Kainatın ən böyük ulduzlarından biri partlaya bilər

Kainatda məlum ən böyük ulduzlardan biri olan “WOH G64” kəskin dəyişikliklərə məruz qalıb. Ehtimal olunur ki, partlayış baş verə bilər. Afina Milli Rəsədxanasından Qonsalo Munyosa-Sançesin rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu bu nəticəyə gəlib. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, tədqiqat “Nature Astronomy” jurnalında dərc edilib.
“WOH G64” Süd yolu qalaktikasının cırtdan peyk qalaktikası olan Böyük Magellan Buludunda yerləşir və Yerdən təxminən 160 min işıq ili uzaqdadır. Ulduz 1970-ci illərdə kəşf olunub. Onun radiusu Günəşin radiusundan 1500 dəfə çoxdur. 2024-cü ildə o, qalaktikamızdan kənarda detallı şəkildə fotosu çəkilən ilk ulduz olub. Bu, Avropa Cənub Rəsədxanasının “Very Large Telescope” interferometri vasitəsilə mümkün olub. Şəkillərdə ulduzun ətrafında sıx toz örtüyü görünür ki, bu da onun aktiv şəkildə kütlə itirdiyini göstərir.
Yeni tədqiqatın müəllifləri bildirirlər ki, “WOH G64” 2014-cü ildə qırmızı supernəhəng mərhələsindən daha nadir və qeyri-sabit bir vəziyyətə — sarı hipernəhəng mərhələsinə keçib. Onların fikrincə bu, ulduzun xarici qatlarını sürətlə itirdiyini və qısa həyatının son mərhələsinə daxil olduğunu göstərə bilər.
“WOH G64” ulduzunun yaşı 5 milyon ildən az qiymətləndirilir. Müqayisə üçün Günəşin yaşı təxminən 4,6 milyard ildir. Lakin kütləsi böyük olan ulduzlar daha az yaşayır. Onlar termonüvə yanacağını çox sürətlə sərf edir və təkamül mərhələlərini bir neçə milyon il ərzində keçir.
Tədqiqatçılar hesab edirlər ki, “WOH G64” ulduzunun xüsusiyyətlərində baş verən kəskin dəyişiklik onun xarici örtüyünün böyük hissəsini kosmosa atması ilə bağlı ola bilər. Ehtimal olunan səbəblərdən biri digər ulduzla qarşılıqlı təsirdir. Digər nəzəriyyə isə “superkülək” mərhələsi ilə bağlıdır.
Partlayışın dəqiq nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Əgər “WOH G64” yaxın gələcəkdə partlasa bu, Süd yolu qalaktikasından kənarda yerləşən nəhəng ulduzun məhv olmasının nadir müşahidəsi olacaq və alimlərə ən böyük ulduzların təkamülünün son mərhələlərini daha yaxşı anlamağa imkan verəcək.
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO








