Banner

Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA

Maraqlı 12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə olun

Bakıda nəqliyyat sıxlığının qiymətləndirilməsi yalnız yollardakı avtomobillərin sayı və ya hərəkətin intensivliyi ilə məhdudlaşmamalıdır. Tıxacların yaratdığı real itkiləri müəyyənləşdirmək üçün insanların yolda sərf etdiyi əlavə vaxt, yanacaq sərfiyyatı və iqtisadi zərər də hesablanmalıdır.

Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspert qeyd edib ki, Kiyev şəhərinin nəqliyyat monitorinqi ilə bağlı yayımladığı son hesabatda tıxacların qiymətləndirilməsi üçün maraqlı metodologiyadan istifadə olunur. Belə ki, şəhərin əsas küçə və magistrallarında müəyyən edilmiş sabit marşrutlar üzrə hərəkət müddəti saatlıq ölçülür və sərbəst hərəkət şəraitində həmin məsafənin qət edilməsi üçün tələb olunan ideal vaxtla müqayisə edilir.

Göstəricilərə əsasən, Kiyevdə həftəlik orta gecikmə 49,2 faiz təşkil edib. Ən yüksək göstərici cümə günü 67 faiz, ən aşağı göstərici isə bazar günü 26 faiz olub. Beş iş günü ərzində ictimai və təcili nəqliyyat nəzərə alınmadan hesablanan iqtisadi itki isə 42,8 milyon qrivna təşkil edib.

Ekspert hesab edir ki, bu yanaşma Bakı üçün də aktualdır. Paytaxtda tıxacların real miqyasını müəyyənləşdirmək üçün sistemli nəqliyyat monitorinqi qurulmalı və ölçmələr konkret göstəricilər əsasında aparılmalıdır.

Bunun üçün əsas küçə və magistrallar üzrə sabit monitorinq marşrutlarının müəyyənləşdirilməsi, GPS məlumatları əsasında hərəkət müddətinin saatlıq izlənilməsi, faktiki hərəkət vaxtının sərbəst hərəkət şəraitindəki göstəricilərlə müqayisə edilməsi vacibdir.

Rauf Ağamirzəyev əlavə edib ki, hesablamalar zamanı itirilən insan-saatları, əlavə yanacaq sərfiyyatı və iqtisadi zərər də nəzərə alınmalı, əldə olunan nəticələr açıq rəqəmsal xəritə və statistik panel vasitəsilə ictimaiyyətə təqdim edilməlidir.

Xüsusilə ictimai nəqliyyatın da bu hesablamalara daxil edilməsinin vacibliyini vurğulayıb. Çünki tıxacda qalan bir avtobusda onlarla sərnişin ola bilər. Bu səbəbdən nəqliyyat sıxlığından yaranan itkiləri yalnız fərdi avtomobillərin gecikməsi ilə ölçmək düzgün yanaşma deyil.

Onun sözlərinə görə, tıxacın real qiyməti yolda qalan avtomobillərin sayı ilə deyil, insanların itirdiyi vaxt və iqtisadiyyatın çəkdiyi zərərlə müəyyən edilməlidir.

Əsas məqsəd yalnız tıxacları qeydə almaq deyil, onların səbəblərini müəyyənləşdirmək, qəbul edilən qərarların effektivliyini ölçmək və həyata keçirilən tədbirlərin nəticələrini konkret rəqəmlərlə qiymətləndirmək olmalıdır.

Eltac Zülfüqaroğlu

Oxunub : 186
ŞƏRH YAZ
Ad

E-mail

Şərh