99 illik icarə torpaqları ilə bağlı mühüm FAKT: Onların taleyi necə OLACAQ?

99 illik torpaq icarəsi ilə çıxarış almaq mümkündürmü?
Torpaq sahəsi ilə bağlı sənədi olan, lakin həmin sənəd əsasında mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmək istəyən vətəndaşların qarşılaşdığı əsas suallardan biri icarə hüququ ilə mülkiyyət hüququ arasındakı fərqlə bağlıdır. Xüsusilə torpaq sahəsi 99 illik müddətə icarəyə verilibsə, vətəndaş həmin sənədə əsasən öz adına çıxarış ala bilərmi?
Mövzu ilə bağlı açıqlamasında vəkil Vəfadar Piriyev bildirib ki, torpaq sahəsi ilə bağlı icarə müqaviləsi olan şəxs ilk növbədə həmin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət edə bilər.
Onun sözlərinə görə, 99 illik icarə müddətinin olması torpaq sahəsinə avtomatik olaraq mülkiyyət hüququ yaratmır.
“Əgər sizin torpaq sahəsi ilə bağlı icarə müqaviləniz varsa, siz yalnız daşınmaz əmlakın dövlət reyestrində icarə hüququnun qeydiyyatı ilə bağlı müraciət edə bilərsiniz. İcarə hüququ sırf istifadəni ifadə edən hüquqdur. Bu hüquq torpaqdan müəyyən müddət ərzində istifadə etmək imkanı verir, lakin avtomatik şəkildə mülkiyyət hüququ yaratmır. 99 illik icarə müqaviləsinin olması da həmin torpağın 99 il müddətinə vətəndaşın mülkiyyətinə verilməsi demək deyil”, – deyə vəkil bildirib.
Vəfadar Piriyev qeyd edib ki, torpağın gələcəkdə mülkiyyətə keçirilməsi məsələsi onun hüquqi statusundan, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olmasından asılıdır.
Əgər torpaq dövlət mülkiyyətindədirsə, qanunvericilikdə nəzərdə tutulan hallarda vətəndaş həmin torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı aidiyyəti inzibati orqana müraciət edə bilər. Bu zaman torpağın hüquqi statusu, təyinatı və digər şərtlər araşdırılır.
“Əgər torpaq dövlət mülkiyyətindədirsə, qanunvericiliyin tələblərinə uyğun olaraq onun mülkiyyətə verilməsi ilə bağlı müraciət etmək mümkündür. Müvafiq qurum tərəfindən torpağın dəyəri müəyyən edilə bilər. Bu qiymət qanunvericilikdə nəzərdə tutulan qaydada hesablanır və müəyyən edilmiş ödəniş həyata keçirildikdən sonra torpağın mülkiyyətə verilməsi məsələsinə baxıla bilər. Lakin bu, bütün dövlət torpaqlarına avtomatik tətbiq edilən qayda deyil. Torpağın statusu və təyinatı burada əsas məsələlərdəndir”, – deyə vəkil vurğulayıb.
Onun sözlərinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlarla bağlı da ayrıca prosedurlar mövcuddur.
Bələdiyyə fonduna aid torpaq sahəsinin istifadəsində olan şəxsin müəyyən hallarda həmin torpağın mülkiyyətə verilməsi üçün müraciət etmək imkanı ola bilər. Lakin burada da yalnız uzun müddət torpaqdan istifadə etmək faktı avtomatik olaraq mülkiyyət hüququ yaratmır.
“Əgər torpaq bələdiyyə mülkiyyətindədirsə, həmin torpağın mülkiyyətə verilməsi məsələsinə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır. Vətəndaşın torpaq sahəsindən uzun müddət, o cümlədən beş ildən artıq istifadə etməsi müəyyən hallarda hüquqi əhəmiyyət daşıya bilər. Lakin bu müddətin keçməsi öz-özlüyündə torpağın avtomatik olaraq həmin şəxsin adına keçirilməsi demək deyil. Torpağın statusu, istifadəçinin hüquqi vəziyyəti və digər şərtlər ayrıca qiymətləndirilməlidir”, – deyə Vəfadar Piriyev bildirib.
Vəkil həmçinin qeyd edib ki, vətəndaşın evə dair sənədinin və ya çıxarışının olması həmin evin yerləşdiyi torpaq sahəsinə də avtomatik olaraq mülkiyyət hüququnun yaranması demək deyil.
Tikili ilə onun yerləşdiyi torpaq sahəsinin hüquqi statusu ayrı-ayrılıqda müəyyənləşdirilə bilər. Buna görə də vətəndaş torpaqla bağlı sənədlərini ayrıca qaydada yoxlatdırmalı, torpaq sahəsinin kimə məxsus olduğunu və həmin ərazidən istifadə hüququnun hansı sənədə əsaslandığını dəqiqləşdirməlidir.
“Vətəndaşın əlində 99 illik icarə müqaviləsi varsa, ilk növbədə həmin müqavilənin hüquqi statusu müəyyənləşdirilməlidir. İcarə hüququnun dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı yoxlanılmalıdır. Daha sonra torpağın dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilməlidir. Yalnız bundan sonra həmin torpaq sahəsinin gələcəkdə mülkiyyətə keçirilməsinin mümkün olub-olmadığı barədə hüquqi qiymət vermək olar”, – deyə vəkil əlavə edib.
Vəfadar Piriyev sonda vurğulayıb ki, “99 illik icarə” ifadəsi vətəndaşlarda yanlış təsəvvür yaratmamalıdır.
İcarə müddətinin uzun olması mülkiyyət hüququnun avtomatik yaranması anlamına gəlmir. Mülkiyyət hüququnun əldə edilməsi üçün ayrıca qanuni əsas və müvafiq prosedur tələb olunur. Buna görə də belə torpaq sahəsinə sahib olan vətəndaşlar ilk növbədə mövcud sənədlərin hüquqi qüvvəsini, torpağın statusunu və mülkiyyətə keçirilmə imkanını müəyyənləşdirməli, daha sonra aidiyyəti qurumlara müraciət etməlidirlər./oxu24.com
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq












