“Güvən Rent A Car”dan şikayət: Məhkəmə qərarı var, cərimə hələ də sürücünün üzərindədir - VİDEO

Avtomobil icarəsi şirkətindən narazı qalan vətəndaş saytımıza müraciət edərək üzləşdiyi problemlə bağlı kömək istəyib və məsələnin ictimailəşdirilməsini xahiş edib.
Avtosfer.az xəbər verir ki, hadisə iyunun 19-da səhər saatlarında baş verib.
Şikayətçinin sözlərinə görə, o, Şirvan şəhərində fəaliyyət göstərən “Güvən Rent A Car” şirkətindən 99-QT-254 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobili icarəyə götürərək Lerik rayonuna yollanıb.
Onun iddiasına əsasən, Lerik rayonu ərazisində yol polisi tərəfindən saxlanılıb və avtomobilin təkər ölçüsünün normativ tələblərə uyğun olmaması səbəbindən barəsində 150 manat məbləğində inzibati protokol tərtib edilib.
Şikayətçi bildirir ki, ertəsi gün avtomobil şirkətin sahibi Teymur adlı şəxs tərəfindən geri götürülüb. Onun sözlərinə görə, şirkət sahibi cəriməni özünün ödəyəcəyini və problemi həll edəcəyini bildirsə də, bu günədək məsələ həllini tapmayıb.
Vətəndaşın sözlərinə görə, o, məsələ ilə bağlı Lerik Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə inzibati protokol ləğv olunaraq işə yenidən baxılması və cərimənin onun üzərindən silinməsi üçün müvafiq tədbirlərin görülməsi qərara alınıb.
Şikayətçi iddia edir ki, məhkəmə qərarını şirkət sahibinə təqdim etsə də, artıq iki aya yaxındır nə qərarın icrası təmin olunub, nə də avtomobil aidiyyəti qaydada təqdim edilərək cərimənin onun üzərindən silinməsi istiqamətində addım atılıb.
Onun sözlərinə görə, cərimə hələ də sistemdə onun adına qaldığı üçün yaxın aylarda sürücülük hüququna məhdudiyyət tətbiq olunacağından narahatdır.
Məsələ ilə bağlı Avtosfer.az “Güvən Rent A Car” şirkətinin sahibi Teymur bəylə də əlaqə saxlayıb.
Şirkət sahibinin sözlərinə görə, avtomobil vətəndaşa endirimli qiymətlə icarəyə verilib. Onun sözlərinə əsasən, ön oturacaqda əyləşən sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsinə və avtomobilin təkərlərinin normativ tələblərə cavab verməməsi ilə bağlı da inzibati protokol tərtib olunub.
Teymur bəy qeyd edib ki, ertəsi gün şəxsi avtomobili ilə Lerik rayonuna gedərək məsələni araşdırıb. Onun iddiasına görə, təhlükəsizlik kəməri ilə bağlı cəriməni ödəyib, təkərlə bağlı cərimənin isə əsassız olduğunu hesab edib. O bildirib ki, avtomobilin texniki sənədlərində həmin ölçülü təkərlərin istifadəsinə icazə verildiyi göstərilib.
Şirkət sahibi əlavə edib ki, şikayətçi sonradan məhkəmədə qalib gəldikdən sonra cərimənin onun adına keçdiyini bildirərək silinməsini tələb edib. Onun sözlərinə görə, bu məqsədlə vətəndaşa birlikdə aidiyyəti quruma müraciət etməyi təklif edib.
Teymur bəy, həmçinin iddia edib ki, şikayətçi bu məsələ ilə bağlı şirkətin əməkdaşlarından birindən pul tələb edib və müəyyən məbləğ alıb.
Şirkət sahibi səsləndirdiyi iddiaları təsdiqləmək məqsədilə müştəri ilə aralarında olan səs yazıları və yazışmaları saytımızın qaynar xəttinə göndərəcəyini bildirib. Lakin sonradan müştəri ilə məşğul olduğunu əsas gətirərək həmin materialları redaksiyaya göndərməyib.
