Bu ölkədə yeni avtomobil almırlar: Səbəbi isə çox maraqlıdır
İtaliyada qiymətlərin artması və alıcılıq qabiliyyətinin azalması yeni avtomobillərə marağın kəskin şəkildə azalmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, konsaltinq şirkəti “Simon-Kucher” tərəfindən aparılan araşdırmaya əsasən, italyan sürücülərin böyük əksəriyyəti mövcud avtomobillərini yeniləri ilə əvəzləmək niyyətində deyil və nəqliyyat vasitələrindən daha uzun müddət istifadə etməyi planlaşdırır. “Corriere Della Sera” nəşri yazır ki, bu tendensiya yaxın illərdə ölkə yollarında avtomobil parkının daha da köhnəlməsinə gətirib çıxara bilər.
Məlumata görə, bu vəziyyət birbaşa istehlakçıların alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Sorğu nəticələri göstərir ki, İtaliyada istehlakçıların 52 faizi maliyyə imkanlarının azaldığını bildirir. Bu isə avtomobil qiymətlərinin yüksəlməsi və bazarda durğunluqla nəticələnir.
Digər konsaltinq şirkəti “AlixPartners”in məlumatına əsasən, 2019–2024-cü illər arasında Avropada tanınmış avtomobil markalarının qiymətləri 40–70 faiz aralığında artıb. Eyni dövrdə orta əməkhaqqı cəmi 12 faiz yüksəlib. Mütəxəssislər bildirir ki, bu kəskin fərq istehlakçıların alış qərarlarına ciddi təsir göstərir.
“Simon-Kucher”in açıqlamasına görə, Avropalı sürücülər qiymət məsələsinə digər regionlarla müqayisədə təxminən 15 faiz daha həssas yanaşırlar. Bu tendensiya İtaliyanın xidmət və qiymət müqayisəsi platforması “Facile.it” tərəfindən aparılan sorğuda da öz əksini tapıb. Belə ki, respondentlərin 65,5 faizi üçün avtomobil seçimində əsas meyar qiymət, 48,6 faizi üçün yanacaq sərfiyyatı, 38,6 faizi üçün isə istismar xərcləridir.
Araşdırmada Çin avtomobil markalarının İtaliya bazarında böyümə meyli göstərdiyi, lakin hələ də tam etimad qazana bilmədiyi qeyd olunur. Sorğuda iştirak edənlərin 43 faizi Çin istehsalı avtomobil almağı düşünə biləcəklərini desə də, keyfiyyət, təhlükəsizlik və satışdan sonrakı xidmətlə bağlı tərəddüdlər qalmaqdadır. Bununla belə, iyul ayında Çin nəhəngi “BYD” satış göstəricilərinə görə İtaliyanın köklü markası “Alfa Romeo”nu geridə qoyub.
Qiymət artımı və alıcılıq qabiliyyətinin azalması işlənmiş avtomobil bazarına da birbaşa təsir edib. ACI-nin (İtaliya Avtomobil Klubu) “Auto-Trend” bülleteninə görə, iyul ayında işlənmiş avtomobil sahibliyi ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artıb. Artım avtomobillərdə 3,9 faiz, motosikletlərdə isə 6 faiz təşkil edib.
Statistik göstəricilər yeni və işlənmiş avtomobil bazarı arasındakı fərqi də üzə çıxarıb. Belə ki, iyul ayında qeydiyyata alınan hər 100 yeni nəqliyyat vasitəsinə qarşılıq 226 işlənmiş avtomobil satılıb. Yanvar–iyul ayları üzrə göstəricilərə əsasən isə hər 100 yeni avtomobilə 196 işlənmiş avtomobil düşüb. Bu da işlənmiş avtomobil bazarının yeni avtomobil bazarını xeyli üstələdiyini göstərir.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












