhədə qalırlar. Buna görə də bu kimi əhəmiyyətli ərazilərdə rəqəmsal işıqforlaırn qoyulması önəmlidir" – deyə ekspert əlavə edib.
E.Muradlı, həmçinin qeyd edib ki, "sarı tor" "Yol hərəkəti haqqında" Qanununda olmadığı üçün edilən cərimələrin statistikasını müəyyən etmək mümkün deyil: "Hələ ki, "sarı tor"u keçənlər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə cərimə edilir. Bu qayda pozuntusu üçün 60 manat məbləğində cərimə və 3 cərimə balı nəzərdə tutulub".
Nəqliyyat eksperti Azər Allahverənov da deyib ki, "sarı tor" sürücüləri maarifləndirmə xarakteri daşıyır: "Bu torların çəkilməsində əsas məqsəd sürücülərin diqqətini yola cəlb etməkdir. "Sarı tor" ona görə çəkilib ki, sürücülər vizual olaraq, yola baxıb, keçib və ya keçə bilməyəcəklərini müəyyən edə bilsinlər. "Sarı tor" çəkilən ərazidə Yol Patrul Xidmətinin avtomobilləri ilə yanaşı müşahidə kameraları da var. Və hər bir sürücü oradan keçəndə maksimum diqqətli olmağa çalışır. Müşahidələrim zamanı da görmüşəm ki, işıqforun yanmasına bir neçə saniyə qalıbsa, sürücülər keçə bilməyəcəyini başa düşür və "sarı tor"a girmədən dayanırlar".
Onun sözlərinə görə, "sarı tor"un 100 faiz effektli olacağını heç kim gözləmir: "Amma avtomobillərin yol kəsişmələrinə girməsinin qarşını müəyyən qədər alır. Azadlıq və Vaqif prospektlərində hər zaman sıxlıq müşahidə edilir. Hesab edirəm ki, bu kimi kəsişmələrdə də "sarı tor"un çəkilməsi sıxlığın müəyyən qədər aradan qaldırılmasına kömək edəcək".
Xatırladaq ki, paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tətbiq edilən sarı kəsişmə torunda qalan sürücülər cərimələnir. "Sarı tor" hələ ki, "Yol hərəkəti haqqında" Qanununda təsbit edilməyib, amma bununla bağlı bütün təfərrüatları əks etdirən dəyişik layihəsi müzakirəyə təqdim edilib.
Əlavə edək ki, BNA tərəfindən Səməd vurğun, Şəmsi Bədəlbəyli, Puşkin-Üzeyir Hacıbəyli, Rəşid Behbudov-Zərifə Əliyeva küçələri, Bülbül, Azadlıq və Neftçilər prospektlərini əhatə edən bütün kəsişmələrə sarı tor çəkiləcək.