"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti

Yazarlar 22 İyun 2026 14:36
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
WhatsApp kanalımıza abunə olun

İyunun 20-də Yeni Ramana yolunda 214 saylı marşrut digər avtobusdan düşən yaşlı qadını vurub və üstündən keçib. Nəticədə qadın vəfat edib.

Bəs mövcud kamera görüntülərinə nəzər saldıqda, qadının ölümünə səbəb hansı sürücüdür?

Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında qeyd etdi ki, məsələ ilə bağlı cinayət işi açılıb və araşdırma gedir:

"Yəqin ki, hər iki sürücünün məsuliyyəti məsələsinə baxılacaq. İlk olaraq, ikinci cərgədə dayanmış avtobusu digər avtobus sağdan sürətli formada ötür. Əslində, sürücü deyə bilər ki, mən dayanacağa daxil oluram, amma hər bir halda bu, sağdan ötmə əməliyyatına yaxın bir əməliyyat sayılır. Bu halda o sürücü son dərəcə diqqətli olmalı idi. Digər ən böyük məsuliyyət sərnişini orada düşürən avtobusun sürücüsünün üzərində qalmalıdır. Əgər orada dayanacaq pavilyonu varsa, avtobus dayanacaq pavilyonuna tam yan almalıdır. Araşdırma aparmaq lazımdır ki, o avtobusun həmin situasiyada dayanacağa tam daxil olması mümkün olubmu. Bəzən görürük ki, digər nəqliyyat vasitələri dayanacağı zəbt edir, avtobus həmin hissəyə tam daxil ola bilmir. Əgər belə bir şərait olubsa və bu avtobus sürücüsü ora daxil olmadan sərnişini ikinci cərgədə düşürürsə, bu halda onu çox ağır şəkildə cəzalandırmaq lazımdır və bu, digər avtobus sürücülərinə də bir dərs olmalıdır". 

Həmsöhbətimiz vurğuladı ki, avtobusu dayanacaqdan kənarda saxlamağa görə avtobus sürücülərinə 100 manat cərimə yazılır:

"Bu, kifayət qədər ağır sanksiyadır, amma bəzi avtobus sürücüləri gəlib dayanacaq pavilyonuna tam yan almamış sərnişini yolun ortasında düşürüb qaçırlar. Nə var, nə var, qabaqdakı avtobusa tez çatsın və yaxud da qabaqdakı dayanacağa tez çatsın, sərnişini tez yığsın. Bu da nədən irəli gəlir? Hələ də nağd ödənişlə işləyən avtobuslar var. Xüsusən də kənar ərazilərdə, Bakının mərkəzinə aid olmayan ərazilərdə işləyən avtobuslar var ki, onlar hələ də nağd ödənişlə çalışırlar. Ona görə də belə vəziyyət yaranır. Hələ də vətəndaşa bir insan kimi, bir canlı kimi yox, sadəcə 40 qəpik, 50 qəpik, 60 qəpik məbləğində pul kimi baxırlar. Ona görə də belə faciələr yaşanır".

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh