Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO

9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günüdür. Bu gün xalqımızın milli kimliyini, mənsubiyyətini, azadlıq və müstəqillik uğrunda mübarizə tarixini özündə yaşadan müqəddəs rəmzlərdən birinə ehtiram göstərdiyimiz gündür. Azərbaycan bayrağı sadəcə üç rəngdən ibarət parça deyil. O, xalqımızın keçmişini, bu gününü və gələcəyə olan inamını özündə birləşdirən milli qürur mənbəyidir.
Mavi, qırmızı və yaşıl rənglər üzərində aypara və səkkizguşəli ulduz təsvir olunan üçrəngli bayrağımızın hər bir elementi dərin məna daşıyır. Mavi rəng türkçülüyü, xalqımızın türk dünyasına bağlılığını, qırmızı rəng müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli-mənəvi dəyərlərimizin, tariximizin və mədəni irsimizin ayrılmaz rəmzlərindəndir.
Bu bayraq Azərbaycan xalqının milli ruhunu yaşadır, bizi bir amal ətrafında birləşdirir. Eyni zamanda, türk dünyasının ortaq tarixi və mədəni bağlarını xatırladan rəmzlərdən biri kimi xüsusi mənəvi əhəmiyyət daşıyır.
Azərbaycan bayrağının tarixi həm də müstəqillik mübarizəsinin tarixidir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən qəbul edilən üçrəngli bayraq dövlətimizin milli atributuna çevrildi. Elə 20 Yanvar günü SSRİ qoşunları Bakıda dinc əhalinin üzərinə Sovet tanklarıyla yürüyəndə belə meydanlardakı gənclər əllərində məhz 1918-ci ildəki Cümhuriyyət bayrağını dalğalandırmışdı. Hadisələrə hüquqi qiymət verməkdə gecikən SSRİ rəhbərliyi neçə-neçə azərbaycanlını qanunsuz yerə həbs etmişdi. Bütün proseslərə etirazını bildirən Heydər Əliyev 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Sovetinin iclasına üçrəngli Azərbaycan bayrağı ilə qatılmış, daha sonra bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi qəbul olunması üçün Azərbaycan SSR Ali Soveti qarşısında məsələ qaldırmışdır. 1991-ci ilin 5 fevral tarixində bu bayraq yenidən Azərbaycanın dövlətçilik rəmzi kimi ucaldıldı.
Lakin bu bayrağın tarixində ağrılı səhifələr də var. Uzun illər işğal altında qalan torpaqlarımızda üçrəngli bayrağımız dalğalana bilmirdi. Həmin torpaqlarda bayrağımızın yenidən ucaldılması xalqımızın ən böyük arzularından biri idi. Bu arzu uğrunda neçə-neçə igid Vətən övladı canından keçdi, minlərlə hərbçimiz sağlamlığını itirdi, qazilərimiz və veteranlarımız ağır sınaqlardan keçdilər.
Nəhayət, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu arzu gerçəkləşdi. Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanmağa başladı.
Bu gün bayrağımız Şuşada, Laçında, Xankəndidə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Hər bir zirvədə, hər bir şəhər və kənddə ucalan üçrəngli bayraq Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin və xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür.
Bu gün bayrağımızın Qarabağda dalğalanması heç də təsadüfi deyil. Bu qürurlu mənzərənin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, veteranlarımızın fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı dayanır. Onların hər biri bu bayrağın daha yüksəklərdə dalğalanması üçün öz töhfəsini verib. Ona görə də üçrəngli bayrağımıza baxarkən yalnız dövlət rəmzini deyil, həm də Vətən uğrunda canından keçən qəhrəmanlarımızı xatırlayırıq.
Bayraq xalqın yaddaşıdır. O, bizi birləşdirən, milli mənsubiyyətimizi xatırladan, gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli dövlətçilik əmanətlərindən biridir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün üçrəngli bayraq Vətən deməkdir.
Bu gün üçrəngli bayrağımız azad səmalarda dalğalanır. Onun hər dalğalanışında bir xalqın mübarizəsi, şəhidlərin xatirəsi, qazilərin fədakarlığı və müstəqil Azərbaycanın gücü görünür.
Dalğalan, üçrəngli bayrağım! Sən bizim milli kimliyimiz, qürurumuz, tariximiz və gələcəyə inamımızsan. Sənin kölgəndə birləşən Azərbaycan xalqı səni hər zaman uca tutacaq!
Eltac Zülfüqaroğlu
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO





