Avtosfer.az məsələ ilə bağlı şikayətçi Yusif bəylə yenidən əlaqə saxlayaraq qarşı tərəfin iddialarına münasibət öyrənib.
Yusif bəy bildirib ki, şirkət sahibinin səsləndirdiyi məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, avtomobil üzərində olan təkərlər nəqliyyat vasitəsinin texniki sənədlərində göstərilən ölçülərə uyğun olmayıb. O iddia edir ki, Teymur bəy ertəsi gün Lerikə gələrək tətbiq edilən cərimə ilə razılaşdığını bildirən ərizə yazıb və avtomobili geri götürüb.
Şikayətçinin sözlərinə görə, məhkəmə də onun icarəçi kimi avtomobildə edilmiş konstruksiya dəyişikliyinə görə məsuliyyət daşımadığı qənaətinə gəlib və bu səbəbdən onun xeyrinə qərar qəbul edib.
O bildirib ki, məhkəmə qərarına əsasən, cərimənin onun üzərindən silinməsi üçün avtomobil hadisənin baş verdiyi Lerik rayonuna aparılmalıdır. Şikayətçinin sözlərinə görə, bu prosesdə onun şəxsən iştirak etməsinə ehtiyac yoxdur və avtomobilin təqdim olunması kifayətdir.
Yusif bəy iddia edir ki, şirkət sahibi ilə dəfələrlə əlaqə saxlasa da, müxtəlif səbəblərlə proses uzadılıb. Onun sözlərinə görə, əvvəlcə qarşı tərəf yol-nəqliyyat hadisəsinə düşdüyünü və səhhətində problem yarandığını, daha sonra isə başqa problemlərinin olduğunu bildirərək prosesi təxirə salıb.
Şikayətçi əlavə edib ki, sonradan şirkət sahibi avtomobilin qəzalı vəziyyətdə olduğunu və onu evakuator vasitəsilə Lerik rayonuna aparmağın əlavə xərc tələb etdiyini, buna görə də bunun sərfəli olmadığını bildirib. Həmçinin ona Bakıda məsələni həll etməyi təklif edib və yalnız yol xərclərini ödəyə biləcəyini deyib.
Lakin Yusif bəy hesab edir ki, məhkəmə qərarına əsasən prosedur hadisənin baş verdiyi Lerik rayonunda icra olunmalıdır və məsələnin Bakıda həll olunacağına dair hüquqi əsas yoxdur.
Şikayətçi bildirib ki, problem bu günədək həll edilmədiyi üçün cərimə hələ də onun adına qalır və bunun nəticəsində sürücülük hüququna məhdudiyyət tətbiq oluna biləcəyindən narahatdır.
Nərmin
Yolun ortasında hədə-qorxu gəlib maşını yumruqladı – Polis araşdırmaya başladı - VİDEO
Bakıda bu yola yeni radar quraşdırıldı: Arxadan çəkir - VİDEO
Avtomobilə 28 uşaq mindirdi, polis sürücünü cərimələdi – ŞOK HADİSƏ – VİDEO
Qəza şəraiti yaradan sürücü hələ “dərs” də keçdi: “Soldan ötmək olmaz” - VİDEO
Şamaxı-İsmayıllı yolundakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda maşını yolun ortasına park edən sürücü saxlanıldı - VİDEO
Skuterlə necə gəldi yola çıxan gənc az qala asfalta yıxılacaqdı - VİDEO
Xırdalanda yol çöküb: Sakinlər aidiyyəti qurumlardan xahiş edir - VİDEO
Xanım sürücü ilə xanım təlimçi parkinqdə mübahisə etdi - Səhv kimdədir? - VİDEO
Dövlət qoruğuna gedən yol torpağın altında qalıb: Nəzarət edən yoxdur - VİDEO
Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB - VİDEO











