"Tesla"da liderlik böhranı: Ard-arda istefalar şirkəti hara aparır?

Satışların zəifləməsi və rəqabətin sərtləşdiyi bazar şəraitində çətinliklərlə üzləşən "Tesla" indi isə daha səssiz, lakin uzunmüddətli təsirləri daha ağır ola biləcək başqa bir böhran yaşayır – yüksək vəzifəli rəhbərlərin ard-arda şirkətdən ayrılması.
Avtosfer.az xəbər verir ki, elektrikli nəqliyyat vasitələri istehsalçısı bu il artıq onuncu rəhbərini itirib. Son olaraq, təxminən doqquz ildir şirkətdə çalışan Piero Landolfi "Tesla"dan ayrıldığını açıqlayıb. O, "LinkedIn" paylaşımında "8 il 9 ayın ardından "Tesla"dan ayrılmaq çətin qərar oldu" deyərək davamlı enerji keçidində birlikdə çalışdığı peşəkar həmkarlarından ayrılmağın asan olmadığını vurğulayıb.
Landolfi şirkətdəki innovativ məhsulların və nəticəyə yönəlmiş iş mədəniyyətinin ayrılığı daha da çətinləşdirdiyini bildirib. O, ayrılma səbəbini "yeni bir macəra axtarışı" kimi izah edib və karyerasına süni intellekt, robot texnologiyaları və avtonom e-ticarət həlləri üzərində çalışan "Nimble" şirkətində əməliyyatlardan məsul baş vitse-prezident kimi davam edəcək.
Qeyd edək ki, bu şirkətdə artıq bir neçə keçmiş "Tesla" əməkdaşı çalışır ki, bu da elektrikli avtomobil sektorundan süni intellekt və robotika sahəsinə kadr axınının artdığını göstərir.
Bu il "Tesla"dan ayrılan digər rəhbərlər belədir:
* Fevral: David Imai
* Aprel: David Lau, Mark Vestfall
* May: Praxant Menon, Vineet Mehta
* İyun: Omead Afşar, Milan Kovac (Optimus Robot Komandası rəhbəri), Jenna Ferrua (İK direktoru)
* İyul: Troi Cones (Şimali Amerika satış, xidmət və çatdırılma üzrə vitse-prezident)
Avqust: Pete Bannon (avadanlıq mühəndisliyi vitse-prezidenti, Dojo superkompüteri)
Pete Bannon və Piero Landolfinin ayrılığı, "Tesla"nın Dojo superkompüter layihəsini dayandırması ilə eyni dövrə təsadüf edib. Atonom idarəetmə (FSD) və "Optimus" insanabənzər robot layihələri üçün süni intellekt neyron şəbəkələrini təlimləndirmə məqsədilə yaradılan bu sistemin, İlon Maskın sözlərinə görə, "evolyusion çıxılmaz nöqtəyə girdiyi" üçün bağlandığı açıqlanıb. Bu, "Nvidia" kimi iri çip istehsalçılarından asılılığı azaltmaq planlarının da təxirə salınması deməkdir.
Qısa müddətdə bu qədər yüksək səviyyəli kadr itkisi, hər bir şirkət üçün ciddi xəbərdarlıq siqnalı hesab olunur. Bu, həm korporativ bilik itkisi, həm də "Tesla"nın gələcək strategiyasına dair qeyri-müəyyənlik yaradır. Bir vaxtlar "Model 3" və "Model Y" ilə elektrikli avtomobil istehsalında inqilabi addımlar atan "Tesla", ən yaxşı mütəxəssislərin işləmək istədiyi cəlbedici şirkət kimi tanınırdı. Lakin son vaxtlar baş verən "beyin axını" bu cazibənin zəiflədiyini göstərir. Əlavə olaraq, İlon Maskın siyasi mövzuda sərt və bəzən bölücü çıxışlarının həm bazara, həm də işçi motivasiyasına mənfi təsir göstərə biləcəyi müzakirə olunur.
ABŞ-da ilin sonunadək qüvvədə olan 7.500 dollarlıq federal vergi güzəşti şirkətə qısamüddətli satış artımı təmin edə bilər. Amma ekspertlər bunun yalnız müvəqqəti təsir göstərəcəyini, əsas problemin isə yüksək səviyyəli mütəxəssisləri şirkətdə saxlamaq olduğunu bildirirlər.(valyuta.az)
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?








