Banner

Azərbaycanda yol tikintisinə yeni yanaşma lazımdır: Britaniya TƏCRÜBƏSİ

Öyrənək 19 Noyabr 2026 11:00
Azərbaycanda yol tikintisinə yeni yanaşma lazımdır: Britaniya TƏCRÜBƏSİ
WhatsApp kanalımıza abunə olun

Yol infrastrukturu layihələrinin keyfiyyəti yalnız tikintidə istifadə olunan materiallardan və ya layihələndirmə sənədlərindən asılı deyil. Bu prosesdə düzgün idarəetmə, maraqlı tərəflərin iştirakı, məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi və texniki nəzarət də mühüm rol oynayır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Böyük Britaniyanın "Design Manual for Roads and Bridges" (DMRB) yanaşmasını nümunə göstərərək yol infrastrukturu layihələrinin idarə edilməsində sistemli yanaşmanın əhəmiyyətinə diqqət çəkib.

Ekspertin sözlərinə görə, DMRB yol infrastrukturunun layihələndirilməsi, tikintisi, istismarı və saxlanılması üzrə texniki tələbləri müəyyən edən çərçivədir. Bu yanaşma həmçinin layihə iştirakçılarının funksiyalarının, məsuliyyətlərinin və qərarvermə mexanizmlərinin sistemli şəkildə qurulmasına imkan yaradır.

Yol layihələrində sifarişçi və dövlət qurumları, layihəçilər, mühəndis-məsləhətçilər, tikinti şirkətləri, texniki nəzarət və müstəqil audit qurumları, kommunal xidmət operatorları, yerli icmalar və yol istifadəçiləri əsas maraqlı tərəflər hesab olunur.

Onun fikrincə, bu iştirakçıların hər birinin üzərinə düşən vəzifələr əvvəlcədən müəyyənləşdirilməlidir. Sifarişçi və dövlət qurumları layihənin məqsədlərini, maliyyələşməni və texniki tapşırığı formalaşdırmalı, layihəçilər mühəndislik həllərinin və təhlükəsizlik tələblərinin təmin edilməsinə, tikinti şirkətləri isə işlərin təsdiqlənmiş layihəyə uyğun icrasına cavabdeh olmalıdırlar.

Texniki nəzarət və müstəqil audit qurumları görülən işlərin keyfiyyətini yoxlamalı, kommunal xidmət operatorları mövcud kommunikasiya xətlərinin qorunmasını təmin etməlidirlər. Yerli icmaların və yol istifadəçilərinin rəyləri isə əlçatanlıq, təhlükəsizlik və ekoloji təsirlərin qiymətləndirilməsi baxımından nəzərə alınmalıdır.

Ekspertin diqqət çəkdiyi əsas məqamlardan biri maraqlı tərəflərin iştirakının yalnız layihənin təsdiqi mərhələsi ilə məhdudlaşmamasıdır. Onlar ilkin araşdırmalardan və texniki tapşırığın hazırlanmasından başlayaraq layihələndirmə, tikinti, istismara qəbul və sonrakı monitorinq proseslərində də iştirak etməlidirlər.

Bu təcrübə Azərbaycan üçün də əhəmiyyətlidir. Yol infrastrukturu layihələrində yalnız tikintinin müddətinə və ayrılan büdcəyə diqqət yetirmək kifayət deyil. Layihənin bütün həyat dövrü ərzində məsuliyyət bölgüsü, risklərin idarə olunması, maraqlı tərəflərlə kommunikasiya və texniki standartların yenilənməsi vahid sistem çərçivəsində həyata keçirilməlidir.

Ekspert bu istiqamətdə bir sıra mexanizmlərin tətbiqini vacib sayır. Bunlara hər layihə üzrə məsul tərəflərin və qərarvermə səlahiyyətlərinin əvvəlcədən müəyyənləşdirilməsi, maraqlı tərəflərin bütün mərhələlərə cəlb olunması, köhnəlmiş texniki normaların müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında yenilənməsi daxildir.

Bununla yanaşı, mühəndis və texniki mütəxəssislərin davamlı təlimlərə, beynəlxalq konfranslara və peşəkar mübadilə proqramlarına cəlb edilməsi, tikinti başa çatdıqdan sonra isə təhlükəsizlik göstəricilərinin və istismar keyfiyyətinin mütəmadi monitorinqi də mühüm əhəmiyyət daşıyır.

Rauf Ağamirzəyevin fikrincə, keyfiyyətli yol anlayışı yalnız asfaltın və betonun keyfiyyəti ilə ölçülməməlidir. Bunun arxasında düzgün idarəetmə, peşəkar mühəndislik, aydın məsuliyyət bölgüsü və bütün maraqlı tərəflərin koordinasiyalı fəaliyyəti dayanmalıdır.

Azərbaycanda yol infrastrukturu layihələrinin idarə edilməsində DMRB kimi sistemli yanaşmaların öyrənilməsi və yerli şəraitə uyğun tətbiqi layihələrin keyfiyyətinin, təhlükəsizliyinin və uzunmüddətli səmərəliliyinin artırılmasına töhfə verə bilər.

Eltac Zülfüqaroğlu

Oxunub : 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh