Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA

Son günlər sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı bir sıra neqativ fikirlər səslənir.
Avtosfer.az xəbər verir ki, belə fikirlər səsləndirənlər arasında Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral, Sədaət Partiyası başqanı Fatih Ərbakan, CHP rəhbəri Kemal Kılıçdaroğlu, “Akit TV”nin aparıcısı Muharrem Coşkun və başqaları da var. Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Bu azmış kimi, hətta Azərbaycanın müstəqil yürütdüyü siyasətə qarşı çıxan bir sıra Türkiyə vətəndaşları da Azərbaycan səfirliyi önündə mitinq də keçirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Avtosfer.az-a müsahibəsində bildirib ki, səfirliyimiz qarşısında keçirilən aksiyanın əvvəlcədən planlaşdırılmış tədbir olduğunu düşünür.

“Orada çıxış edənlər arasında Atatürkün dünyəvi dövlətçilik prinsiplərindən uzaq, təriqətçi düşüncəyə bağlı şəxslərin mövqeyi diqqəti çəkir. Türkiyədə son dövrlər müşahidə olunan hadisələr də bu məsələnin təsadüfi olmadığını göstərir. Orada Fəthullahçı, Mənzilçi, Süleymançı kimi dini-təriqətçi cərəyanların ictimai-siyasi proseslərə təsiri hər zaman müşahidə olunur. Bəzən elə təəssürat yaranır ki, bəzi siyasi fiqurların arxasında hansısa təriqət strukturu dayanır. Eyni vaxtda bir sıra siyasi partiya rəhbərlərinin Azərbaycana qardaşlıq münasibətlərinin necə qurulmalı olduğuna dair tövsiyələr verməsi səmimi təsir bağışlamır. Bu, əslində, İslam dininin deyil, İslam dünyasında tarixən formalaşmış müəyyən dini-siyasi düşüncə tərzinin problemidir. Dinin Quranın mahiyyəti və təməl prinsipləri əsasında yaşanmasına mane olan başlıca amillərdən biri də məhz onun təriqətçi və siyasi maraqlara tabe etdirilməsidir. Təəssüf ki, siyasətçilər də bu təsirdən kənarda qalmırlar. Dini yanaşmalar siyasi münasibətlərə mexaniki şəkildə köçürüldükdə ciddi uyğunsuzluqlar meydana çıxır.
Ehtimal etmək olar ki, bəzi siyasi çevrələr bu mövqeni Türkiyənin daxili siyasi mühitində dəstək qazanmaq, yaxud öz elektoral bazalarına xitab etmək baxımından faydalı hesab edirlər. Lakin belə yanaşmalar dövlətlərarası münasibətlərə zərər vurmaq potensialı daşıyır. Əlbəttə, bu cəhdlərin gözlənilən nəticəni verəcəyini düşünmürəm. Bununla belə, belə hallara yol verilməməlidir.
Azərbaycana qarşı yönələn addımları yalnız zahirdə səsləndirilən mövzu əsasında qiymətləndirsək, yanlış nəticələrə gələ bilərik. Məsələnin hicab üzərindən təqdim olunması daha fərqli niyyətlərin pərdələnməsinə xidmət edə bilər. Çünki eyni vaxtda bir sıra siyasi partiya rəhbərlərinin Azərbaycana qardaşlıq münasibətləri barədə tövsiyələr verməsi səmimi görünmür. Burada hicab mövzusunun arxasında müəyyən siyasi niyyətlərin dayandığını ehtimal etmək mümkündür”
Fazil Mustafa qeyd edib ki, başqa bir ölkənin rəhbərliyinə münasibətdə belə bir üslubun seçilməsi dövlətlərarası münasibətlərin etik prinsipləri baxımından doğru deyil.
“Məsələn, eyni münasibəti Özbəkistana və ya Türkmənistana qarşı sərgiləmək mümkündürmü? Biz hansısa ölkədə tətbiq olunan qaydaları bəyənməsək belə, həmin dövlətin daxili məsələlərinə bu şəkildə müdaxilə etməyi məqsədəuyğun saymırıq. Türkiyədə də bəyənmədiyimiz müəyyən proseslər ola bilər. Lakin biz də onlara müdaxilə etməyə başlasaq, qarşılıqlı müdaxilələr genişlənər və bu, problemlərin həllinə deyil, münasibətlərin mürəkkəbləşməsinə gətirib çıxarar.
Eyni mövzunu Türkiyədəki həmin şəxslər İranla bağlı gündəmə gətirə bilərlərmi? İranda qadınlara qarşı zorakılıq halları baş verərkən Türkiyənin siyasi çevrələrindən buna eyni miqyasda münasibət bildirildimi? Məsələ ondadır ki, dövlətlərarası münasibətlərin müəyyən etik prinsipləri var və bunlara hər kəs riayət etməlidir.
Azərbaycanla bağlı fikir səsləndirən şəxslərin müəyyən dövlətçilik təcrübəsi olsa da, onların bu məsələyə yanaşmasında dünyagörüşü məhdudluğu özünü göstərir. Bu, düzgün mövqe deyil. Bununla belə, Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil.
Biz yalnız dövlətlərin və ya prezidentlərin münasibətlərindən deyil, iki qardaş millətin tarixi və mənəvi bağlılığından danışırıq. Qeyd edək ki, Türkiyədə Azərbaycanın bu mövqeyini dəstəkləyən çoxsaylı insanlar da var və onların da səsi getdikcə daha aydın eşidilməkdədir”.
