Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?

Yol tikintisində artıq yalnız asfalt qatının qalınlığı deyil, yol konstruksiyasının necə qurulması da mühüm əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, son 10 ildə dünyada yol infrastrukturunda geotekstil, geogrid, geocell, geokompozitlər, qruntun stabilizasiyası, polimer-modifikasiya edilmiş bitum, RAP və WMA kimi müasir material və texnologiyaların tətbiqi genişlənib.

Ekspert Azərbaycanda da bu texnologiyaların tətbiqinə dair konkret nümunələrin olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, Ələt–Astara avtomobil yolunun Masallı–Cəlilabad hissəsində zəif və yüksək nəmlik şəraitində olan qrunt üçün PET geogrid və qeyri-toxunma geotekstildən ibarət geokompozit sınaq sahəsində tətbiq edilib. Nəticələr yol yatağının sıxlaşdırılmasının yaxşılaşdığını göstərib.
Bakı Formula 1 şəhər trekinin hazırlanması zamanı da bir sıra küçələrdə asfalt qatının möhkəmləndirilməsi məqsədilə Armapal GL5/15 geogriddən istifadə olunub. Burada əsas məqsəd dartılma qüvvələrinin yayılması və asfalt örtüyündə çatların yaranma riskinin azaldılması olub.
Rauf Ağamirzəyev əlavə edib ki, Yevlax–Zaqatala–Gürcüstan sərhədi M5 və R-57 Şəki yolu layihəsində yol konstruksiyasının bir hissəsi kimi qruntun stabilizasiyası nəzərdə tutulub. Murovdağ tunelində isə izolyasiya sistemində geomembran və geotekstil kimi geosintetik materiallardan istifadə edildiyi açıqlanıb.
“Bunlar göstərir ki, Azərbaycanda müasir yol materialları artıq tətbiq edilir. Məsələ bu texnologiyaların olub-olmaması deyil, onların layihələndirmə və tikinti prosesində nə dərəcədə sistemli tətbiq edilməsidir”, – deyə ekspert vurğulayıb.
Yeni yol və əsaslı təmir layihələrində texniki tapşırıq hazırlanarkən bir sıra məsələlər əvvəlcədən qiymətləndirilməlidir. Buraya qruntun daşıma qabiliyyəti, yeraltı su və drenaj problemləri, geotekstil və ya geogridə ehtiyac, mövcud qruntun yerində stabilizasiyasının mümkünlüyü, köhnə asfaltın RAP kimi yenidən istifadəsi və asfalt qatında çatların yuxarıya keçməsinin qarşısının alınması üçün geosintetiklərin tətbiqi daxildir.
Rauf Ağamirzəyev, həmçinin yol konstruksiyasının tamamilə sökülməsi əvəzinə CIR və FDR kimi yerində təkrar emal texnologiyalarından istifadənin mümkünlüyünün də nəzərdən keçirilməsini təklif edib.
“Çünki müasir yol sadəcə asfalt deyil. Müasir yol – qrunt, drenaj, stabilizasiya, geosintetik, əsas qat və asfalt örtüyünün vahid sistem kimi layihələndirilməsidir”, – deyə Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın iqlim, qrunt və nəmlik xüsusiyyətləri nəzərə alınaraq bu texnologiyaların layihədən layihəyə təsadüfi seçim kimi deyil, mühəndislik hesablamaları əsasında standart layihələndirmə aləti kimi tətbiqinin genişləndirilməsi məqsədəuyğun olardı.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












