Bakıda dəyişkən iş qrafikina keçid necə tənzimlənə bilər? – Deputat AÇIQLADI

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, paytaxtda iş saatlarının fərqli vaxtlara bölünməsi ilə bağlı təkliflər müzakirə olunur.
Mövzu ilə bağlı əmək məsələləri üzrə ekspert Sahib Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, bakı şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqram çərçivəsində onlarla tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən biri də iş yerlərində iş qrafiklərinin optimallaşdırılmasıdır:
.jpg)
"Nəzərdə tutulan tədbirlər arasında həyata keçirilməsi ən çətin olanlardan biri məhz budur. Çünki Bakıda iri sənaye müəssisələrinin sayı çox deyil. Mövcud olan müəssisələr, məsələn, neftayırma zavodu kimi obyektlər növbəli iş rejimi ilə fəaliyyət göstərir və onların iş qrafikini dəyişdirmək mümkün deyil. Bu baxımdan, iş qrafikində dəyişiklik edilməli olan yerlər dövlət müəssisələridir. Yəqin ki, bununla bağlı müəyyən təkliflər hazırlanaraq təqdim olunacaq. Özəl sektorda isə vəziyyət fərqlidir. Burada on minlərlə kiçik müəssisə fəaliyyət göstərir və onların əksəriyyətində 5–10 nəfər çalışır. Bunlar əsasən ticarət və xidmət sahələridir. Həyati əhəmiyyət daşıyan bir çox sahələrdə də iş qrafikinin dəyişdirilməsi real görünmür. Ona görə də qrafikin dəyişdirilməsi mümkün olan müəssisələrdə ediləcək dəyişikliklər ümumi nəqliyyat yükünün azalmasına ciddi təsir göstərməyəcək".
Ekspert qeyd edib ki, əsas problem isə təhsil sahəsi ilə bağlıdır.
“Məlum olduğu kimi, məktəblərin qarşısında hər gün valideynlərin şəxsi avtomobillərlə uşaqları gətirib-aparması səbəbindən uzun tıxaclar yaranır. Bu istiqamətdə daha ciddi tədbirlərin görülməsinə ehtiyac var. Lakin hələlik bu sahədə konkret addımlar görünmür və yaxın gələcəkdə də ciddi dəyişikliklər gözlənilmir. Təhsil müəssisələrinin köçürülməsi məsələsi isə sadəcə bir binanın sökülüb başqa yerdə yenidən tikilməsi demək deyil. Məktəblərin pedaqoji heyəti, müəllim kollektivi və formalaşmış infrastrukturu var. Buna görə də onların köçürülməsi olduqca mürəkkəb prosesdir. Digər tərəfdən, proqram çərçivəsində nəzərdə tutulan keçidlərin, yolların və digər nəqliyyat layihələrinin həyata keçirilməsi müəyyən müsbət nəticələr verə bilər. Bu layihələrə əlavə düzəlişlər və təkmilləşdirmələr edilsə, onların nəqliyyat sıxlığının azaldılmasına müəyyən qədər kömək göstərəcəyi mümkündür”.
Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, Bakıda dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı belə bir qərarın qəbul olunması gözlənilir. Bu məsələ ilə bağlı ciddi araşdırmaların aparılmasına ehtiyac var. Xüsusilə təhsil müəssisələri və çoxsaylı işçinin çalışdığı müəssisələr üzrə hansı saatlarda fəaliyyətin başlaması və başa çatmasının daha məqsədəuyğun olacağı müəyyən edilməlidir:

"Eyni ərazidə yerləşən təhsil müəssisələri və iş yerləri üçün fərqli iş saatlarının tətbiqi nəzərdən keçirilə bilər. Məqsəd Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və avtomobil hərəkətinin daha səmərəli təşkil edilməsidir. Bu yanaşma dünyanın bir çox ölkəsində tətbiq olunur və uzun müddətdir ki, Bakıda da ictimai müzakirə mövzusu olaraq qalır. Bununla bağlı müəyyən təcrübə də mövcuddur. COP29 tədbiri zamanı Bakıda bəzi təhsil müəssisələri və digər qurumlarda dəyişkən iş qrafiki tətbiq edilmişdi və bu, müsbət nəticələr vermişdi”.
Deputatın fikrincə, bu prosesə özəl sektorun da cəlb olunması vacibdir.
“Çünki şəhərdə fəaliyyət göstərən çoxsaylı özəl müəssisələrdə çalışanların əhəmiyyətli hissəsi şəxsi avtomobillərdən istifadə edir. Buna görə də dəyişkən iş qrafikinin yalnız dövlət qurumlarında deyil, özəl sektorda da tətbiqi məqsədəuyğun olar. Bir daha vurğulamaq istəyirəm ki, qərar qəbul edilməzdən əvvəl şəhərin ayrı-ayrı rayonları və nəqliyyat sıxlığının daha çox müşahidə olunduğu ərazilər üzrə araşdırmalar aparılmalıdır. Həmin bölgələrdə yerləşən təhsil müəssisələri, dövlət və özəl qurumlar üçün mərhələli və dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat yükünün azalmasına müsbət təsir göstərə bilər.
Araşdırmaların nəticələrinə əsaslanaraq veriləcək qərar həm əhəmiyyətli, həm də şəhərin nəqliyyat problemlərinin həlli baxımından olduqca vacib ola bilər”.
Fatimə Dadaşova
Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir
İş saatlarının dəyişdiriləcəyi ilk qurumlar
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AÇIQLAMA
İntensiv yağış yağacaq, dolu düşəcək – SABAHIN HAVASI
Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - RƏSMƏN AÇIQLANDI
Halı pisləşən uşaq niyə müayinə edilməyib? - Həkimlərə xəbərdarlıq - VİDEO
“Nə qanundan, nə də narazılıqdan çəkinirlər” - Xəzər sahilində daha bir hasarlama - VİDEO
Bu tarixdə qısa iş günü olacaq
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Bakıda inqilabi dəyişikliyə HAZIRLIQ GEDİR – Görünməmiş yenilik olacaq
Daşkəsəndə sel suları ciddi fəsadlara səbəb olub, yol çöküb - VİDEO