Deputat əlavə edib ki, Azərbaycanın dünyəvi dövlətçilik mövqeyi Atatürkün prinsiplərinə ardıcıl sədaqətin ifadəsidir:
“Əgər söhbət ciddi və əsaslandırılmış dövlətlərarası problemdən getsəydi, müəyyən fikir ayrılıqlarını anlamaq olardı. Məsələn, vaxtilə Ermənistanla sərhədlərin açılması məsələsində təhlükəsizlik amili ilə bağlı müəyyən ziddiyyətlər meydana çıxmışdı. Lakin hansısa ölkədə tətbiq olunan qayda həmin dövlətin təhlükəsizlik və idarəetmə zərurətindən irəli gəlirsə, buna yalnız öz ideoloji baxışlarından yanaşmaq və durumun özünəməxsusluğunu nəzərə almamaq doğru deyil.
Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi mövqe Atatürkün dünyəvilik və çağdaş dövlətçilik prinsiplərinə Türkiyədəki bəzi siyasi çevrələrdən daha ardıcıl şəkildə sadiq olduğunu göstərir. Biz Atatürk ilkələrinin və islahatlarının mahiyyətinə uyğun dövlətçilik modelini hər zaman örnək götürürük. Burada söhbət dinə qarşı münasibətdən deyil, dövlət idarəçiliyinin dünyəvi əsaslarının qorunmasından gedir. Dinin siyasi idarəetmə vasitəsinə çevrilməsini doğru hesab etmirik.
Türkiyədə cəmiyyətin tarixi formalaşma ənənələri, camaat strukturu və təriqətçilik modelinin ictimai-siyasi həyata təsiri Azərbaycanla müqayisədə tam fərqlidir. Orada Osmanlı dövründən miras qalmış köklü dini-ictimai ənənələr mövcuddur və bu ənənələrin təsirini qısa müddətdə aradan qaldırmaq mümkün deyil. Atatürk həmin cəmiyyəti çağdaş dövlətçilik prinsipləri əsasında yenidən qurmağa çalışırdı. Təəssüf ki, onun bu istiqamətdəki fəaliyyətinin mahiyyəti bəzən düzgün anlaşılmadı. Halbuki Atatürk dini inkar etməyə deyil, onun cəmiyyət həyatındakı yerini doğru təsbit etməklə dövlətin dünyəvi xarakteri ilə uzlaşdırmağa çalışırdı.
Bu gün Türkiyədə dini inanc üzərindən qurulan populizmin ictimai həyatda müəyyən mənfi təzahürlər doğurduğunu müşahidə edirik. Azərbaycan cəmiyyətində də inanclı, dindar insanlar çoxdur, dini ayin və ibadətlər yerinə yetirilir. Lakin bizim müdafiə etdiyimiz prinsip dini inancın siyasi üstünlük və hakimiyyət vasitəsinə çevrilməməsidir.
Sovet sisteminin ideoloji təzyiqlərini yaşamış cəmiyyətlər olaraq biz dinin siyasi ideologiyaya, xüsusilə də məzhəbçiliyin siyasi qarşıdurma vasitəsinə çevrilməsinin doğura biləcəyi təhlükələri daha aydın dərk edə bilirik. Buna görə də dövlətin dünyəvi xarakterinin və ictimai təhlükəsizliyin qorunmasına yönəlmiş müəyyən hüquqi məhdudiyyətlər zəruri ola bilər. Əsas məsələ həmin məhdudiyyətlərin qanunçuluq və mütənasiblik prinsiplərinə uyğun tətbiqidir. İnancın səmimi şəkildə yaşanması onun siyasi hakimiyyət uğrunda mübarizənin vasitəsinə çevrilməməsini tələb edir. Bu məsələyə hansısa xalqın və ya mədəniyyətin təsiri, o cümlədən ərəbləşmə meyli kimi yanaşmaq doğru olmaz. Türkiyə İslam dünyasının mühüm ölkələrindən biridir və orada İslam dəyərlərinə böyük hörmət bəslənilir. Lakin dini dəyərlərin siyasi proseslərə daşınması baxımından Türkiyədə daha fərqli və geniş təcrübə formalaşıb.
Biz dini proseslərin siyasi hakimiyyət münasibətlərinə köçürülməsini zərərli tendensiya hesab edirik. Türkiyədə isə müəyyən siyasi çevrələr bunu faydalı sayırlar. Bu da məsələyə baxışlarımız arasındakı əsas fərqlərdən biridir. Yaxın Şərq ölkələrinin üzləşdiyi bir sıra ağır problemlərin səbəbləri arasında dinin siyasi hakimiyyət üzərində təsirinin artması və dini kimliyin siyasi mübarizə vasitəsinə çevrilməsi də mühüm yer tutur”.
Komitə sədri onu da deyib ki, dini inancın səmimi şəkildə yaşanmasının başlıca şərtlərindən biri onun dövlət idarəçiliyinə və siyasi hakimiyyət uğrunda mübarizəyə alət edilməməsidir.
“Çünki inanc mahiyyət etibarilə insanın vicdanı və mənəvi dünyası ilə bağlıdır. Onu siyasi-ideoloji qarşıdurmanın predmetinə çevirənlərin məqsədi çox vaxt dini dəyərləri yaşatmaqdan daha çox, cəmiyyət üzərində hegemonluq qurmaq olur.
Dinin mahiyyətində zorakılığa haqq qazandırmaq yoxdur. Lakin dini mənsubiyyət siyasi hakimiyyətə təsir və başqaları üzərində hökmranlıq vasitəsinə çevrildikdə zorakılıq meyilləri meydana çıxa bilir. Buna görə də dini və dünyəvi hakimiyyət sferalarının fərqləndirilməsi prinsipial əhəmiyyət daşıyır. Başqa sözlə, dini inancın öz mənəvi məkanını qoruması, dövlətin isə dünyəvi hüquq və idarəçilik prinsipləri əsasında fəaliyyət göstərməsi vacibdir”.
Səfər
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Tramp okeana öz adını vermək istəyir
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi












