Banner

Sürücülərin diqqətinə! Bakıdakı bu tuneldə diqqətli olun, qəfil üstünüzə… - VİDEO

Öyrənək 24 İyun 2025 18:27 Oxunub 3056
Sürücülərin diqqətinə! Bakıdakı bu tuneldə diqqətli olun, qəfil üstünüzə… - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda yol hərəkəti qaydalarına riayət etməyən sürücülərlə mübarizə ilə yanaşı həm də qanunazidd davranışlar sərgiləyən piyadalarla da mübarizə çox əhəmiyyətlidir. Vaxtaşırı piyadaların keçiddən istifadə etmədikləri üçün qəzaya səbəb olmalarının, səki olduğu halda yolun hərəkət hissəsi ilə irəliləmələrinin şahidi olmuşuq. Bir də məsələnin digər tərəfi var: yolun hərəkət hissəsində ora-bura qaçışan, maşınlardan pul dilənənlər. Bununla əlaqədar, şəhərin bir sıra küçə və prospektlərində istər bu cür dilənən şəxslər barədə, istərsə də piyadanın ona aid olmayan yerdən yolu keçməsi ilə əlaqədar dəfələrlə xəbər dərc etmişik. Yol polisinin və digər aidiyyəti qurumların həyata keçirdiyi maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də şəhərin bəzi sakinləri özlərini təhlükəyə atmağa davam edirlər. Bu hal Bakının Şimal girişində, eləcə də 6-8 zolaqlı digər küçə və prospektlərdə tez-tez yaşanır. yeraltı və yerüstü piyada keçidlərinin normal fəaliyyət göstərməməsi piyadaları avtomobil yolu ilə hərəkətə məcbur edir. Bu da son nəticədə piyada vurma hadisələrinə gətirib çıxarır. Digər tərəfdən yolu keçmək niyyəti belə olmayan, geniş və çoxsaylı hərəkət zolaqları olan yollarda dilənməklə qəza vəziyyəti yaradan şəxslər nəinki özlərinin, hətta başqalarının da həyatını təhlükə altında qoyur.

Avtosfer.az xəbər verir ki, belə halların ən çox yaşandığı ərazi Yasamal və Nəsimi rayonlarıdır. Yasamal rayonunda “20 Yanvar” metrosu yaxınlığındakı tuneldə, demək olar, hər gün günün bütün saatlarında dilənçilərə rast gəlmək olur. Bu şəxslər adətən elə əraziləri seçirlər ki, paytaxtın həmin hissəsində mütləq şəkildə ya sıxlıq yaranır, ya da uzun müddət davam edən tıxac yaşanır. Məhz şəhərin Şimal girişində “20 Yanvar” metrosu yaxınlığındakı tuneldə, eləcə də digər sıxlıq müşahidə olunan yerlərdə tunelin girişində belə şəxslərə rast gəlmək adi hala çevrilib.

Nəsimi rayonu Ziya Bünyadov prospektində, 3-cü mkr bazarının qarşısındakı tunel də artıq dilənçilərin “fəaliyyət məntəqəsi”nə çevrilib. Bu adamlar heç bir piyada zonası olmayan, avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissədə dayanır, maşınların üstünə şığıyıb pul istəyir. Bəlkə də bu şəxsləri kimsə anlayışla qarşılaya bilər, imkansız, şəraitsizdirlər və s. Lakin bir şeyi unutmayaq ki, məhz yolun ortasında belə davranışlar həm sürücüləri, həm də dilənçilərin özlərini təhlükəyə atmaq deməkdir.

Videonu saytımızın sosial şəbəkə hesabına göndərən vətəndaş belə halların qarşısının aidiyyəti qurumlar tərəfindən alınmasını xahiş edib. Mütəxəssislərin fikrincə, dilənçilərin avtomobil yollarından kənarlaşdırılması, bu halların qarşısının alınması məsələsi yalnız vətəndaş cəmiyyəti yüksək səviyyədə inkişaf edən dövlətlərdə həll olunub. Həmin ölkələrin vətəndaşları bu hallarla rastlaşdıqları zaman polisə xəbər verir, əraziyə yaxınlaşan patrul əməkdaşları avtomobillərin hərəkət zonasında dilənən şəxsləri oradan uzaqlaşdırır. Digər bir fikir isə ondan ibarətdir ki, ərazinin belə şəxslərin dilənmə məkanına çevrilməsi səbəbilə yol-patrul xidməti əməkdaşlarının vaxtaşırı nəzarəti nəticəsində bu faktların qarşısı alına bilər.

Məsələ ilə əlaqədar qəzalar əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında deyib ki, şəhərdəki tunellər bütün əlamətlərinə görə özlüyündə təhlükə daşıyır:

“Əfsus ki, sürücülərin bəziləri tunellərdə və körplərdə olan təhlükələri əvvəlcədən hiss edə bilmirlər. Birincisi, tunellərdən başlayaq. Tunellərdə “qara divar sindromu” adında bir element var. Bu element  tunellərin girişində olur. Belə ki, sürücülər əgər fikir veriblərsə, günəşli havalarda, hətta tuneldə işıq yanırsa belə, tunelin girişində “qara divar” yananır. İçəri tamamilə görünmür və sürücülərin bəziləri sürəti qətiyyən azaltmadan o tunelə girirlər və bu zaman o tunelin içində həmin tuneli təmir edən ustalar ola bilər, oranı süpürən süpürgəçilər ola bilər və təsadüfən piyadalar da ola bilər. Belə hadisələr dəfələrlə baş verib. Ona görə sürücülər tunelə girəndə “qara-divar sindromu”nu nəzərə almalıdırlar və sürəti azaltmalıdırlar. Tunellərdə hansı zolağı tutmaq daha məsləhətdir mövzusuna gəlincə isə, əlbəttə sağ zolağı tutmaq məsləhətdir. İş orasındadır ki, bəzi sürücülər tunellərdə sürət ölçən radarların olmamağınıdan sui-istifadə edir və yüksək sürətlə sürməyə üstünlük verirlər. Əgər siz sol zolaqda hərəkət edəcəksinizsə, arxadan gələn avtomobillər sizinlə müqayisədə daha da yüksək sürətlə gələcəklər və sizə işıq yandıracaqlar, sizin onlara mane olduğunuzu bildirəcəklər.

Aqil Rəhimov qeyd edib ki, belə vəziyyətdə sürücülərin çıxış yolu kimi iki variant var:

“Ya yenə də zolağı sağa dəyişməlisiz, bu təhükəlidir, çünki siz sürətli hərəkət etmiş olursuz, ya da sürəti artırmalısınız. Ona görə əvvəlcədən tunellərdə sağ zolağı tutmaq daha məsləhətlidir. Tunellərlə bağlı daha bir vacib məsələ isə sürücülərin daim diqqətindən yayınır. Mütləq şəkildə qeyd etmək lazımdır ki, tunellərdə avtomobillə ötmə əməliyyatı həyata keçirmək qadağandır. Sürücülər tunellərdəki qaranlıq vəziyyətdən, yaxud ümumiyyətlə kameraların olmamasında istifadə edir və tuneldə olarkən manevr edirlər. Qeyd etmək istərdim ki, bu olduqca təhlükəli davranışdır və sürücülər nəzərə almalıdır ki, tunellərdə ötmə əməliyyatı həyata keçirmək, zolaq dəyişmək, yaxud hansısa manevr etmək qanunla qadağandır. Bunu sürücü həm də ona görə etməməlidir ki, belə hərəkətlər özündə qəza riski daşıyır və nəqliyyat vasitəsi idarəçiləri belə səhvlərə yol verərək canlarından ola bilərlər.

Eləcə də körpülərdə. Paytaxtda iki zolaqlı körpülər var və o körpülərdə hətta təcrübəli sürücülər sağ zolağı tutsalar daha yaxşı olar. Qayda pozmaq istəyəməyən təcrübəli sürücülər adətən sağ zolağı tuturlar. Niyə? Yenə də arxadan gələn sürücülər yoldakı sürət limiti 60, 70 kilometr-saat olduğu halda, sürət həddini aşıb 90, 100, 110 kilometr-saatla sol zolaqla hərəkətlərini davam etdirirlər və onlar qarşıdakı sürücünü çaşdırırlar. Hamısından yaxşısı körpülərdə sağ zolağı tutmaqdır, bu isə daha təhlükəsizdir”.

Mütəxəssis sonda onu da qeyd edib ki, tunellərə yaxınlaşan sürücülər mütləq şəkildə idarə etdikləri nəqliyyat vasitəsinin sürətinə, eləcə də digər avtomobillərlə ara məsafəsinə diqqət etməlidirlər. Çünki öndəki maşının qarşısına çıxan istənilən obyekt, piyada sürücünün qəfil əyləc pedalına basması ilə nəticələnəcək və qəza qaçılmaz olacaq.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Səfər Əlizadə

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh