Azərbaycanda minimum əməkhaqqı artırıla bilər - Bu qədər olacaq...

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Xüsusilə, bu göstəricinin orta aylıq əməkhaqqına nisbətinin beynəlxalq praktikaya uyğun olaraq 55–60 faizə çatdırılması ilə bağlı müzakirələr genişlənir.
Bəs minimum əməkhaqqının artırılması real gəlirləri nə dərəcədə yüksəldəcək və bu proses iqtisadiyyata hansı təsirləri verə bilər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manat, orta aylıq əməkhaqqı isə təxminən 1100 manat səviyyəsindədir.
“Minimum əməkhaqqının orta maaşa nisbətinin 55–60 faiz olması beynəlxalq praktikada geniş yayılıb və bu göstəriciyə çatmaq aşağı gəlirli vətəndaşların maddi vəziyyətini yaxşılaşdıra bilər. Minimum əməkhaqqının artırılması eyni zamanda gəlirlərin şəffaflaşmasına da təkan verəcək. Belə ki, bəzi hallarda işçilərə faktiki olaraq daha yüksək maaş ödənilsə də, bunun yalnız bir hissəsi rəsmi şəkildə göstərilir. Bu isə həm vergi itkisinə, həm də işçinin sosial təminat hüquqlarının zəifləməsinə səbəb olur. Hazırda elə hallar var ki, işçiyə 700–800 manat maaş verilir, lakin bunun yalnız 400 manatı rəsmiləşdirilir. Minimum əməkhaqqı artırıldıqda bu fərq aradan qalxa və gəlirlər daha şəffaf şəkildə rəsmiləşdiriləcək. Amma əməkhaqqıları tam şəffaf olmadığı üçün bəzi hallarda artım işçinin real gəlirinə birbaşa təsir etməyə də bilər. Bəzi işçilər üçün minimum əməkhaqqının artırılması vergi yükünü də çoxaldacaq. Məsələn, 600 manat gəlirin bir hissəsi qeyri-rəsmi ödənildikdə həmin məbləğdən vergi tutulmur, lakin tam rəsmiləşdirmə zamanı bütün məbləğ vergiyə cəlb olunur”.
Xalid Kərimli hesab edir ki, minimum əməkhaqqının artırılması sosial rifaha müsbət təsir göstərsə də, bu proses ehtiyatla və mərhələli şəkildə həyata keçirilməlidir.
“Bu, yalnız dövlətin deyil, həm də özəl sektorun imkanlarından asılıdır. Özəl sektorun maliyyə imkanları məhduddur. Əgər minimum əməkhaqqı kəskin artırılarsa, bəzi şirkətlər işçiləri ixtisar edəcək. Minimum əməkhaqqının sürətli artımı inflyasiyaya da təsir göstərə bilər. Bu səbəbdən hökumət daha çox tədrici artım siyasətinə üstünlük verir”.
Onun fikrincə, minimum əməkhaqqının orta maaşın 55–60 faizinə çatdırılması yalnız iqtisadi inkişaf fonunda mümkündür:
“Qeyri-neft sektorunun genişlənməsi, ixracın artması və yeni iş yerlərinin yaradılması nəticəsində əmək bazarında işçi qüvvəsinə tələbat yüksələcək. Bu halda əməkhaqlarının təbii artımı baş verəcək ki, bu da daha dayanıqlı modeldir”.
Beləliklə, ekspertin qənaətinə görə, minimum əməkhaqqının artırılması sosial rifahın yaxşılaşmasına töhfə versə də, bu addımın iqtisadi reallıqlara uyğun və mərhələli şəkildə atılması vacibdir.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ











