Elektromobillər niyə ənənəvi avtomobillərdən daha sərfəlidir? - ARAŞDIRMA

Daxili yanma mühərrikli avtomobillərlə elektrikli nəqliyyat vasitələri arasında davam edən mübahisələrə bu dəfə elm tərəfindən konkret cavab verilib.
Avtosfer.az xəbər verir ki, alman fiziki Yohannes Kükens daxili yanma mühərriklərinin fizika qanunlarına görə artıq inkişaf həddinə çatdığını və elektrikli avtomobillərlə real rəqabət aparmaq imkanının qalmadığını bildirib.
Avtomobil sənayesində uzun müddətdir davam edən bu müzakirələr adətən qiymət, infrastruktur və seçim imkanları üzərində qurulsa da, Kükensin açıqlamaları məsələyə elmi prizmadan yanaşır. Onun sözlərinə görə, eyni miqdarda enerji ilə elektrikli nəqliyyat vasitəsi benzin və ya dizel mühərrikli avtomobildən təxminən altı dəfə daha uzun məsafə qət edə bilir.
Alman fiziki GEO nəşrinə verdiyi müsahibədə qeyd edib ki, daxili yanma mühərrikləri heç vaxt 80–90% səmərəlilik səviyyəsinə çata bilməyəcək. Hazırda bu mühərriklər maksimum 45% səmərəliliyə yaxınlaşa bilirlər ki, bu da fizikanın fundamental qanunları ilə məhdudlaşır.
Kükensin izahına görə, daxili yanma mühərrikləri istilik mühərrikləri hesab olunur və termodinamikanın ikinci qanununa əsasən, yanma zamanı yaranan enerjinin böyük hissəsi qaçılmaz olaraq tullantı istilik kimi itirilir. Bu isə istiliyin kinetik enerjiyə çevrilməsində ciddi itkilərə səbəb olur və bu limitlərin aşılması mümkün deyil.
Bunun əksinə olaraq, elektrik mühərrikləri istilik çevrilməsinə əsaslanmadığı üçün nəzəri baxımdan 90%-dən yuxarı səmərəliliyə nail ola bilən yeganə mühərrik növü hesab edilir.
Yohannes Kükens avtomobil sənayesində perspektivli istiqamətlərdən biri kimi elektron yanacaqları da qeyd edib. Onun sözlərinə görə, elektron yanacaqlar daxili yanma mühərriklərinə nisbətən daha səmərəli olsa da, onların əsas problemi istehsal mərhələsində ortaya çıxır. Belə yanacaqların hazırlanması üçün böyük həcmdə elektrik enerjisi tələb olunur və bu enerji yalnız bərpa olunan mənbələrdən əldə edildiyi halda iqlim baxımından neytral sayıla bilər.
Alman fizikin hesablamalarına əsasən, eyni miqdarda elektrik enerjisi ilə batareyalı elektrik avtomobili 100 kilometr məsafə qət edə bildiyi halda, elektron yanacaqla işləyən avtomobil cəmi 20 kilometr yol gedə bilir.
Mütəxəssislər hesab edirlər ki, bu elmi yanaşma elektrikli nəqliyyat vasitələrinin gələcəkdə avtomobil sənayesində dominant mövqe tutacağını bir daha təsdiqləyir.
Eltac Zülfüqaroğlu
Daşkənddə küçələr belə soyudulur
Bu ölkədə avtomobillərin örtüyünü çıxaranları ağır cəza gözləyir - SƏBƏB
Şuşanın Qarabağ küçəsi niyə "Tarqovı" ilə müqayisə edilir? – FOTO
Ac sürücü özünə və başqalarına risk yaradır
Hansı avtomobil markasının sürücüləri daha yüksək IQ-yə malikdir? – ARAŞDIRMA
Mexaniki avtomobillərdə yanacağa necə qənaət etmək olar? - İZAH
Şiddətli istilər və pivə istehsalçılarının puç olan planları
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu










