"Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası ədəbi dilimiz üçün nə vəd edir? – PROFESSOR AÇIQLADI

Azərbaycan ədəbi dilinin inkişafı və onun mədəniyyətdəki rolunun gücləndirilməsi daim əsas məsələlərdən biri olub. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası bunun sübutudur. Sənəddə Azərbaycan dilinin rolunun artırılması, onun inkişafı və rəqəmsal mühitdə daha geniş istifadəsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
.jpg)
Bununla bağlı Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Avtosfer.az-a müsahibəsində deyib ki, Azərbaycan dilinin inkişaf etdirilməsinin və dirçəldilməsinin yollarından biri də dildə mövcud olan parazit sözlərin, lazımsız ifadələrin, alınma əcnəbi sözlərin və barbarizmlərin təmizlənərək dildən çıxarılmasıdır.
“Bu mövzuya Ulu Öndər Heydər Əliyevin çıxışlarından başlamaq lazımdır. O, vaxtilə qeyd edirdi ki, biz azərbaycanlıyıq, BMT-nin ərazisində də bu torpaq Azərbaycan ərazisi kimi tanınır və xalqın adı azərbaycanlı kimi qeyd olunur. Cənab Prezident İlham Əliyev də çıxışlarında bildirib ki, bu məsələ bir neçə günün söhbəti deyil. Bu cür proseslər damla-damla yığılaraq gələcəkdə böyük fəsadlar verə bilər. Ona görə də hələ gec olmadan bunun qarşısı alınmalıdır. Prezidentin qısa müddət ərzində üç ay ərzində iki dəfə bu mövzuya toxunması təsadüfi deyil. Bu onu göstərir ki, dil sahəsində ciddi proseslər gedir. Son vaxtlar ictimai şüurumuza təsir edən televiziya və radio çıxışlarında, eləcə də qəzetlərdə lazım olub-olmadığından asılı olmayaraq, çoxlu alınma sözlərdən istifadə olunur. Əgər bu halların qarşısı indidən alınmasa, gələcəkdə Azərbaycan dilinə ciddi ziyan vura bilər. Bu məsələdə ən böyük məsuliyyət publisistikanın üzərinə düşür. Çünki məhz publisistika ictimai fikrə daha tez və daha güclü təsir göstərir. Artıq bu problemə ciddi yanaşmaq və Azərbaycan dilinin saflığının qorunması istiqamətində konkret addımlar atmaq zəruridir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva bildirib ki, sənəddəki ən müxtəlif çağırışlar və təşviqlə bağlı fəaliyyət istiqamətləri xüsusi diqqət çəkir:
“İmzalanan mədəniyyət konsepsiyası əslində bir çox sahəni əhatə edir. İlk növbədə mədəniyyətimizdə dilimizin, ədəbiyyatımızın və müxtəlif konsepsiyaların öz əksini tapması, qorunması, tariximizə nüfuz edilməsi kimi məsələlər hamımızı düşündürən və ziyalıları, mədəniyyət xadimlərini, dil və ədəbiyyat nümayəndələrini ürəkdən sevindirən son dərəcə aktual mövzulardır. Cənab Prezidentin imzaladığı konsepsiya bir neçə cəhətdən aktualdır. Ölkə başçısı İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışında və 5 yanvar tarixində yerli televiziyalara verdiyi müsahibəsində də vurğulandığı kimi, Azərbaycan dili 50 milyondan artıq azərbaycanlının dilidir və onun beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, həftəsonu məktəblərinin gücləndirilməsi, Azərbaycan dilində dərsliklərin, platformaların yaradılması, eləcə də onlayn tədrisin təşkili vacib hesab olunur. Son dövrlərdə bu istiqamətdə atılan addımların həm iştirakçısı, həm də şahidi olmuşuq. Azərbaycan dilinin öyrənilməsi üçün yaradılan tədris vəsaitləri, eləcə də Azərbaycan dili platformasının istifadəyə verilməsi dilimizin beynəlxalq nüfuzunun artırılmasına mühüm töhfədir. Xüsusilə, hörmətli Alyona Əliyevanın rəhbərliyi ilə icra olunan “Azərbaycan dili” platforması böyük ehtiramla qarşılanıb. Hesab edirik ki, bu platforma həm Azərbaycan dilini öyrənmək istəyənlər, həm də Azərbaycan vətəndaşları üçün mühüm rol oynayacaq. Azərbaycan dilində hazırlanmış tədris vəsaitlərinin xaricdə, həftəsonu məktəblərində əyani material kimi istifadəsi də dilimizin təbliğində əhəmiyyətli rol oynayacaq”.
Sevinc Əliyevanın sözlərinə görə, imzalanan konsepsiyada Azərbaycan dilinin inkişafı üçün konkret və sistemli tədbirlər bənd-bənd göstərilib. Buraya Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi, ədəbi dilin inkişafı, yeni əsərlərin və lüğətlərin hazırlanması daxildir:
“Ədəbi dilin funksionallığının artırılması, Azərbaycan dilinin tarixi, məzmunu və mədəniyyətdəki rolu ilə bağlı elmi araşdırmaların genişləndirilməsi də prioritetlər sırasındadır. Eyni zamanda, ictimai yerlərdə, mediada və rəqəmsal məhsullarda Azərbaycan dilinin düzgün tətbiqi, dil normalarının təkmilləşdirilməsi və onlara əməl olunması, dilin lüğət ehtiyatının zənginləşdirilməsi xüsusi vurğulanır. Dialektlərin tədqiqi də Azərbaycan dilinin lüğət tərkibinin zənginləşdirilməsi baxımından vacib hesab olunur. Konsepsiyada Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş orfoqrafiya və orfoepiya normaları əsasında müxtəlif lüğətlərin hazırlanması, izahlı lüğətlərin, eləcə də məktəblilər üçün xüsusi lüğətlərin tərtib olunması nəzərdə tutulur. Bütün bunlar Azərbaycan dilinin düzgün tətbiqinə, qorunmasına və saflığının saxlanmasına xidmət edir. Bu tədbirlər Azərbaycan ədəbi dilinin formalaşması və inkişafı üçün zəngin mənbə rolunu oynayacaq. Bu gün mədəniyyətdə Azərbaycan dilinin düzgün tətbiqi son dərəcə vacibdir. İstər cizgi filmlərində, dərsliklərdə, serial və filmlərdə, dublajlarda, istərsə də elmi və bədii ədəbiyyatda dilin zəngin söz ehtiyatından və qrammatik qaydalarından düzgün istifadə olunması dilimizin qorunmasına xidmət edir. Gündəlik həyatımızda Azərbaycan ədəbi dilindən düzgün istifadə mədəniyyətdən, xüsusilə televiziya verilişlərindən və mediadan başlayır. Bu sahədə medianın rolu xüsusilə böyükdür. Hesab edirik ki, Prezident tərəfindən imzalanan mədəniyyət konsepsiyası Azərbaycan dilinin düzgün tətbiqi üçün möhkəm zəmin yaradır və bu sənədin həyata keçirilməsi dilimizin saflığının qorunmasına, ədəbi dilin inkişafına mühüm töhfə verəcək”.
Nurcan Babək
Gənclərin qurumlarda könüllü fəaliyyətinin arxa fonunda nə dayanır? – EKSPERT RƏYİ
Bakıda su altında qalan qəsəbə - Sakinlər əziyyət çəkir - VİDEO
Şəhərsalma kanalizasiyadan başlayır - Bakı selə qarşı mübarizəyə başlayır
Regionlar distant təhsilə hazırdırmı? - Təhsil eksperti riskləri açıqladı
Uşaqların himayəyə verilməsi prosesində ailələr necə seçilir? – RƏSMİ AÇIQLAMA
Bakıda böyük söküntü başlayır - BU EVLƏR PLANA DÜŞDÜ
Geyim və avtomobil alıcıları üçün vacib məqamlar - İkinci əl bazarında risklər var
Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb - Hesablama Palatası
Binalarda pul yığımına nəzarət gəlir - "Komendant pulu" ləğv olunur
Xəbəri olmadan qaz sayğacı dəyişdirildi, 1500 manat borc yazıldı - ŞİKAYƏT - VİDEO
Şadlıq evlərində hansı yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir? – EKSPERT AÇIQLADI











